Səlim Müslümov sahibkarlara qarşı yeni cəza aparatına çevrilir...
Tarix: 6-04-2015, 08:53 |
Çap et
Aprel ayının ilk günləri sahibkarlar üçün o qədər də ürəkaçan olmaya bilər. Yox, bu, iqtisadi səbəblərlə bağlı deyil. Vertikal.az-a daxil olan məlumata görə, bir sıra nazirliklər öz səlahiyyətləri daxilində müəssisələrdə, xüsusən, özəl sektorda yoxlamalara başlayacaqlar. Buna səbəb həm də neftin ucuzlaşmasından, manatın devalvasiyasından sonra elə hakimiyyətin içində də müşahidə olunan maliyyə böhranının önlənməsidir.
Yoxlamaların daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aktivləşəcəyinə dair məlumat var. İndiyədək sahibkarlar Vergilər Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin və digər qurumların müvafiq strukturları tərəfindən yoxlamalarla üzləşirdilər. Belə yoxlamalar adi iş qaydasında gözlənilən idi. Bu ildən isə, yoxlamaların sistemli, genişmiqyaslı və adıçəkilən bu xidmət tərəfindən indiyədək keçirilən yoxlamalardan kifayət qədər fərqli olacağı bildirilir.
Belə ki, adıçəkilən xidmətin son dövrlərə qədərki fəaliyyətində sahibrkarlara – işəgötürənlərə qarşı sərt tədbirlərin tətbiq edilməsi müşahidə olunmurdu. Buna həm xidmətin qanunla nəzərdə tutulmuş səlahiyyətləri, həm də ümumiyyətlə, bu idarənin işinin o qədər də fəal olmadığı səbəb kimi göstərilirdi. Həmçinin, xidmətin daxil olduğu nazirliyin rəhbərinin «xarizması»ndan irəli gələn mövqeyi bu xidmətin sahibkarların üzərinə getməsinə o qədər də geniş imkan vermirdi.
Səlim Müslümovun hədəfləri…
Lakin Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasından qısa müddət ərzində bu qurumun fəaliyyətində ciddi dəyişiklik, belə demək olarsa, hətta, qəti və güzəştsiz davranışlar müşahidə olunmağa başlayıb. S.Müslümov əlində olan səlahiyyətlərin maksimum istifadəsinə çalışan və buna nail olmağı bacaran məmurlardandır. Kifayət qədər təcrübəsi və idarəçilik strategiyası olan yeni nazirin rəhbərliyi altında qısa müddət ərzində nazirliyin fəaliyyəti artıq işəgötürənlərin üzərində öz təsirini göstərir. Ötən ilin ikinci yarısından başlayaraq, əsasən, Xidmətin əməkdaşlarının bu və ya digər sahibkarlıq müəssisəsində tez-tez görünməyə başlaması, yoxlamaların, monitorinqlərin aparılması nazirin də bu məsələdə qəti mövqeyinin olduğundan xəbər verirdi. Lakin nazirliyin, eləcə də xidmətin qanunla müəyyənləşdirilən səlahiyyətlərinin müəyyən qədər məhududluğu yoxlayıcıların tam əl-qol açmasına əngəl olan səbəblərdən idi.
Lakin artıq indi – 2015-ci ilin aprel ayının əvvəlində nazirliyin və onun struktru olan xidmətin qarşısında hüquqi cəhətdən maneələr, demək olar ki, tam aradan götürülüb. Nazirliyin işinə bələd olan mütəxəssislərin təhlilinə görə, 2014-cü ilin son 3 ayında qanunvericilikdə aparılmış dəyişikliklər sanki planlı şəkildə ƏƏSM nazirliyinin və xüsusən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müəssisələrdə yoxlamalar aparmasına tam «yaşıl işıq» yandırmasına xidmət edib. Əlbəttə, bəzi normativ aktlardakı dəyişikliklər həm də zamanın tələbi, bu və ya digər sahədə münasibətlərin tənzimlənməsi üçün vacib addımlar sayılır. Xüsusən, işəgötürənlər tərəfindən əmək müqavilələrinin bağlanmasına nəzarətin gücləndirilməsi, idarə və müəssisələrdə əməyin təhlükəsizliyi qaydalarına riyaət olunmasına, əmək intizamı və s. bu kimi işçilərin mənafeyinin qorunmasına yönəlmiş tədbirlər müsbət dəyişikliklər sayılır. Eyni zamanda, bu cür labüd dəyişikliklərin fonunda nazirliyin yoxlamalar aparmaq səlahiyyətlərinin kifayət qədər genişləndirilməsi və demək olar ki, yalnız formal məhdudiyyətlərin saxlanması nəzərə çarpır. Atılan addımların mərhələli şəkildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinin genişləndirilməsinə, bununla yanaşı, digər strukturların da əlaqəli şəkildə fəallaşdırılmasına yol açdığı göz önündədir.
Qanunlarda dəyişiklik kimə sərfəlidir: Xidmətə, yoxsa sahibkara?
