Yusif İldırımzadənin bankında əmanətçilərin pullarını necə mənimsəyirlər?
Tarix: 4-04-2015, 10:06 |
Çap et
Vertikal.az-ın məlumatına görə, 20 ildən artıq fəaliyyət göstərən «Amrahbank» ASC-nin bir qrup əmanətçisi illərdir hüquq-mühafizə orqanlarının və məhkəmələrin qapılarında qalıb. Səbəb müştəri kimi banka yaxınlaşıb depozitə pul qoyan əmənatçilərin pulunun, bankın işçiləri tərəfindən mənimsənilməsidir. Hər halda bankın rəhbərliyi həmin vəsaitlərin məhz işçilər tərəfindən mənimsənildiyini iddia edir.
Ölkənin bank sektorunda problemlərin olduğu, bankların müştərilərlə qeyri-sağlam davranması, kredit faizlərinin həddən artıq şişirdilməsi və sairə mövzularda xəbərlər daim yayılır. Həqiqətən, iqtisadi cəhətdən sürətlə inkişaf edən, inflyasiya birrəqəmli ədədlə ölçülən bank sektorunda bütün növ kreditlərin faizinin həddindən yüksək olması hər kəsi düşündürür. Daha doğrusu, bu məsələ vətəndaşları narahat edir, çünki kreditin ağır yükünü vətəndaş çəkir. Əmanət faizinin ən yaxşı halda10-12 faizədək olması, kredit faizlərinin süni surətdə şişirdilməsindən xəbər verən amillərdən biridir. Aşağı faizlə qəbul olunmasına baxmayaraq, ölkə banklarına əmanətə pul qoyanların da sayı kifayət qədərdir. Əmanət cəlb edilməsi bankların əsas fəaliyyət istiqamətlərindən biri olsa da, məlum olur ki, əmanətlərə yüksək faiz verməsi ilə özünü reklam edən «Amrahbank»da qoyulan «Təməl əmanət depoziti»nə xəyanət edilirmiş. Müxtəlif filiallarda fərqli formada öz əksini tapan «əmanətə xəyanət» üsullarının ən sadəsi hazırda ləğv olunmuş «4-cü mikrorayon» filialında baş verib. Təkcə 2013-cü ilədək bu filialda pulunu banka etibar edən vətəndaşların milyonlarla manatı mənimsənilib. Belə ki, Vertikal.az-ın məlumatına görə, ayrı-ayrı şəxslər 2013-cü ilin müxtəlif dövrlərində əmanətlərinin «Amrahbank»da itməsi ilə bağlı məhkəməyə və prokurorluq orqanlarına şikayət ediblər.
Mexanizm çox sadədir. Vertikal.az-a daxil olan məlumatlarda bu mexanizm izah olunur: Şəxs gətirib pulunu banka etibar edir, bütün sənədləşdirmə işləri yüksək səviyyədə aparılır. «Amrahbank»la əmanət müqaviləsi bağlanır, əmanətçi pulu kassaya təhvil verir, ona «əmanət kitabçası», plastik kartlar da təqdim olunur. Əmanətçi hər ay depozit faizlərini alır. İlin tamamında bankdan pulunun əsas məbləğini almağa gələndə isə ona deyirlər ki, sənin burda pulun yoxdur. Və yaxud cari hesaba qoyulmuş pulun dalınca 1 aydan sonra gələn müştəriyə də eyni cavab verilir. Əmanətçi təbii ki, baş ofisə, Mərkəzi Banka şikayət edir. Mərkəzi Bank vətəndaşa «Amrahbank»ın baş ofisinə və məhkəməyə şikayət etməyi məsləhət görür. «Amrahbank»ın rəhbərliyi isə çox qəribə olsa da, şikayətçiyə pulunun işçiləri tərəfindən mənimsənildiyini bildirir. Ancaq pulu vətəndaşa qaytarmır, ona hüquq-mühafizə orqanına müraciət etməyi məsləhət görür. Maraqlıdır ki, belə işlərdə «Amrahbank» ASC müştərini məhkəməyə mülki qaydada iddia qaldırmağa yox, bankın işçilərinə qarşı prokurorluğa şikayət verməyə istiqamətləndirir. Belə şikayətlərin birinin nəticəsində «Amrahbank»ın ləğv olunmuş «4cü mikr. filialının» mühasibi Arzu Salahovanın bankın sənədlərini saxtalaşdırması, vətəndaşların əmlakını mənimsəməsi istintaq qaydasında sübuta yetirilərək ona şərti cəza verilir. Ancaq müştərinin batan pulu "dirilmir"...
