"Messenat Holdinq"in rəhbəri Əsabil Qasımovun yerinə göz dikib
Tarix: 13-04-2015, 09:22 | Çap et
"Messenat Holdinq"in rəhbəri Əsabil Qasımovun yerinə göz dikib
Ölkə rəhbərliyinin sahibkarlığın inkişafı üçün yaratdığı şərait təqdirəlayiqdir. Lakin bəzi iş adamları yaradılan şəraitdən sui-istifadə edir, inhisarçılıq yaradır. "Messenat Holdinq"in rəhbəri, əslən İmişli rayonundan olan iş adamı Tofiq İsayevin də sahibkarlığın inkişafı məqsədilə yaradılan şəraitdən şəxsi maraqları üçün istifadə etdiyi deyilir.

Məlumat üçün bildirək ki, "Messenat Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçərək 0106-P232-46172 saylı 28.06.2006-cı ildə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə alıb. Holdinqə "Bəhrəmtəpə-Çınqıl" ASC, "Muğan Su Elektrik Stansiyası" ASC, "Arbitr-H.T.İ Konsaltinq" MMC, "Həbibli-LTD" MMC, "Aristokrat" restoran və mehmanxana firmalar daxildir. Qeyd edək ki, holdinqin rəhbəri Tofiq İsayevlə bağlı bu vaxta kimi ölkə mətbuatında bir-birini əvəz edən tənqidi məlumatlar dərc olunub. İmişli rayon sakinləri isə bir müddət əvvəl yuxarılara müraciət edərək rayonun iş adamı tərəfindən özəlləşdirildiyini vurğulayıblar: "Tofiq İsayevin İmişlidə mülkləri, gölləri, restoranı, daş karxanaları var. Bir sözlə, rayonun idarə edilməsində bu adamın rolu böyükdür. İmişlidə aparılan tikinti işləri Tofiq İsayevin tam nəzarəti altındadır. Onu daha çox "Titanik Tofiq" kimi tanıyırlar. Hazırda rayonun əsas nəqliyyat yollarının bərbad olmasının səbəbkarı da bu adamdır. İmişli-Bəhrəmtəpə yolu tamamilə sıradan çıxıb. Eləcə də, İmişli-Biləsuvar yolu. Tofiq İsayev Bəhrəmtəpə qəsəbəsi, Araz çayı sahili ilə qum-çınqıl daşıyır, "Kamaz"lar özünün, karxanalar özünün. İmişlinin sərvətini daşıması azmış kimi, insanların yolunu da dağıdır. Bu holdinq hətta rayonda yerləşən su elektrik stansiyasını da özəlləşdirib. Azərbaycan Respublikasının "2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsinə İmişlidə Heydər parkında inşa edilən "Gənclər Mərkəzi" artıq toy nişan şənlikləri qeyd etmək üçün istifadə olunur. "Gənclər Mərkəzi"ni tikən Hacı Tofiq İsayev buranı öz bildiyi qaydada idarə edir. Bu mərkəz İmişli gəncləri üçün bir növ əyləncə mərkəzi olacaq deyə vəd verən icra başçısı Vilyam Hacıyev nədənsə mərkəzin şadlıq sarayı kimi istifadəyə verilməsinə göz yumur. Tofiq İsayevin şadlıq sarayına çevirdiyi "Gənclər Mərkəzi" iki zaldan ibarətdir. Böyük zal 600 nəfərlik və kiçik zal 400 nəfərlik. İş adamı sayı bilinməyən özbaşınalıqlara imza atsa da, fbarəsində indiyə qədər heç bir ölçü götürülməyib. Hətta onun sözü icra başçısı Vilyam Hacıyev üçün də keçərlidir. Başçı iş adamının fəaliyyətinə müdaxilə edə bilmir. İcra hakiminin birinci müavini Səfa Ağayev Tofiq İsayevin yaxın dostudur. Vilyam Hacıyev rayona başçı keçəndən sonra iş adamı rayondakı fəaliyyətini daha da genişləndirib. Səfa Ağayevin birinci müavin postunda çalışması biznesmenə qeyri-qanuni əməllərini daha rahat şəkildə həyata keçirməsinə imkan yaradır". Araşdırmalar göstərir ki, Tofiq İsayevin yaxın adamları İmişli rayonunda əsas söz sahibləridir: "Onun yaxın adamları İmişli rayon bələdiyyəsində meydan sulayır. Bələdiyyənin üzvlərinin demək olar ki, hamısı Tofiq İsayevin birbaşa xeyir-duası ilə seçiliblər. Ötən bələdiyyə seçkisində iş adamı öz adamlarını yenidən bələdiyyəyə üzv seçdirməyə nail oldu. Bu işdə icra hakiminin birinci müavini Səfa Ağayevin köməyindən