Qarabağ qaziləri İlqar Abbasovdan gileylidir
Tarix: 1-05-2015, 10:47 | Çap et
Qarabağ qaziləri İlqar Abbasovdan gileylidir
Paytaxtın Suraxanı rayonunda Qarabağ əlilləri yenə də sıxışdırılırlar. Bu barədə redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda xəbər verilir. Qeyd etmək lazımdır ki, Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyəti artıq uzun müddətdir ki, bu kimi münaqişələr və Qarabağ qazilərinə qarşı törədilən hüquq pozuntuları ilə müşahidə olunmaqdadır. Hələ bir müddət əvvəlm aldığımız başqa bir məlumatda şikayətçilər bildirmişdilər ki, Suraxanı RİH başçısı İlqar Abbasov Yeni Günəşli qəsəbəsində, düz əlillər binasının qarşısında, beş nəfər birinci qrup Qarabağ əlilinin işlətdiyi avtoyuma (moyka) obyektinin yanında dörd mərtəbəli obyekt tikdirir və bu obyektin də altında məhz avtoyuma qarajının olması nəzərdə tutulub. Halbuki birinci qrup əlillər var ki, neçə illərdir ki, icra hakimiyyətinə gedib-gəlirlər, lakin 6 kvadrat metrlik yeri ala bilmirlər. Lakin qazilərin rayon rəhbərliyindən şikayətçi düşmələrinə səbəb əslində heç də bu tikinti olmamışdı. Artıq qeyd olunduğu kimi 1997-ci ildə Bakı Şəhər İcra Hakimiyəəti tərəfindən Qarabağ Əlillər Cəmiyyəti Suraxanı rayon şöbəsinə, təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti fəaliyyəti dayandırdıqdan sonra, onun hüqüqi varisi – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, ayrılan torpaq sahəsində təsərrüfat işləri apara bilmədiyindən həmin ərazi idarə heyətinin qərarı ilə 186 nəfər Qarabağ Müharibəsi əlilləri arasında fərdi mənzil tikintis üçün bərabər bölünmüşdür. Lakin sonradan məlum olub ki, bu torpaq sahəsinə dair Suraxanı RİH rəhbərliyinin fərqli planları mövcuddur. Buna görə də İlqar Abbasov tərəfindən əlillərin bu torpaq sahəsində tikinti işləri aparmalarına icazə verilmir. Yeni aldığımız digər bir şikayət məktubunda da üç nəfər Qarabağ qazisi Suraxanı RİH-nin rəhbərliyinə qarşı növbəti iradlarını bildirirlər. Qazilər iddia edirlər ki, onlar üçün nəzərdə tutulmuş binanın yaxınlığında uzun illərdən bəri kiçik obyektlərdə işləyərək özlərinin və ailələrinin dolanışığını təmin edirdilərsə, bu gün artıq bum imkanlar da onların əllərindən alınır. Məktubda deyilir: “Hörmətli redaksiya, bizim yaşadığımız Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində Qarabağ əlilləri üçün nəzərdə tutulmuş binanın yaxınlığında yerləşən obyektdə illərlə işləyərək özümüzü bir təhər dolandırmışıq. Bildirmək istəyirəm ki, özümüz də əlil arabasında, çətin və çox ağır həyat tərzi keçiririk. Son zamanlar həmin ərazini təmizləyib orada bina tikməyə başlayıblar. Artıq ərazini hasarlayırlar, əlbətdə ki, biz orada gözəl bir parkın olmasını istərdik. Lakin bunlar öz bildiklərini yəqinki həyata keçirəcəklər. Bütün bunlara baxmayaraq bizə qarşı çox hörmətsiz, ədalətsiz yanaşırlar, bizim obyektimizi də hasarın içinə salmağa başlayıblar. Burda iş icraçılarına müraciət edirik. Bizə deyirlər ki, bu tikilən binanın yuxarıdan dəstəkləndiyi nəzərdə tutulur. Sizin bunlara gücünüz çatmaz. Bunlar hətta öz maxinasiyalarında ölkə rəhbərliyinin də adını hallandırmaqdan çəkinmirlər. Əlbətdə ki, biz buna inana bilmərik. Sadəcə biz cənab prezidentin Qarabağ əlillərinə qayğısını görürük və hər zaman hiss edirik. Yazıb sizdən xahiş edirik ki, bu yazını qəzetinizdə dərc edəsiniz.

Hörmətlə Qarabağ müharibəsi əlilləri: Bəşirov Əfqan, Əliyev Məhərrəm, Paşayev Loğman ”.

Vertikal.az-dan: Göründüyü kimi əlavə şərhə ehtiyac yoxdur. Anlaşılan yalnız budur ki, Suraxanı rayonunda torpaqlar tamamən satılıb qurtarsa da, RİH rəhbərliyinin tamahı təmin olunmur ki, olunmur...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net