“Azərbaycanı sevməyən bir adamın parlamentdə oturması təəssüf doğurur”
Tarix: 9-12-2015, 09:48 |
Çap et
Bu dəfə “Yeni Müsavat”ın müxbirləri qonaq gediblər. 2015-ci il parlament seçkilərində namizəd olduğu dairənin seçki nəticələrini qəbul etməyən və bunun üçün məhkəmələrdə mübarizəsini davam etdirən Ümid sədri İqbal Ağazadə ilə söhbətimiz partiyanın qərargahında baş tutdu. Həmsöhbətimiz əvvəlcə ölkədə baş verən ictimai-siyasi hadisələrdən, sonra isə partiyanın seçki sonrası fəaliyyətindən danışdı.
-İqbal bəy, hazırda ölkə gündəmini tutan ən böyük hadisə, “Günəşli” yatağında baş verən yanğında neftçilərimizin faciəvi şəkildə həlak olması, itkin düşməsidir. Bu barədə çoxlu versiyalar səslənir: səhlənkarlıq, təxribat, terror və sair. Siz nə düşünürsünüz?
- Təbii ki, bu hadisə böyük bir faciədir. Ancaq belə hadisələrdən heç kim sığortalanmayıb. Amma təbii ki, baş verən hadisədə nələrisə səhv, nələrisə düz etmək artıq peşəkarlıq məsələsidir. Buna nə dərəcədə riayət olunduğunu deyə bilmərəm. Neftçilərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. İstehsalatda qəza anlayışı var və istehsalat qəzalarından heç kim sığortalanmayıb. Allah eləsin ki, bu təxribat olmasın.
Allah eləsin ki, hər kəs peşə borcunu və vəzifəsini ləyaqətlə yerinə yetirmiş olsun. Sonra kimsə içində vicdan əzabı və narahatlıq çəkməsin ki, mən filan işi daha yaxşı yerinə yetirmiş olsaydım itkilərin miqyası daha az olacaqdı.
-Ehtimallar səslənir ki, bu Davudoğlunun Azərbaycana səfərindən qıcıqlanan Rusiyanın təxribatıdır. Hər zaman belə faciələri müvafiq dövrün hansısa siyasi hadisəsi ilə əlaqələndirirlər. Sizcə, bu iddialar əsaslı ola bilərmi?
- Bəzən təsadüflər üst-üstə düşür. “Nabucco” danışıqları getdiyi zaman ADNA-da terror hadisəsi baş verdi. Azərbaycan prezidentinin Litvada Avropa Birliyinin iclasına səfəri ərəfəsində Bakıda yaşayış binasının yanması hadisəsi baş verdi. Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən sonra Əhməd Davudoğlunun Bakıya səfəri, Azərbaycanda verilən mesajlar, hər iki ölkənin regionla bağlı verdiyi mesajlar və bundan sonra həmin hadisənin baş verməsi insanların bu hadisələr arasında bağlılıq axtarmasına səbəb olur. Bu sıravi vətəndaşın və ya siyasətçinin ehtimalları üzərində irəli sürüləcək fikir deyil. İstintaq orqanları bu məsələni araşdırır, təxribat halı varsa, bu, ortaya çıxarılacaq. O da nəzərə alınmalıdır ki, Rusiyanın və ya bir başqasının regionda baş verən son hadisələrə münasibətdə marağı nədir. Təbii ki, Rusiya Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycana yaxşı nə vəd etmir.