istifadə etdi. İş adamı təkcə ticarət fəaliyyəti ilə məşğul olmur. Onun İmişli rayonunda böyük məscidi var. Məscidə əsasən İrandan mollaların gəldiyi qeyd edilir". Mətbuatda zaman-zaman "Messenat Holdinq"in İran şirkətləri ilə əlaqəsindən də söz açılıb. Yazılanlara inansaq, ölkəmizdə xeyli vaxtdır fəaliyyət göstərən holdinqin əsas maliyyə mənbəyi 2001-2002-ci illərdə İran İslam Respublikasının ölkəmizdəki səfirliyində iqtisadiyyat şöbəsinin rəisi işləmiş Kusedgi Faradoun Heydaralıdır: "Bu faktın özü bir çox mətləblərdən xəbər verir. "İRAN KHODRA DİESEL" CO şirkətinin Azərbaycan filialının rəhbəri olan Kusedgi Faradoun Heydaralı ilə azərbaycanlı iş adamı Tofiq İsayevin xeyli sayda ortaq mülklərinin olduğu söylənilir. Faradoun Heydaralı Azərbaycandakı İran səfirliyində xidmət müddəti başa çatmamış diplomatik fəaliyyətdən qovulmuşdu. Onun yenidən Azərbaycana qayıtmasında Tofiq İsayevin xüsusi rolu olub. Tofiq İsayevin Şamaxıdakı dəyəri 1.5 milyon dollar olan villası, İmişlidəki mülkü, gölləri, restoranları məhz İranlı keçmiş diplomatla şərikli biznesin sayəsindədir. İran vətəndaşı olan Səid Tütünçüyə məxsus "Qələbə" kinoteatrı yaxınlığında dəyəri 1 milyonluq torpaq sahəsi də Tofiq İsayev tərəfindən ələ keçirilib. Bakıda və rayonlarda radikal və İranpərəst dini qruplaşmaların formalaşmasında mühüm rol oynayan Faradoun Kuseqdı Heydaralı Tofiq İsayevlə birlikdə tikinti sektorunda geniş fəaliyyət göstərib. Deyilənə görə Bakının Nərimanov, Binəqədi və digər rayonlarında bina tikintisi ilə məşğul olan iş adamı həm də Faradoun Kuseqdı Heydaralının bəzi planlarının əsas icraçılarından birinə çevrilib, xüsusilə İmişli rayonunda bəzi şəxslərin aktivləşməsində mühüm rol oynayıb". Araşdırmalar nəticəsində Tofiq İsayevin sabiq səhiyyə naziri Əli İnsanovla yaxın əlaqələrinin olması da üzə çıxdı: "Əli İnsanova yaxın bir neçə iş adamı sonuncu prezident seçkiləri zamanı müəyyən təxribatlara əl atmaq istəyirdilər. Bu barədə aparılan müzakirələrdə "Messenat Holdinq"in rəhbəri Tofiq İsayevin də iştirak etdiyi deyilirdi. Əli İnsanov nazir olduğu dönəmlərdə Tofiq İsayevlə səmimi münasibətləri olduğundan onun hazırda keçmiş nazirin komandasında yer alması təsadüfi görünmür. Hətta iddialara görə, ötən prezident seçkilərində müxalifətin namizədinə iş adamı tərəfindən böyük maliyyə yardımı göstərilib". Başqa bir məlumatda isə Tofiq İsayevin bu ilin sonlarında keçiriləcək parlament seçkiləri ilə bağlı planlarından bəhs edilir. Adını açıqlamaqdan imtina edən mənbənin verdiyi məlumata görə, Vilyam Hacıyevin birinci müavini Səfa Ağayev parlament seçkilərində dostu Tofiq İsayevin rayondan millət vəkili seçilməsində maraqlıdır və bu səbəbdən də iş adamını indidən "raskrutka" edərək İmişli əhalisinə sırımaq istəyir: "Tofiq İsayev hazırkı deputat Əsabil Qasımovun yerinə göz dikib. Deputat seçilə bilmək üçün indidən bütün imkanlarını səfərbər edib və dostu Səfa Ağayevə deputat seçiləcəyi təqdirdə böyük sərvət boyun olub. Amma bir məsələ faktdır ki, Tofiq İsayevin İmişli camaatı arasında qohum, əqrabasının azlığı bildirilir . Çünki o bu vaxta kimi yerli əhaliyə ancaq problem yaradıb".

Gələn saylarımızda Hacı Tofiq İsayevin keçmişdəki qaranlıq işləri, AXCP sədri Əli Kərimli və keçmiş spiker Rəsul Quliyevlə münasibətləri haqda qandonduran faktları açıqlayacağıq.

Qarşı tərəfi də dinləyə bilərik.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net