Azərbaycanda şok bahalaşma: Bakıda evlərin qiyməti qalxdı
Tarix: 12-03-2015, 16:11 | Çap et
Azərbaycanda şok bahalaşma: Bakıda evlərin qiyməti qalxdı
Manat dollar qarşısında ucuzlaşandan bir qədər sonra mənzil bazarında alıcıların sayı artıb. Manatın məzənnəsinin daha da düşəcəyini güman edən alıcılar, kütləvi şəkildə ev almağa başlayıblar ki, bu da bazarda tələbatı kəskin artırıb və nəticədə qiymətlərin xeyli bahalaşmasına səbəb olub. Ev alqı-satqısı ilə məşğul olanlar Analitik.az-a təsdiqləyiblər ki, mənzil almaq istəyənlər həqiqətən də qəfildən çoxalıb. Ev satanlar da qiymətləri dollara çevirdiyindən bazarda 20-30 faiz bahalaşma yaranıb. Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı da vurğulayıb ki, son vaxtlar evlərin qiymətində ucuzlaşma var idi, amma dollar bahalaşandan sonra əmlak bazarında vəziyyət dəyişib: “Manatın məzənnəsinin kəskin enməsi, eləcə də daşınmaz əmlakla bağlı yeni vergilərin qoyulması vəziyyəti dəyişib. Hazırda bazarda qiymət artımı müşahidə olunur.”

R. Osmanlının fikrincə, mənzil və torpaq sahələrinə tələbin azalması fonunda əslində qiymətlərdə azalma olmalı idi: “Amma nəzərdən qaçırmayaq ki, vergi öhdəlikləri satış qiymətinə əlavə olunacağı halda artma ehtimalı da yaranır. Artıq manatla təklifə çıxarılmış mənzillərdə qiymətlər dollara dəyişdirilib, həm də bir qədər də artırılmış şəkildə. Bu isə faktiki olaraq 25-30 faizlik bahalaşma deməkdir”. Ekspert sözlərinə onu da əlavə edib ki, yeni tikililərdə də 20-30 % arasında bahalaşma müşahidə edilir.

“Novostroyka”larda da satılan mənzillərin hazırda bahalaşdığını tikinti şirkətləri də təsdiqlədi. Hətta elə şirkətlər var ki, artıq mənzilləri manatla deyil, yalnız dollarla satmağa başlayıb. Və o da vurğulandı ki, manat ucuzlaşandan sonra yeni tikiilən hündürmərtəbəli mənzillərin qiymətində 30 faiz artım var. Məsələn, əvvəllər hündürmərtəbəli binalarda satılan mənzillərin 1 kvadratmetri 800 manat idisə, indi qiymət 1050 manata yüksəlib. Bəzi tikinti şirkətlərində isə qiymətlərin hər kvadratmetrə görə 100 manat artdığını deyirlər. Məsələn, paytaxtın 9-cu mikrorayon ərazisində tikilən hündürmərtəbəli binalarda mənzilin 1 kvadratmeti əvvəl 1150 manata təklif edilirdisə, indi isə 1250 manata satılır. Elə yerlər də var ki, orada 1 kvadratmetr əvvəllər 550 manat idisə, hazırda 680 manata təklif edilir. Bir sözlə, mənzil bazarında nəzərəçarpacaq bahalaşma mövcuddur.

Mənzil bazarında bahalaşmaya təsir edən daha bir məqam isə daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasıdır. Xatırladaq ki, daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi, sadəcə, bunun uçotu aparılmırdı. Bu ildən isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirilərək, Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Bununla da daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına başlanıb.

Qeyd edək ki, daşınmaz əmlakın alışı-satışı zamanı əldə edilən gəlirdən vergi fiziki şəxslərin gəlir vergisi formasında tutulacaq. 30 min manata qədər gəlir 14 faizlə, 30 min manatdan artıq hissə isə 25 faizlə vergiyə cəlb ediləcək. Vətəndaş satdığı evdə qeydiyyatdadırsa və orada 3 il ərzində yaşayıbsa, o zaman əldə olunan gəlir vergidən azaddır. Mənzil sahibi qeydiyyatda olmadığı evi hətta uzun müddət bundan əvvəl almış olsa da, onu satanda vergi ödəməlidir. Bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin, yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Bu amil də mənzilin qiymətinə təsirsiz ötüşmür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09-08-2022 12:22
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net