Mikayıl Cabbarov yaxşıdır, ətrafı pis...
Tarix: 29-04-2015, 09:34 |
Çap et
Təhsil naziri Mikayıl Cabbarov təhsilin inkişafında bir çox uğurlara imza atmaq məqsədilə rayon təhsil şöbələrini rayon icra hakimiyyəti başçılarından almaq istədi. Amma buna nail ola bilmədi. Açığı rayon təhsil şöbələrinin əndazəni aşan müdirləri də Regional Təhsil İdarəsinin yaradılmasına razı deyildi, əksinə buna mane olurdular. Çünki, neçə illərdən bəri rayon icra hakimiyyəti başçıları, rayon maliyyə idarəsi rəisləri ilə əlbir təhsildəki mənimsədikləri milyonlarla dövlət vəsaitinin üstü açılar, kimlərinsə məsuliyyətə cəlb olunmaları baş verə bilərdi. Düzdür, müəyyən kəsim rayon təhsil şöbə müdirləri var ki, onlar qanundan kənar hərəkət etməkdə israrlı deyil, amma hardasa inanmaq olar ki, 70% rayon təhsil şöbə müdirlərinin “oğurladıqları” dövlət vəsaitinin üstü açılardı. Neftin dünya bazarında düşməsindən iqtisadi zərər görən respublikamız üçün “oğurlanan” milyon manatlarla dövlət vəsaitinin büdcəyə qaytarılması göydən düşmə olardı. Onlarla rayon təhsil şöbə müdirlərinə şərait yaradan rayon maliyyə idarəsi müdirləri də məsuliyyətdən kənarda qalmazdı. Təəssüf, çox təəssüf…
Digər tərəfdən onlarla təhsil şöbə müdiri rüşvət alıb məktəblərə yerləşdirdikləri minlərlə saxta diplomlu şəxslərin müəllim işləməsi üçün 10-15 min manat vəsaitin haqq-hesabına cavabdeh olardı. İkili mühasibatlıq sənədləri ilə işləyən bəzi təhsil şöbəsi rəhbərləri müəllim məvaciblərinin düzgün hesablanmamasına görə ifşa olunardı.
Gəncə şəhər Təhsil Şöbəsinin ötkəm müdiri Zakir Hüseynovun Gəncə şəhər təhsilində özünəsərf və özünəməxsus şəkildə idarə etməsinə son qoyulardı. Təlim-tədris prosesinin geriləməsindəki vəziyyət barədə ondan soruşular, savadlı riyaziyyatçı Əyyub müəllimin Zakir Hüseynovdan nə üçün şikayətçi düşdüyü tərəfsiz araşdırılardı. Gəncə məktəblərində saxta diplomlu müəllimlərin bilərəkdən nə məqsədlə orta məktəblərə yerləşdirdiyinə aydınlıq gətirilərdi. Gəncə 4 nömrəli rus məktəbində müəllimlərin hansı universitetləri bitirdiyinə dair balaca bir təftiş aparılardı.
Və yaxud Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümova 2014-cü ildə aldığı inventarlarla bağlı sual verilərdi ki, inventarları haradan almısınız? İnventarlar real bazar qiymətlərinə rəsmi sənədlərdə uyğun gəlirmi? 153.718 min manata alınan inventarın neçə il istismar müddəti ola bilər? Yoxsa Şabran rayon Təhsil Şöbəsinin olmayan təlim-tədris prosesi ilə eynilikmi təşkil edir alınmış inventarlar? Şabranın bir çox kənd məktəblərində müəllimlər dərsə gəlməyib, şagirdlərin ortalıqda qaldığı bir şəraitdə müəllimlərin məvacibini kim alır, kənd orta məktəblərinin qapısı nədən qıfıllıdır? TQDK 2013-2014-cü tədris ilinin buraxılış yekunlarını təhlil edərkən nəticələr Emin Mövsümovda hansı təəssüratlar yaratdı və Emin Mövsümov Bakıdakı dostlarından nələri xahiş etdi?
“Hacıqabul royonunda təhsil yoxdur” fikri yetərsaydır. Kənd orta məktəblərində baş verənlər mətbuatdan ictimaiyyətə bəllidir. Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədovu təhsil, orta məktəblərdəki təlim-tədris prosesi, şagirdlərin dərsə davamiyyəti, müəllimlərin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə nəzarət etməsi düşündürmür. Bir ayağı Bakıda olan Şükür Məmmədov bizneslə də məşğuldur. Daha doğrusu, vaxtı yoxdur ki, təhsilə zaman ayırsın, işlərini müavini aparır, müəllimlər də problemlərini müavinə deyir. Subyektiv fikrimizdir, müavininin təhsil şöbə müdiri işləməsi daha yaxşı olar.
Ucar rayon Təhsil Şöbəsi barəsində də vəziyyət ürəkaçan deyil. Orada da təhsil yoxdur fikri yetərsaydır. Çünki, dövrünə görə rayon təhsil şöbəsinin müdiri Fuad İsrafilov 30 saat ədəbiyyat və digər fənlərə dair dərs yükü üçün 8-9 müəllim işə götürür. İndi ona sual verən lazım idi ki, dərs yükü yox idisə, bu müəllimləri nə üçün yığmısan bura? Qeyri-ixtisas sahibi olan “müəllimlər” Ucarda yüzlərlədir. Fuad İsrafilov da biznesmendir. Hətta onun adı bir ara rayona icra başçısı olmaqla hallanırdı. Ucar rayon Təhsil Şöbəsi barədə ayrıca bir mövzu ilə çıxış edəcəyik.