Türkiyə ilə Azərbaycanın bağlılığı dünyada heç kimə sirr deyil. Rusiya da bilir ki, seçim anında heç vaxt heç kim Rusiyanı seçməyəcək, hər kəs Türkiyəni seçəcək. Bütün bunların fonunda Türkiyənin üzərinə getmək, Türkiyəni nələrdəsə günahlandırmaq, Türkiyənin regiondakı siyasətinə qarşı çıxmaq nəticə etibarilə Azərbaycanı seçim qarşısında qoyur. Azərbaycan seçim qarşısında qalanda da təbii ki, Rusiyanın regiondakı maraqları Azərbaycanın dövlət maraqlarına uyğun gəlmir. Belə olan halda təbii ki, Azərbaycana qarşı təzyiqlər başlaya bilər. Lakin, biz bilirik ki, demokratik, sivil dünya, bu məsələdə Rusiyanın yanında deyil, Türkiyənin yanındadır. Azərbaycanın Türkiyənin yanında olması təkcə sivil dünyanın Türkiyənin yanında olması ilə bağlı deyil. Həm bir can bağlılığı, qan bağlılığı, dil bağlılığı var.
Türkiyə bizim öz dövlətimizdir. Biz hər zaman belə hesab etmişik. Bu səbəbdən Azərbaycan hər zaman Türkiyənin yanında yer alacaq. Qardaşımıza gələn hər nə varsa, ey vallah! Azərbaycana da gələrsə, qardaşımıza görə bizə bu oldu deyə dərd çəkmərik. Hesab edirəm ki, Türkiyə də bizə qarşı zaman-zaman belə olub, hər zaman Azərbaycanı yanında olub. Bundan sonra da Türkiyə Azərbaycanın bu siyasətinə ortaq olacaq.
“Milli Məclisdə onsuz da müxalif fikir, fərqli fikir az eşidilirdi, bundan sonra daha az eşidiləcək, bəlkə də heç eşidilməyəcək”
-Gənc deputatın Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə. Rəsulzadə haqqında dediyi sözlər və bunun ictimaiyyətdə doğurduğu rezonansı yəqin ki, izlədiniz. Belə bir şəxsin Milli Məclisdə oturması sizi sarsıtdımı?
- Tarixin heç bir dönəmində heç bir xalqın lider dediyi, başının üstündən portretini asdığı şəxslərin ideal həyatı olmayıb, ancaq ideal işləri olub. Rəsulzadə o qədər böyük bir iş görüb ki, onun rəhbərlik etdiyi hökumət, müstəqilliyimizi elan edən Şura o qədər böyük bir iş görüb ki, indi bundan sonra həyatını eşələyib nəsə çıxartsalar da, o işin kölgəsində ona heç bir ləkə yapışmayacaq. Bu gün gördüyümüz, yaşadığımız bu cümhuriyyət, parlamentində oturduğunuz o bu dövlət, bu gün müstəqil dediyimiz Azərbaycan, hamısı o insanların zəhmətidir. Bir anlıq hesab edək ki, 28 may 1918-ci il baş verməyib, Azərbaycan Rusiyanın quberniyası kimi qalıb...
Rusiyanın ərazisi Azərbaycandan dəfələrlə böyük olan nə qədər belə quberniyası var bilirsinizmi? Azərbaycan onlardan sadəcə biri olacaqdı. İttiham edirlər ki, Rəsulzadə İrəvanı verdi. O zaman bütün dünya təhdidlə dolu idi. Müstəqilliyin tanınması məsələsi həm də ona görə önəmli idi ki, biz SSRİ yarananda 15 respublikadan biri kimi daxil olduq, yoxsa bir əyalət kimi daxil olacaqdıq. Onda biz Azərbaycan hesab olunmayacaqdıq, təkcə Güney Azərbaycan hesab olunacaqdı.
