“Bu əfvdə daha çox adam azadlığa çıxacaq”
Tarix: 10-03-2015, 11:45 | Çap et
“Bu əfvdə daha çox adam azadlığa çıxacaq”
Novruzda böyük əfv olacağı xəbəri təsdiqini tapmaqdadır; Mirvari Qəhrəmanlı: “Hətta məhkəmə qərarı olmayan insanların da azadlığa buraxılmasına çalışırıq...”

Novruz bayramı yaxınlaşdıqca, əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər təsdiqini tapmaqdadır. Siyasi məhbusların yaxınlarının bu bayramdan gözləntiləri yüksəkdir. Verilən açıqlamalar da əfvə olan ümidləri artırır.

Çoxları hesab edir ki, Novruzda sürpriz olacaq. Əfvin daha çox siyasi məhbusa şamil ediləcəyi deyilir. Bayram öncəsi yayılan əsas xəbərlərdən biri də prezidentə müraciət edən məhbusların əfvə düşmək ehtimallarının yüksək olması ilə əlaqədardır.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı əfvlə bağlı fəaliyyətlərindən danışdı: “Mütəmadi olaraq işləyirik, əlaqə saxlayır, problemləri müzakirə edirik. Bildiyimiz kimi, İşçi Qrupunda həm hakimiyyətin, həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də Avropa Şurasının nümayəndəsi təmsil olunur. Vətəndaş cəmiyyəti olaraq, İşçi Qrupunun iclasına hazırıq. Danışacağımız məsələlər bəllidir. Çünki qaldıracağımız problemlər çoxdur. Mənə elə gəlir ki, bu həftə iclasımız olacaq. Bayrama kimi, əfv olmalıdır. Doğrudur, müzakirə etdiyimiz insanların çox hissəsi azadlıqda deyil. İşçi Qrupunun işi təkcə siyasi məhbuslarla bağlı deyil. Ölkədə hüquq anlamı çox böyükdür. Təəssüf ki, reqlamentə çox əməl olunmur. Bu vəziyyəti İşçi Qrupuna daxil olan dövlət nümayəndələrinin xarici səfərləri ilə izah etdilər. Toplaşmağımız buna görə çətindir. Çünki mən bir QHT rəhbəri kimi, iclasda iştirak edə bilmirəmsə, məni heç kəs əvəzləyə bilməz. Bu hamıya şamil edilir. Səbəb yalnız bundan ibarətdir”.

İşçi Qrupunun üzvü əfv ərizəsi yazan 7 siyasi məhbusun azadlığa çıxacaqları barədə yayılan xəbərlərə də aydınlıq gətirdi: “Bu, kiminsə proqnoz verməyindən irəli gəlir. Belə fikirləri yalnız Əfv Komissiyası deyə bilər. Komissiya isə heç vaxt fikirləri sızdırmır. Biz arzu edirik ki, onlar azad olunsun. Düşünmürəm ki, belə olsun. Bəyəm Qurban Məmmədov əfv ərizəsi yazmışdı? Sadəcə, Q.Məmmədovun işi qaldırdığımız məsələ əsasında müzakirə olunmuşdu. Bütün nüanslar nəzərə alınır. Biz sadəcə müəyyən sübutlar ortaya qoyuruq ki, bu şəxs təcili buraxılmalıdır. Hətta məhkəmə qərarı olmayan insanların belə azadlığa buraxılmasına çalışırıq. Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərovun məsələlərini qaldırdıq. Təbii ki, bizə izah etdilər ki, onları azad edə bilmərik. Hətta məsələ qaldırmışdıq ki, ev dustaqlığına buraxın, burada bizimlə yanaşı əyləşsinlər. Təbii ki, bunun mümkün olmadığını bilirdik. Konkret sualınıza cavab olaraq bildirmək istəyirəm ki, əfv ərizəsi yazan və yazmayan arasında fərq qoyula bilməz. Sübut etdim ki, əfv yazanı da, yazmayanı da azad etdilər. Bəzən hansısa məhbus əfv yazanda, mətbuatda müzakirə mövzusuna çevrilir. Kənardan onları müşahidə etmək, özünü onların yerində təsəvvür etməmək asandır. Allah hamısının qapısını açsın”.
Hüquq müdafiəçisi hesab edir ki, veriləcək əfv əvvəlkilərdən böyüklüyü ilə fərqlənəcək: “Bu əfvdə daha çox adam azadlığa çıxacaq. Əsas siyasi məhbusların üzərində dayanırıq. Əfv Komissiyasında olanlar bu bayramın özəlliyini gözəl anlayırlar. Hamısı ”Yeni Müsavat"ı oxuyur. Bu sözlərimdən sonra ümid edirəm ki, onlar da barış bayramında daha çox siyasi məhbusun azadlığa çıxmaları istiqamətində müsbət addımlar atacaqlar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net