Buna bənzər hadisə 2014-cü ildə yenə təkrarlanır. Hazırda da baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir sıra şəxslərin depozitlərinin mənimsənilməsi, saxta kredit sənədləri ilə bankdan külli miqdarda pul çıxarılmasına dair cinayət işinin istintaqı aparılır. Yenə də bütün ittihamlar mühasib A.Salahovanın üzərinə yönəlib.
Müəmmalıdır, məbləği milyonluq rəqəmlərlə ölçülən depozitlərin mənimsənilməsi üçün sənədləri yalnız bir filialın mühasibi saxtalaşdıra bilərdimi? Əslində isə depozitin banka daxil olması və ya kredit məbləğinin çıxarılması üçün bankın bir neçə məsul işçisinin, o cümlədən, konkret filial müdirinin imzası tələb olunur. Bütün əməliyyatlar «Amrahbank»ın mərkəzi sistemində işlənir. «Azəricard»dan əmanətçilər üçün plastik kartlar sifariş olunarkən də bütün məlumatların sistemdə oturması təmin olunmaldır. Yoxsa burada bütün bir şəbəkə qanunsuzluq və mənimsəmələrlə məşğuldur?
İnsanların bank sektoruna onsuz da zəif olan inamının «Amrahbank»ın timsalında daha da itirilməsi acı təəssüf doğurur. Məsələ burasındadır ki, bankda hesab açan, əmanət qoyan, kredit alan və s. əməliyyatlar üçün banka üz tutan vətəndaş oranın işçilərinə görə yox, adına görə pulunu banka gətirir. Əmanətçi düşünmür ki, sabah onun pulu burada bata bilər və «Amrahbank»ın rəhbərliyi soyuqqanlıqla «pullarınızı işçilərimiz mənimsəyib» deməklə işini bitmiş hesab edə bilər. Vertikal.az-a bankın aldanmış müştərilərindən biri dedi ki, «Amrahbank» ASC-nin sahiblərinin və rəhbərliyinin kimliyini bildiyindən, bu banka pul qoymağın risksiz olacağını düşünüb: «Prokurorluqda, DİN-də yüksək vəzifə tutan qohumları olan şəxsin rəhbərlik etdiyi bankda, işçilərin bizi aldatmasını təsəvvür edə bilməzdim. 1990-cı illərdə bank işçilərinin dələduzluq etməsi, mənimsəmələrə yol verməsini görmüşdük. O vaxt hərc-mərclik idi, o cür banklar da sıradan çıxdı getdi. İndi isə bu cür yüksək post tutan adamların rəhbəri olduğu bankda pullarımız batır, cavab verən də yoxdur…Mən 100 min manat pulumu 1 ildən artıqdır ki, bankdan ala bilmirəm...Bank A.Salahovanı təqsirkar bilir».
Digər bir müştərinin isə 125 min manatı cari hesabdan "yoxa çıxıb".
Maraqlıdır, işçiləri tərəfindən müştərilərin əmanətlərinin mənimsənilməsini etiraf edən «Amrahbank»ın rəhbərliyi kommersiya qurumu kimi bu bankın işgüzar imici barədə bəs nə düşünür? Bu gün bir, sabah başqa işçisinin vətəndaşların pullarını mənimsəyən banka əmanət, əməliyyat hesabı etibar etmək olarmı? Fikrimizcə, bu, çox riskli məsələdir.
Yeri gəlmişkən, sahibləri və ya rəhbərliyi Xətai rayon prokuroru Yusif İldırımzadəyə yaxın olan bankın əməkdaşlarının saxtakarlıq və mənimsəmələrlə məşğul olması birmənalı qəbul olunmur. Qeyd edək ki, «Amrahbank»ın təsisçisi və Müşahidə Şurasının sədri Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadədir. Nəzərə alsaq ki, Yusif İldırımzadə həm də daxili işlər naziri Ramil Usubovun qudasıdır, o zaman bu bankda baş verənlər alıb-aldatmaq prinsipi ilə getməməlidir...
Əslində Azərbaycan dövlətinin qanunlarının keşikçisi olan adamların adına bağlı bir bankda insanların milyonlarla manatının fırıldaqla mənimsənilməsi özü təəssüf doğurmaqla yanaşı, həm də ciddi qanun pozuntusudur. Bəs görəsən müvafiq orqanlar məsələyə necə yanaşır?..