Necə ki, bu gün Dərbənd Dağıstanın kiçik bir şəhəri hesab olunur. 100 minlik Dərbənd şəhəri milyon yarımlıq Dağıstanın içərisində necə kiçik bir şəhərdirsə, 130 milyonluq Rusiyanın tərkibində 7-8 milyonluq Azərbaycan da həmin çəkiyə malik olacaqdı. Rəsulzadə və silahdaşları hər şey etdilər ki, Azərbaycanın adı bir cümhuriyyət kimi tarixə yazılsın. Hər şeylərindən keçdilər , ən sonda rahat yaşayışlarından, azadlıqlarından keçdilər. Rəsulzadə ilə yanaşı olan insanların həyatına baxsaq, çoxları qaranlıq dalanlarda güllələndi, neçəsi mühacir həyatı yaşadı. Ölkə tərk etmək, yaşayış yerini tərk etmək, oraya bir daha gedə bilməmək nə deməkdir, mən bir məcburi köçkün olaraq bunu yaxşı bilirəm. Rəsulzadə Azərbaycanın hər şeyidir. Ta ölümünə qədər bir bayrağı əmanət kimi saxlayan insan haqqında bu ifadəni işlətmək o anlama gəlir ki, bu gün içində olduğun hökuməti ilk satanlardan biri sən olacaqsan.
Ən dəhşətlisi budur ki, bu yaşlı nəslin nümayəndəsi deyil, SSRİ-dən miras qalan adamlardan biri deyil. Bu yeni nəsil dediyimiz nəslin nümayəndəsidir. Heydər Əliyevi özünün lideri hesab edir, qəbul edirəm, etsin. Ancaq Heydər Əliyev hansı bayrağa, hansı cümhuriyyətin varisliyinə söykənir, Rəsulzadə haqqında nə qədər fərmanlar verib. Bunun üçün zərrə qədər savad lazımdır. Yarınmaq bu qədər də olmur. Onu yazan jurnalist Xalidə xanıma irad tuturlar ki, stol arxasında olan bir söhbəti niyə yazıb. Stol arxasında millət üçün, xalq üçün, milli dəyərlər üçün olan bir şey təhqir olunursa, həmin adamı stolun başına ümumiyyətlə buraxmaq lazım deyil. Onun bütün əməlləri cəmiyyətə çatdırılmalıdır ki, cəmiyyət onun kim olduğunu bilsin. Jurnalist bu məsələdə haqlıdır.
“Mən 2003-cü ildə bir anda parlamentdən həbsxanaya aparıldım, ona görə də indi mandatım yoxdu deyə pis olmuram”
-İqbal bəy, qayıdaq parlament seçkiləri və Ümid partiyası mövzusuna. Milli Məclisin hazırkı tərkibini necə qiymətləndirirsiniz. Sizsiz Milli Məclis necə görünür?
- (gülür) Mənsiz Milli Məclisin necə görünməsi ilə bağlı seçicilər, jurnalistlər və ya Milli Məclisin fəaliyyətini izləyən ekspertlər mövqe ifadə etsə daha yaxşı olar. Təbii ki, Milli Məclisdə olduğum 15 il ərzində vicdanla çalışmışam. 3 dəfə deputat seçilmişəm, ikinci, üçüncü, dördüncü çağırışda. Hər zaman çalışmışam ki, ədalətin, haqqın yanında olum. Elə bir problem olmayıb ki, mən orada haqqın yanında olmayım, seçicinin, vətəndaşın yanında olmayım. Elə bir vaxt olmayıb ki, məndən xoşu gələn-gəlməyən hansısa siyasi dustağın, ictimai fəalın yanında olmayım. Həmişə onların yanında olmuşam, həmişə mövqeyimi səmimi ifadə etmişəm. Milli Məclisin hazırki tərkibi haqqında da heç nə deyə bilmərəm. Mənim dediyim bir az fərqli alınar ki, özüm yoxam deyə bu şəkildə təqdim edirəm.
