“Erməni məsələsi” Milli Şuranı parçaladı
Tarix: 24-06-2015, 11:02 |
Çap et
Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyovun Amerika mətbuatına müsahibəsində Rusiyanın maraqlarından çıxış edən, üstəlik, ermənilərin ürəyindən xəbər verən açıqlamalarla çıxış etməsi Müsavat Partiyasının Milli Şuranın yaradılışı zamanı irəli sürdüyü şərtlərdə nə qədər haqlı olduğunu və qurumu tərk edərkən də düzgün mövqe tutduğunu təsdiqlədi.
Xatırladaq ki, 2013-cü ilin ortalarında Milli Şuranın elan olunması bir neçə dəfə təxirə salınmışdı. Qurumun elanının ertələnməsinin səbəbi kimi müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsi göstərilirdi. Belə ki, o zaman Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsini istəsə də, müzakirələrə telefonla qatılan İbrahimbəyov buna qarşı çıxmışdı. Kinorejissorun Krımı Rusiya ərazisi adlandırması isə Azərbaycan dövlətinin və xalqının, o cümlədən demokratik kəsimin maraqları ilə ziddiyyət təşkil edir.
Görün vəziyyət hansı həddə çatıb ki, İbrahimbəyovun dediklərinə hətta Milli Şura daxilindən də etirazlar gəlib. Qurumun sədri Cəmil Həsənli İbrahimbəyovu dəstəkləyən mövqe ortaya qoysa da, bir sıra tanınmış şəxslər etirazlarını ifadə ediblər.
“Rüstəm İbrahimbəyovun mövqeyi ilə razı deyiləm. Biz ermənilərlə əlimizdə dəyənək tutub qonşuluq etməliyik”. Bunu VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. Onun sözlərinə görə, R.İbrahimbəyov sovet dövründə ermənilərlə birgə yaşadığından bu cür düşünür: “Mən İbrahimbəyov dövrünün adamı deyiləm. Ümumiyyətlə, Rüstəm müəllimin mövqeyi ilə razı deyiləm. Amma həm də dərk edirik ki, əbədi düşmənçilik ola bilməz. Barış olacaq, amma bu, Rüstəm İbrahimbəyovun dediyi kimi olmayacaq”.
R.Manaflı da xatırladıb ki, Milli Şura yarananda Rusiya məsələsində Rüstəm İbrahimbəyovla müxalifət düşərgəsi arasında fikir ayrılığı olub: “Müxalif qüvvələrin bir yerə toplanmasında Rüstəm müəllimin əvəzsiz xidmətləri olub. İndi isə onun Milli Şurada fəaliyyəti yoxdur, sadəcə, fəxri sədrdir. Krımla bağlı mövqeyimiz birmənalıdır. Milli Şura ilə bağlı müəyyən narahatlığımız var idi. Cəmil Həsənli sədr olduqdan sonra narahatlığa son qoyuldu”.
Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal da R.İbrahimbəyovun mövqeyi ilə razılaşmadığını qeyd edib: “Bizim Krımla və digər məsələlərlə bağlı mövqeyimiz birmənalıdır. Hətta Rusiyanın Krımı ilhaq etməsini pisləmişik. Kimsə başqa cür düşünürsə, bu, onun problemidir”.
AXCP isə R.İbrahimbəyovun fikirlərinə münasibət bildirməkdən imtina edib. Qeyd edək ki, hələlik R.İbrahimbəyov özü etiraza səbəb olan fikirləri ilə bağlı hər hansı şərh verməyə həvəs göstərmir.
R.İbrahimbəyovun dediklərinə hakim partiyadan da reaksiya gəlib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyov uşaqlıqdan ermənilərlə dostluq edir, ona görə də ermənilərlə münasibəti həmişə yaxşı olub: “Bu adam müsahibələrinin birində demişdi ki, ermənilərin Bakıdan getməsi nəticəsində Azərbaycanın mədəni səviyyəsi aşağı düşüb”. Milli Şura ideyasının xaricdən ixrac olunduğunu vurğulayan S. Novruzov bildirib ki, hazırda bu qurumun “fəxri sədri” olan R. İbrahimbəyovun arxasında erməni lobbisi, ermənilər dayanır: “İlk Avropa Oyunlarının əleyhinə olan son hadisələr dünyada ermənilər, erməni lobbisi, Azərbaycanda isə AXCP və Milli Şuradır. Buradakı paralellik göstərir ki, onlar eyni mənbədən istiqamətləndirilirlər. R.İbrahimbəyov ermənilərin azərbaycanlıların düşməni olmadığını deyir. Əgər ermənilər düşmən deyillərsə, onda başqa planetdən gəlib tutublar bizim torpaqlarımızı? Xocalı soyqırımını kim törədib? 20 mindən artıq insan şəhid olub. Onlar öz-özünə şəhid olublar?”
Mövzu ilə bağlı Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da açıqlama verib. O, modern.az saytına bildirib ki, hər kəsin öz müstəqil düşüncəsi var: “Rüstəm İbrahimbəyov da düşüncələrini belə ifadə edir. Hamının hansısa məsələ ilə bağlı fikir bildirməyə hüququ var”.
Müsavat başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat”a bildirdi ki, İbrahimbəyov ranqında olan adamın Krım məsələsində bu cür münasibət sərgiləməsi tamamilə yanlışdır: “Əgər tarixi həqiqət baxımından məsələyə yanaşmaq istəyirdisə, onda deməliydi ki, Krım türk torpağıdır. Siyasi mənada ortaya yanaşma qoymaq istəyirdisə, deməliydi ki, Krım məsələsinin sülh, barışıq yolu ilə həlli daha məqsədəuyğundur. Yoxsa rus yazıçıların əsərlərinə istinadən ”Krım Rusiya torpağıdır" demək, sadəcə, Rusiya siyasətinə xidmət etməkdən başqa bir şey deyil". R.İbrahimbəyovun dediyi “ermənilərlə düşmən deyilik” sözlərinə gəldikdə, G.Aslanlı qeyd etdi ki, bu, hansısa şəkildə işlədilə bilərdi: “Yəni deyə bilərdi ki, tarixdə yüzillik müharibələr olub. Həmin müharibələrdən sonra qonşu millətlər və xalqlar ortaq mövqeyə gəlib qonşu olaraq yaşayıblar. Amma indiki kövrək dönəmdə onun bu cür fikirlər səsləndirməsi məqsədəuyğun deyil”.
Müsavat yetkilisi Milli Şura sədrinin R.İbrahimbəyovu müdafiəsini də düzgün saymadı və əlavə etdi ki, Müsavat Partiyası həmişə olduğu kimi, Milli Şura yaranarkən tutduğu mövqe doğru olub: “Partiyanın Milli Şura ilə bağlı proseslərdə avrointeqrasiya məsələsinin qırmızı xətt kimi yazılmasında israr etməsi doğru addım idi. Müsavatın Milli Şuranı tərk etməsinin səbəblərindən biri də başqa ölkənin vətəndaşının Milli Şuranın rəhbərliyində olmasında etiraz idi. Bu da özünün təsdiqini tapdı ki, Rüstəm müəllim eyni zamanda “nə yaxşı ki, mənim namizədliyim qeydə alınmadı” deyib".