“Semaşko” xəstəxanasında bazar qanunları
Tarix: 2-04-2015, 14:43 |
Çap et
Məlum olduğu kimi bu gün dövlət səhiyyə müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərə görə pul tələb olunması, həm də tələb olunan bu məbləğlərin bəzən hətta özəl müəssisələrlə müqayisədə belə çox yüksək olması ictimaiyyəti ciddi narahat edən mövzulardan biriolaraq qalmaqdadır. Bu baxımdan Kliniki Tibbi Mərkəzdə (keçmiş “Semaşko” xəstəxanası) müşahidə olunan proseslər ölkə səhiyyəsində mövcud olan ümumi durum barəd daha aydın təsəvvür yaradır. Qəzetimizin ötən saylarında bu tibb müəssisəsində yer almış çeşidli qanun pozuntularına dair bir neçə tənqidi material dərc olunmuşdu. Qeyd etmək lazımdır ki, keçən ilin may ayında Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə Sultan Əliyevin təyinatı, müəssisədə mövcud nöqsanların aradan qaldırılacağına müəyyən ümidlər yaratmışdı. Lakin aradan keçən müddət ərzində bu ümidlər heç də özünü doğrultmadı. Bu xüsusda yeni aldığımız məlumatlarda da vurğulanır ki, bu gün Kliniki Tibbi Mərkəzin fəaliyyəti daha çox kommersiya əsasları üzərində qurulmuşdur. Eyni zamanda da bu fəaliyyət sürəkli olaraq qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Bununla əlaqədar əldə etdiyimiz açıqlamalarda qeyd olunur ki, Kliniki Tibbi Mərkəzdə ödənişlər bilavasitə baş həkimin təyin etdiyi qiymətlər cədvəlinə müvafiq olaraq müəyyənləşdirilir. Mənbələrin iddialarına görə buada tətbiq olunan qiymətlər yüksək olduğundan, baş həkim istədiyini ala bilmədiyi şöbə müdirlərindən və həkimlərdən işdən çıxmaları haqqında ərizə yazmağı tələb edir. Belə ki, hər bir xəstənin müalicəsinə və vətəndaşların müayinəsinə birbaşa özü nəzarət edən Sultan Əliyev Kliniki Tibbi Mərkəzə müraciət edənləri xüsusi siyahıya alır. Həmin siyahıya əsasən həkimlərdən qəbullarına uyğun pul tələb edən baş həkim etiraz edənlərə qarşı sərt təpkilər nümayiş etdirməkdən belə çəkinmir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Kliniki Tibbi Mərkəzdə xəstələrin pulsuz müayinə və müalicəsi demək olar ki, mümkün deyil. Elə xəstəxanada çalışanlar da etiraf edirlər ki, onlar xəstələrdən pulu rəhbərliyin tələbilə alırlar. Şöbələrə konkret haqq qoyulub və hər həftə şöbə müdirləri, həkimlər Sultan Əliyevə aldıqlarının hesabatını verirlər. Hər əməliyyatdan baş həkimə müəyyən məbləğdə pul ödənilir. Məsələn, qeysəriyyə doğuşundan 100 manat, təbii doğuşdan 50 manat, cərrahiyyə laparoskopik əməliyyatlardan 200 manat, sadə əməliyyatlardan 50-100 manat, qəbul şöbəsində hər xəstədən 20 manat yalnız Sultan Əliyevə ödənilir. Bundan başqa isə mənbələr tərəfindən Kliniki Tibbi Mərkəzdə baş verənlərə dair müxtəlif instansiyalara ardı-arası kəsilmədən göndərilən məlumatlarda xüsusi olaraq diqqət mərkəzinə çəkilir ki, bu tibb müəssisəsində xəstələrə dövlət hesabına heç bir dərman preparatları və qida məhsulları verilmir. Halbuki dövlət büdcəsindən xəstəxanaya dərman və dərman preparatları, tibbi avadanlıqlar, həmçinin qida məhsulları da ayrılır. Demək olar ki, bütün şöbələrdə vətəndaşlara pulsuz verilməli olan dərmanlar pulla satılır. Məlumatlarda göstərilir ki, Kliniki Tibbi Mərkəzdə Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Göründüyü kimi Kliniki Tibbi Mərkəzdə mövcud durumun son dərəcə böhranlı hala çatdığı artıq heç bir şübhə doğurmur. Bütün bu baş verənlərin fonunda ölkənin Səhiyyə Nazirliyi tərəfindən yaranmış vəziyyətə ən qısa zamanda müdaxilə olunacağı tamamilə gözləniləndir.