Milli Məclisdə onsuz da müxalif fikir, fərqli fikir az idi. Bundan əvvəlki dönəmdə də müxalif səs, fərqli səs çox az eşidilirdi. Bundan sonra daha da az eşidiləcək, bəzi məqamlarda heç eşidilməyəcək. Biz isə Ümid partiyası olaraq keçmişə yox, gələcəyə baxırıq. Bizim üçün parlament seçkiləri geridə qaldı. Bacardığımızı etdik. Seçiciyə verdiyimiz mesaja seçicidən cavab aldıq. Seçici bu mesajlara cavab olaraq seçkiyə gəldi, səs verdi. Lakin Azərbaycan siyasətində ümumiyyətlə analoqu olmayan bir hadisə baş verdi. Əlimdə demək olar ki, əksər protokollar var. 33 məntəqənin 3-ü hərbi hissədir, 30 mülki məntəqədən 26-nın protokolu əlimdədir. 26 məntəqədə böyük səs çoxluğu ilə qalib gəlmişəm. O protokollar mənə möhürlü, imzalı şəkildə təqdim edilib. Amma səsləri bu protokollara nəzərən hesablamadılar. Yeni bir rəqəmlər yazdılar. Haradan yazdılar, niyə yazdılar, bunu Allahın və vicdanlarının ixtiyarına buraxıram. Məhkəmə çəkişmələrimizi demək olar ki, bitirdik. Partiya onunla bağlı qərar verəcək. Biz artıq sənədlərimizi Avropa Məhkəməsinə hazırlayırıq, bununla bağlı mövqelərimiz dəqiqləşir. Çünki, artıq yerli məhkəmə instansiyalarını keçmişik. Amma onun üzərində köklənib qalmamışıq. 1 noyabrda deyilik, indi dekabrı yaşayırıq və irəliyə baxırıq. Biz siyasətdə mövqeyimizi, xəttimizi, yolumuzu olduğumuz yerə görə, müəyyənləşdirməmişik, düşüncəmizə görə müəyyənləşdirmişik. Düşüncəmizə görə də, bu proses davam edir.
-Bu sualıma istərdim səmimi cavab verəsiniz. Seçkilərin nəticələri açıqlananda nə hisslər keçirdiniz? 15 illik mandatı itirmək necə bir hiss idi?
Bilirsiniz, əgər o Milli Məclisin yolu mənim üçün rahat olmuş olsaydı, indi bəlkə də psixoloji olaraq çox ağrı-acı yaşayardım. Amma heç unutmayın ki, 2003-cü ilin hadisələrində bir anın içərisində mandatımdan məhrum oldum, toxunulmazlığım qeyri-qanuni aradan götürüldü və mən parlamentdən həbsxanaya getdim. Mən 371 gün təkadamlıq kamerada qaldım. (gülür) Bütün bunların hamısından sonra bu gün mandat yoxdur deyib özümü pis hiss etməyim düzgün deyil. Siyasətçi üçün eniş, yoxuş, hər hansı yerdə olmaq, olmamaq, bunlar hamısı gözlənilən bir şey idi. Mən yenə də deyirəm ki, mən bunun acısını çəkən siyasətçilərdən deyiləm.
-Milli Məclisdə olmadan özünüzü necə hiss edirsiniz? Seçkilərdən sonra həyatınızda nə dəyişdi?
Bizim üçün perspektiv qarşıdadır. Azərbaycan demokratlaşana qədər biz prosesin içində olacağıq və mövqeyimizi ifadə edəcəyik. Mesajlarımızın seçiciyə, aktiv insanlara çatdırmaq üçün bütün qanuni yollardan istifadə edəcəyik. Bundan sonrakı bütün seçkilərdə iştirak edəcəyik. Bəzən seçkilərdə iştirak etməmək, boykot kimi qərarlar səslənir. Hər birimizin nizamnaməsində çox aydın yazılıb ki, zorakılığı, fərqli üsullarla hakimiyyətə gəlmə mexanizmini, güc müstəvisində mübarizəni inkar edirik.
Və Azərbaycanda dəyişikliyin demokratik yolla həyata keçirilməsini arzulayırıq. Əgər güc müstəvisindən imtina edirsənsə, mütləq seçkilərdə iştirak etməlisən. Hakimiyyətin demokratik seçki keçirəcəyinə inanmırıq deyib geri çəkilsək belə, hakimiyyət onsuz da seçki keçirilməsi ilə bağlı bizim istədiyimiz dəyişiklərə və islahatlara getməyəcək. Biz o zaman niyə geri çəkilməliyik. Biz əksinə çalışmalıyıq ki, çətin olan dövrdə belə fərqli fikrin insanlar arasında ölməməsini, insanların bu prosesin ardınca getmək imkanlarını artıraq.
