Bakıda orta məktəbdə rəsmən bazar açıblar
Tarix: 14-04-2015, 09:09 | Çap et
Bakıda orta məktəbdə rəsmən bazar açıblar
Təhsil sahəsində mövcud problemlər hələ də həllini gözləməkdədir. Bu sahədə islahatların aparılmasına baxmayaraq, çözülməyən problemlər hələ də qalmaqdadır. Xüsusilə də kadr islahatlarına çox böyük ehtiyac var. Baxmayaraq ki, təhsil naziri dəyişildi, amma yeni nazir təhsil sferasında müsbət istiqamətə dönüş yarada bilmədi.

Çünki bu gün təkcə paytaxtda deyil, regionlarda da təhsilin keyfiyyətilə bağlı şübhələr özünü doğrultmaqdadır. Ali məktəblərə qəbul imtahanları zamanı bölgələrdə təhsilin səviyyəsinin nə qədər aşağı olmasını görürük. Redaksiyamıza daxil olan şikayət isə Bakının Nərimanov rayonu, F.X.Xoyski prospekti 119-da yerləşən N.Tağıyev adına 212 ¹-li orta ümumtəhsil məktəbilə bağlıdır. Bizə verilən məlumata görə, valideyn və tələbə heyəti sözügedən təhsil müəssisəsinin direktoru Həsənov Qurban Hidayət oğlunun fəaliyyətindən narazıdır. Belə ki, valideynlər bütün qışı 212 saylı orta məktəbdə istilik sisteminin işləməməsindən şikayətlənirlər: "Bütün qışı şagirdlər soyuqdan donublar. Soyuğun kəskin vaxtında uşaqlarımızı məktəbə getməyə icazə vermirdik. Amma nə qədər dərsdən qalmaq olar. Bir neçə valideyn olaraq istilik sisteminin bərpasıyla bağlı direktora müraciət etdik. Direktorun isə bizə cavabı belə oldu ki, hər sinif özünə elektrik sobası alsın. Onsuz da sinif otağında istilik sobası var idi. Amma otağı tam isitmirdi".

Direktorun bu cavabından qəzəblənən valideynlər Həsənovun istilik sistemini bərpa edəcəyi ilə bağlı ümidlərini itiriblər. Valideynlər çıxış yolunu mətbuata üz tutmaqda görürlər. Hesab edirlər ki, aidiyyəti qurumlar məsələylə bağlı bir tədbir görəcəklər.

Bundan başqa məktəb direktorunun tələbilə 8 mart beynəlxalq qadınlar bayramıyla əlaqədar olaraq nəinki qadın müəllimlər, eləcə də əks cinsin nümayəndələri üçün də pul yığılıb. Valideynlər direktorun bu hərəkətini pisləyirlər və lazımi orqanlardan belə bir şəxsin rəhbər vəzifədən uzaqlaşdırılmasını xahiş edirlər.

Qeyd edək ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib ki, valideynlər yığım ilə bağlı nazirliyə müraciət etməlidir: "Şikayətlər anonim olanda tədbir görmək mümkün olmur. Buna görə də məktəbdə hansı müəllimin pul istədiyini, valideynin adını söyləmək lazımdır. Ünvan göstərilərsə, biz də tədbir görəcəyik".

C.Valehov bildirib ki, müəllimlər günündə pul yığılmaması ilə bağlı əlavə tapşırığa ehtiyac yoxdur: "Müəllimlər and içirlər. Onlara "pul yığmayın" kimi tapşırıq və ya nəsə deməyə ehtiyac duymuruq. Hazırda Azərbaycanda 1 milyon 300 minə yaxın şagird var. Biz anonim müraciətləri araşdıra bilmərik.

Bundan başqa, Qurban Həsənov müəllimlərdən təmir adı altında nəsə toplayır. Artıq müəllimlər də direktorun hərəkətlərindən cana yığılıblar. Bizə müraciət edən valideynlər də bildirirlər ki, hər ay bir bəhanə ilə şagirdlərdən nəsə toplanır. Bu isə valideynlərin narazılığına səbəb olur. Valideynlərin narahatlığı ondan ibarətdir ki, onlardan yığılan vəsait hesabına heç bir iş görülmür: "Amma nə faydası? Məktəb xarabalığı xatırladır. Bu cür haqsızlığa nə zaman son qoyulacaq? Təhsil Nazirliyindən xahiş edirik ki, şagirdlərin tapdanan hüquqlarının bərpasında yardımçı olsun".

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net