Neçə illərdir ki, Masallı rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov barəsində mətbuat yazır, amma ölçü götürülmür. Redaksiyaların qəzet pullarına da göz dikən bu şəxs müəllimlərdən külli miqdarda abunə pulu adı altında vəsait yığır, KİV-də gündəmə gəlir. Həm qudası, həm də bacanağı olan Masallı rayon Maliyyə İdarəsinin müdiri ilə kifayət qədər qaranlıq maliyyə sövdələşmələri həyata keçirib. KİV buna dair onlarla fakt ortaya qoyub. Bircə o həqiqətdir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2011-ci il fərmanında göstərilib ki, təhsil şöbəsində yaş senzi ilə bağlı ümumi işçilərin 2%-i çalışa bilər. Masallı rayon Təhsil Şöbəsində 43 işçi olduğu halda, bu 0.86%-dir, yəni 1 nəfər yerinə 3 nəfər çalışıb. Məgər bunlar qanun pozuntusu, vəsait israfçılığına şərait yaradan əmsallar deyil? Kim vəsaiti buraxır bu kimi “işlərə”? Təbii ki, rayon maliyyə idarəsi!
Zaqatala rayonunda ali məktəblərə qəbul statistikası ilbəil aşağı düşür. Zaqatala rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov, Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev il ərzində rayonda təhsilin inkişafına dair işlərlə məşğul olmaq əvəzinə təşkilati məsələlərlə maraqlanır, demək olar onlar təlim-tədris prosesindən uzaqdır. Yeri gəlmişkən, Habil Qurbanov barəsində saytlarda yazılan tənqidi yazılar onun rayon təhsili ilə maraqlanmadığını təsdiqləyir.
Lənkəran rayon Təhsil Şöbəsinin xanım müdiri Şahanə Əhmədovanı ümumiyyətlə təhsil deyil, gündəlik qazancı maraqlandırır. Bunu hamı bilir və Lənkəran təhsilinin kimə həvalə olunmasına, təhsilin nə zaman təhsili bilənə tapşırılacağına dair fikirlərlər ortaya qoyulur. Rayondakı təhsillə bağlı biabırçı vəziyyət Mikayıl Cabbarovun əldə etdiyi uğurları kölgələyir. Təsəvvür edin ki, nazir gənc kadrları rayonlara işləməyə göndərmək istəyir, rayonlarda isə vakant yerlər gizlədilir. Yaşı 65-i ötmüş müəllimlərdən il ərzində aldıqları məvacibin 50%-nin geri alınması müqabilində işləməyə üstünlük verilir. Qocaman müəllimlər ümumiyyətlə dərsə gəlmir, gəldikdə isə dərsdə mürgüləyir, nəsillər isə təhsilsiz qalır. İki ildən sonra ali məktəblərə qəbul faizinin aşağı statistikasına, keçid ballarının aşağı salınmasına 50-60% abuturiyentin 0-50 bal arasında “müvəffəqiyətinə” ictimaiyyət Mikayıl Cabbarovu günahkar biləcək. Daha deyilməyəcək ki, icra başçılarının başını sığalladığı mütləq 90% təhsil şöbə müdirlərinin təyin olunmasında Mikayıl Cabbarovun xəbəri olmayıb. Bəli, bəli…
Amma o da şəksizdir ki, təhsilə biznes tərəfdən yanaşan təhsil şöbə müdirləri icra başçılarına sərf etdikləri kimi, özlərinə də pis gün ağlamayıblar. Məsələn, illik təhsilin icmal büdcəsinin “şişirdilməsi”nə şərait yaradılıb, milyon manatlarla dövlət vəsaitinin israfçılıqla xərclənməsi baş verib, məktəblərdə ştat vahidlərinə görə qanunsuz müavinətlər yazılıb, kompleksləşmə tələb olunan siniflərdə bu tələb aparılmayıb, artıq əmək haqqı yazılıb və vəsaiti özlərinə sərf şəkildə mənimsəyiblər. Siniflər qanunsuz olaraq yarımqrupa bolünüb, müxtəlif fondlara pul köçürülüb, “obnaliçka” olunub, amma bunların təhsilin inkişafına heç bir aidiyyəti olmayıb. Yeri gəlmişkən, Ağdam rayon Təhsil Şöbəsində aparılan yoxlamalardan sonra Cəbrayıl və Füzuli təhsilində də yoxlamalar aparılacağı barədə fikirlər var.
Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman müəllimin təhsildən xəbəri olmasa da, xanım müəllimlərə xüsusi yanaşma tərzində mahirdir. Elman müəllim krikumun mahiyyətini bilmir. Onda sual oluna bilər ki, bu şəxs rayonda təhsili necə idarə edir?
Nəhayət, qənaətimiz odur ki, belə gedə bilməz. Bəlkə də zamanı gəldikdə təhsil şöbə müdirləri təlim-tədris, təhsil prosesindəki acınacaqlı vəziyyətə dair sorğu-sual olunar. Hələlik, rayonlarda təhsil rəhbərlərinə hələ ki, təhsil yox, onların qarşısında qoyulan öhdəliklərin xətasız yerinə yetirilməsi lazımdır.