Heç kim özünü Nostradamus hesab etməsin ki, mən proseslərin belə olacağını əvvəlcədən bilirdim. Kim hesab edir ki, o bilirdi, biz bilmirdik. Yox biz də hər şeyi bilirik. Bildiyimiz üçün də bu mübarizənin içindəyik ki, alternativ yol olmasın, proses güc müstəvisinə çıxmasın deyə. Fərqli fikir cəmiyyətdə ölməsin, insanlar onu eşitsin. Fərqli fikir eşidildikcə özünə yer tapır, eşidildikcə özünə tərəfdar toplayır. Təkcə sosial şəbəkədə fikir demək lazım deyil, onu seçicinin yanında da demək lazımdır. Biz yenə də prosesi və yolumuzu davam etdiririk. Mandatımız olsaydı partiyanın daha çox üstünlükləri ola bilərdi. Olmasa biz bu şəraitdə də demoktatikləşmə üçün mübarizəmizi aparacağıq.
-İqbal bəy, artıq millət vəkili deyilsiniz. Qəbul etmək çətin olsa da, bir Azərbaycan reallığı var. Ətrafınızdakı insanların, qohumların, dostların, medianın sizə münasibətində dəyişiklik hiss edirsinizmi?
“Heç kim özünü Nostradamus hesab etməsin ki, mən proseslərin belə olacağını əvvəlcədən bilirdim, biz də hər şeyi bilirdik”
Yox, açığı deyim ki, mən bunu hiss etmədim. Çünki, mən bu yaşıma qədər insanlarla münasibətimi vəzifə üstünlüklərinə görə, ağıl üstünlüklərinə görə qurmuram. Mən insanlarla münasibətimi insanlığa görə qururam və onlarla səmimi olmaq üçün əlimdən gələni edirəm. Mənim ətrafımda hər peşənin sahibləri, savadı olanlar, olmayanlar da var. Mən özümə qarşı münasibətin dəyişməsini hiss etməmişəm.
-Sizin üçün mandatınızı kimə uduzmağın önəmi vardımı?
Yox, heç bir önəmi yoxdur. Mənim üçün önəmli odur ki, verdiyim mesajı seçici qəbul edəcək, seçici mənə səs verəcək, yoxsa verməyəcək. Mən ondan çox məmnunam. Mən 9770 səs almışam, mənim alternativim kimi təqdim olunan, bu gün parlamentdə əyləşən adam hərbi hissələri çıxmaq şərti ilə 406 səs toplayıb. Cəmi 406 səs. Mən sizə protokolları nümayiş etdirə bilərəm. Siz orada görə bilərsiniz ki, o, mən 702 səs topladığım yerdən 10 səs alıbsa, mən 374 səs topladığım yerdə 70 səs alıbsa, mən 537 səs topladığım yerdə 4 səs alıbsa mən seçicidən çox razıyam. Kimə uduzmaq anlayışının mənim üçün mənası yoxdur.
Mən o zaman özümü uduzmuş hesab edərdim ki, seçici mənə cavab verməsin. Seçici mənə cavab verdi. "Yeni Müsavat"ın dəyərli müxbirləri bizim qərargahdan reportaj hazırlamışdılar, o qərargahı da görmüşdülər, bzimkini də. Adamın qərargahında iki adam yox idi. Bu necə mümkündür? Mən yenə deyirəm ki, əlimdə rəsmi protokollar var. Ona görə də, mənim üçün kimə uduzmağın heç bir mənası yoxdur.