Bir sıra qanunvericilik aktlarında dəyişiklik və əlavələrə nəzər yetirmək kifayətdir. Ötən ilin sentyabr ayının sonlarından Əmək Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilməyə başlandı. Məcəllənin 15-ci, 13-cü, 64-cü maddələrində, İnzibati Xətalar Məcəlləsinin 25.5, 53-cü madədlərində, Miqrasiya Məcəlləsində, o cümlədən, digər əlaqəli normativ aktlarda müvafiq olaraq aparılmış əlavə və dəyişikliklər nəticə etibarilə ƏƏSM nazirliyinin strukturlarının işəgötürənlərə qarşı sərt inzibati tədbirlər görməsi hüququnu tanıdı. Bununla yanaşı və ən əsası isə, ƏƏSMN-in strukturlarının müəssisələrdə yoxlamaları birbaşa, heç bir digər orqanla razılaşdırmadan həyata keçirməsinə şərait yaranıb.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2014-cü il tarixli Fərmanı ilə «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» 28 sentyabr 2002-ci il tarixli Fərmanın 6-cı hissəsi ləğv edildi. O vaxt bəlkə heç mütəxəssislər də fikir vermədilər ki, 6-cı bəndin ləğv edilməsi hansı nəticələrə səbəb ola bilər. Məsələ burasındadır ki, ləğv olunan 6-cı bənddə dövlət orqanları (vergi orqanları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların aparılması qanunvericiliklə müəyyən elilmiş hallarda və qaydada yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilməsi göstərilirdi. Bu, aydın məsələdir ki, əlavə formal prosedurlar tələb edirdi. Hər dəfə yoxlamaya gedən orqan adıçəkilən nazirliyin nümayəndəsinin də iştirakını təmin etməli idi. Lakin 6-cı maddənin ləğvi, məsələn, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya Məşğulluq Mərkəzinə imkan verir ki, birbaşa, digər dövlət orqanının nümayəndəsini cəlb etmədən, yoxlamaya getsin.
Sonrakı dövrdə, ilin sonunadək, digər qanunlarda və məcəllələrdə dəyişiklik və əlavələr elə bir vəziyyət yaradıb ki, ƏƏSMN-in strukturları külli-ixtiyar sahibi kimi, sahibkarlıq subyektlərinə yoxlamalara girə bilərlər. Hətta, oktyabrın 3-də Nazirliyin Kollegiyası «ƏƏSMN tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib edilməsi Qaydaları»nı da təsdiq etdi. Həmin Qaydalar oktyabrın 17-dən qüvvəyə minib. Artıq nazirliyin və müvafiq strukturlarının səlahiyyəti var ki, yoxlamaları təkbaşına keçirsin, cərimələr tətbiq etsin, cəzalar versin. Əmək Məcəlləsinə son dəyişikliklə isə nazirlik tətbiq olunan cərimələrin məbləğindən 25 faiz «qonorar» götürmək səlahiyyətini də qazandı.
Bütün bunlar nə perspektiv vəd edir?
Nazirliyin bu və ya digər strukturu sahibkarlıq müəssisəsini yoxlamağa gedir. Əmək müqaviləsinin bağlanmasından tutmuş – işçilərin attestasiyası, əməyin mühafizəsi qaydaları, – bir sözlə, sahibkarın fəaliyyəti ilə bağlı istənilən məsələyə müdaxilə edir. Aşkar olunan nöqsanlara görə çox yüksək – 25 min manatadək cərimələr tətbiq edir. Qanunla yol verilən hallarda sahibkarın cinayət məsuliyyətinə cəlb edilməsinə dair təqdimat verir və sairə…Yığılan cərimə məbləğlərinin də 25 faizini işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə özünə götürə bilir. Hələ bu cür cərimə məbləğlərindən «qurtulmaq üçün» sahibkarlar tərəfindən təklif ediləcək «yoluna qoymaq» tariflərinin hansı hədlərə çıxacağını indidən demək tezdir. Baxmayaraq ki, artıq bu barədə də məlumatlar var… (Bu da ayrı mövzunun araşdırmasıdır-red.)
Sahibkarlar, «səlib yürüşü»ndən müdafiəyə hazırdırmı?
Beləliklə, S.Müslümov rəhbərlik etdiyi nazirliyi qısa müddətdə sahibkarların ən çox «çəkinməli olduğu» qurum səviyyəsinə yüksəltdi. 2015-ci ilin aprel ayından isə yeni mərhələyə start verilir ki, bu dönəm də sahibkarlar üçün ƏƏSMN-in müvafiq strukturlarından müdafiə olunmaqla keçəcək. Hansı qanun pozuntusuna görə hansı cərimələrin tətbiq ediləcəyi də başqa araşdırmanın mövzusudur. Ancaq onu demək olar ki, indiyədək çox kiçik görünən qanun pozuntularının qarşılığında kifayət qədər böyük cərimə məbləğləri, hətta, sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsi perspektivi də var.
Artıq sahibkarların üzərinə «səlib yürüşünə» bütün hazırlıq işləri başa çatıb. Başlamaq üçün bəzi kiçik təşkilati-texniki işlərin tamamlanması qalıb…Yoxlayıcıların təkmilləşdirilməsi, əlaqəli işlərin aparılması üçün bəzi MMC-lərin fəaliyyətinin təşkili və sairə.. Bəs görəsən sahibkarlar Səlim Müslümovun «səlib yürüşü»ndən müdafiəyə hazırdırmı? Bunu isə yaxın gələcək göstərəcək...