Azərbaycanda hansı siyasətçilər xatirələrini yazırlar? - “Qarabağı alandan sonra yazacam”
Tarix: 26-05-2015, 10:08 |
Çap et
Dünya siyasi tarixindən məlumdur ki, bir çox siyasətçilər həm siyasi proseslərdəki aktiv dövrlərində, həm də karyeralarını başa vurandan sonra memuar-xatirə yazırlar.
Amma Azərbaycanda belə siyasi xadimlər bəlkə də barmaqla sayılacaq qədərdir. Hazırda Azərbaycan siyasətçiləri gələcək üçün real tarixi material sayıla biləcək xatirə janrına müraciət edirlərmi?
Siyasətçilər Modern.az saytının bu sorğusuna belə cavab veriblər.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 15-16 yaşından gündəlik tutsa da, bunları memuar şəklində çap etdirəcəyini dəqiq deyə bilmir:
“Dünyada xatirə yazmaq ənənəsi var. Azərbaycanda da olmamış deyil. Amma Azərbaycanda xatirə yazmaq üçün elə də böyük hadisələr baş verməyib. Mən özümü bu iş üçün o qədər də böyük insan hesab eləmirəm. 15-16 yaşımdan başlayaraq gənclik illəri ilə bağlı gündəlik qeydlərim var. Ömür vəfa eləsə, onları bir yerə cəmləmək olar. Amma buna memuar demək olmaz. Azərbaycanı bütövləşdirəndən, torpaqlarımızı işğaldan azad edəndən sonra oturub memuar yazmaq olar”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı xatirələrin yazılmasını bir siyasətçi üçün zəruri hesab edir:
“Dünyada da, Azərbaycanda da memuar yazanlar olub. Mirzə Cəlil Məmmədquluzadəni, Məmməd Səid Ordubadini buna misal göstərmək olar. Hətta Şah İsmayıl Xətainin öz katibləri olub ki, onun gündəlik yaşantılarını qeyd ediblər. Hər memuarın öz yeri var. Düşünürəm ki, bizim siyasətçilərimizin də, ədəbiyyat adamlarının da memuarlar yazması vacibdir. Məsələn, Həmidə xanım Məmmədquluzadənin yazdığı memuar görün nə qədər vacib tarixi materialdır. Mən şəxsən yazdığım hər şeiri, əsəri, publisistik yazını da memuar hesab edirəm. Çünki hamısı həyatımdan bir parçadır. Məktəbdə oxuyan vaxtlarda da gündəlik qeydlər edirdim. Ola bilsin ki, gələcəkdə bu xatirələr çap olunsun. Hər halda xatirə yazmağı düşünürəm. Çünki keçdiyimiz yollara işıq sala biləcək bir çox maraqlı hadisələr var”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə xatirə yazmaq fikrində deyil. Buna səbəb kimi isə insanların ona, yazdıqlarına inanmayacağını düşüncəsidir:
“Əvvəllər müəyyən qədər yazmışam. Bəzi yaşadıqlarım orada öz əksini tapmışdı. Amma indi yazmaq fikrim yoxdur. Sanki dünyadan küsmüşəm. İndi heç nəyə həvəsim yoxdur. Yalana oxşayan həqiqət və həqiqətə oxşayan yalan anlayışları var. Başıma gələnləri yazsam, hamı deyəcək ki, Tahir yalan danışır. Məsələn, mən desəm ki, Qorbaçovun yenidənqurma hərəkatları vaxtı kənddə üstümə bıçaq çəkdilər, yaxud desəm ki, 1700 nəfəri bir qəpiksiz böyük çətinlik hesabına həbsdən qurtardım, heç kəs mənə inanmayacaq. Bəlkə də yazmaq lazımdır ki, qoy oxusunlar. Amma mən o fikirdə deyiləm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə xatirə yazmaq istəsə də, işlərinin çoxluğundan ömrünün buna vəfa edəcəyinə inanmır:
“Hal -hazırda Quranla bağlı ciddi araşdırmalar aparıram. Başqa elmi işlərlə də məşğulam. İnanmıram ki, xatirə yazmaq üçün ömrüm çatsın. Çünki hazırda gördüyüm işlər məndən kifayət qədər zaman alır”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə memuar yazacağını deyir. Amma indi yox, vaxtı gələndə. Səbəbini isə partiya sədrinin özü bu cür açıqlayır:
“Mənim siyasətdən getmək fikrim yoxdu. Hələ indi-indi siyasətə başlayıram. Hafiz Hacıyev əsl siyasi oyuna girişəndən sonra vəziyyət bambaşqa olacaq. Onda öz köməkçilərimə - bir də yəqin ki, o zaman yaltaqlar çox olacaq - onlara tapşıracağam ki, memuarımı yazsınlar. Mənim siyasətə başladığım vaxtdan indiyə qədər siyasi fəaliyyətimi əks etdirən audio-video kasetlər var. Amma hələ heç kəs fikirləşməsin ki, Hafiz Hacıyev siyasətdən belə asanlıqla gedəcək. Hafiz Hacıyev siyasətdən öz sözünü deyəndən sonra Azərbaycan xalqını xoşbəxt edəndən sonra, Qarabağı geri qaytarandan sonra gedəcək. Ondan sonra vaxtım çox olacaq, memuar yazaram”.
Sabiq maliyyə naziri Əvəz Ələkbərov Modern.az saytına verdiyi müsahibəsində xatirərlərini yazdığını deyib:
“Yəqin ki, gələcəkdə elmlə və həyatda gördüklərim, eşitdiklərim, fikirlərimlə bağlı kitablarım olacaq. Mərhum prezident Heydər Əliyev və cənab prezident İlham Əliyevlə bağlı xatirələrim də həmin kitabda yer alacaq. İstəyirəm ki, ingilis, rus, və öz dilimizdə iki-üç hissəli kitab çap edəm”.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da hələ Moskvada yaşayan zamandan başlayaraq öz xatirələrini yazır.
Azərbaycan Komunist Partiyasının keçmiş birinci katibi, hazırda Moskvada yaşayan Əbdürrəhman Vəzirov da memuar yazıb və bir neçə kitab buraxdırıb.