Mən seçiciyə uduzmuş olsaydım, seçici mənim mesajlarıma cavab verməsəydı o zaman çox pis olardım ki, ya mən pis işləmişəm, ya verdiyim mesajlar doğru deyil, ya da bir siyasətçi kimi mənim verdiyim mesajlara seçici cavab vermir. Yoxsa, Həsən oldu, Məmməd oldu, ya kim oldu -bunun mənim üçün fərqi yoxdur. Təbii ki, ümumi fikirdə istərdim ki, hökumət Türkiyənin, Azərbaycanın əleyhinə olan, Qərbin və demokratik dünyanın əleyhinə olan bir adamı parlamentdə əyləşdirməyə idi.
Bu ancaq mənə şamil olunan bir məsələ deyil, bu ümumilikdə hakimiyyətin siyasətinə aid olan bir məsələdir ki, elə bir adam orada oturub. Orada Qərb dəyərlərini, demokratik dəyərləri, Azərbaycanın haraya inteqrasiya edəcəyini aydın bilən, Türkiyəni, Azərbaycanı sevən, Azərbaycanın nicatını Rusiyanın və ya İranın yanında axtarmayan bir adamın olmaması təəssüf doğurur.
Bir uçaq vurulursa və dünya Türkiyənin haqlı olduğunu deyirsə, sən qalxıb deyəsən ki, ağlı başında olan hər kəs bilir ki, Türkiyə burada günahkardı, Rusiyadan üzr istəməlidir- bu təəssüf doğurur. Ancaq bu mənim dairəmdən olduğu üçün təəssüf doğurur deyə bir şey yoxdur.
-Partiyaya hər il hökumətdən ayrılan vəsait artıq olmayacaq. Partiyanın iqtisadi baxımdan ayaqda durmasını necə tənzimləyəcəksiniz? Alternativ maliyyə mənbələriniz varmı?
“Rəsulzadə Azərbaycanın hər şeyidir. Ta ölümünə qədər bir bayrağı əmanət kimi saxlayan insan haqqında bu ifadəni işlətmək o anlama gəlir ki, bu gün içində olduğun hökuməti ilk satanlardan biri sən olacaqsan”
Partiyamız ayaqda olacaq, proses davam edəcək. Bizim kifayət qədər üzvlərimiz var, kifayət qədər maddi dəstək verən üzvlərimiz var. Bu istiqamətdə də bizim heç bir sıxıntımız olmayacaq. Təbii ki, növbəti il dövlətdən ayrılan vəsait olmayacaq. Xərclərimizi minimuma endirəcəyik, amma fəaliyyətimizi maksimuma çatdıracağıq. Siyasətimiz belə olacaq.
-125-lər siyasi klubu fəaliyyətini hansı istiqamətdə davam etdirəcək? Ayrılanlar oldmu?
125-lərlə də davam edəcəyik. Bizim ötən həftənin toplantımız oldu. Düzdür, İlhamiyyə xanım ictimai sektorda fəaliyyətini davam etdirəcək, siyasi sektorda artıq davam etdirməyəcək. Ancaq digərləri fəaliyyətini davam etdirmək barədə ciddi iradəyə malikdirlər və bu proses davam edəcək.
-Partiyanızın 2016-cı il planları nələrdir?
Partiyada 2016-cı ili quruculuq ili elan etmişəm. 3 istiqamətdə quruculuq işi davam edir. Birincisi, yeni gənclərin partiya sıralarına qatılmasını təmin etmək, yəni partiyanı daha çox gəncləşdirməkdir. İkincisi Azərbaycan qadınının siyasətdəki rolunu artırmaq və qadınların proseslərə aktiv cəlb olunmasıdır. Üçüncüsü isə mərkəz Bakıda xüsusi təşkilatlanma işini həyata keçirməkdir. Regionlarda partiyamızın təşkilatlanma işi bizi qaneedici səviyyədə olsa da, Bakıda istədiyimiz səviyyədə deyil.
-Müsahibə və çay üçün təşəkkürlər...
Siz sağ olun, mən təşəkkür edirəm.