"Ağ şəhər" layihəsi Rövnəq Abdullayevin rəqibinin üzünü qaralda bilər
Tarix: 2-04-2015, 08:49 | Çap et
"Ağ şəhər" layihəsi Rövnəq Abdullayevin rəqibinin üzünü qaralda bilər
Son vaxtlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyində təmsilolunan şəxslərlə bağlı bir sıra maraqlı informasiyalar yayılmaqdadır. Bir vaxtlar Rövnəq Abdullayevin ən yaxın kadrlarından sayılan, sonradan isə şirkətin rəhbəri ilə hesablaşmamağa başlayan vitse-prezident Mikayıl İsmayılovun barəsində yayılan məlumatlar isə çox maraqlıdır. Qeyd edək ki, son dövrlərə qədər ARDNŞ-də yeganə söz sahibi şirkətin prezidenti Rövnəq Abdullayev idisə, hazırda vəziyyət əsaslı şəkildə dəyişib.

Belə ki, şirkətin ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, qurumda əsas söz sahiblərindən birinə çevrilib. Onun rəhbərliyi altında olan dostlar şirkətin əsas gəlirli postlarını bir-bir öz nəzarəti altına almaqdadır. Başqa sözlə desək, bütün karyerası boyu Rövnəq Abdullayevin yanında olan Mikayıl İsmayılov indi ona əks qütbdə dayanıb. Hətta irəli sürülən iddialara görə, Rövnəq Abdullayev də bəzi məqamlarda Mikayıl İsmayılovla hesablaşır və onun nüfuzunu qəbul edir. Vitse-prezidentin xoşagəlməz fəaliyyəti və qanundan kənar hərəkətləri isə ARDNŞ-də müxtəlif problemlərin yaranmasına, o cümlədən minlərlə insanın etirazına səbəb olur. Xatırladaq ki, bir neçə gün əvvəl şirkətin keçmiş operatoru Seyran Qafarov Mikayıl İsmayılovla bağlı bəzi maraqlı məqamları açıqlayıb: "Neft ucuzlaşıb. Bu, aydındır, bunu bilirik. Onu da bilirik ki, bu ucuzlaşma şirkətlərin gəlirini azaldır. Onlar da bu itkinin yerini nə iləsə doldurmalıdır. Başa düşə bilmədiyimiz məsələ başqadır. ARDNŞ-in "ən ağıllı adamı, baş strateqi, ən qənaətcil rəhbəri", şirkətin vitse-prezidenti və kadr islahatlarının "əsas ideoloqu" Mikayıl İsmayılov bu itkinin yerini nəyə görə məhz sıravi işçilərin hesabına doldurmağa qərar verib? İsmayılov uzun illər bu şirkətdə çalışan, mənim kimi böyük təcrübə toplayan bir neçə min nəfər azmaaşlı işçini bircə sözü, bircə imzası ilə işdən çıxartdırdı. Mənə yaxın olan və mənim kimi işsiz qalan bir iqtisadçı dostum var. O, "böyük ağıl sahibi" olan Mikayıl İsmayılovun təşəbbüsü ilə həyata keçirilmiş kütləvi ixtisarların absurd olmasını mənə izah edib. Mikayıl müəllimin hesablamasından belə çıxırdı ki, ARDNŞ bu kütləvi və guya məcburi ixtisarlar sayəsində qənaət elədiyi vəsaitlə şirkətin bütün strukturlarının rəhbər işçilərinin uzağı iki aydan bir qədər çox müddətdəki xərclərini, üstəlik şirkətin digər daxili xərclərini ödəyə biləcək". Mikayıl İsmayılovun sərəncamına verilmiş maliyyə-təsərrüfat siyasətinə baxanda belə məlum olur ki, bütün dünyanı əhatə edən bu böhran ona milçək vızıltısı qədər gəlir. M.İsmayılov sərəncamındakı vəsaiti Bakı və İstanbulda yüz milyonlarla dollarlıq yeni ofislər almağa yönəldir. ARDNŞ-dəki qaranlıq məqamları araşdıranda məlum olur ki, yaxşı maaşlı iş və yüksək status arzusunda olan qohum-əqrəbanın sayı şirkətdəki belə iş yerlərinin sayından çoxdur. Daha dəqiq desək, vitse-prezident yaxın qohumlarını vəzifəyə yerləşdirməkdən ötrü yeni şöbələr yaradıb. Təzə şöbələr isə indiyə qədər mövcud olan strukturu təkrarlayıb. Yadınızdadırsa, keçən saylarımızda Mikayıl İsmayılovun geniş biznes şəbəkəsi haqda məlumat vermiş və onun sahibi olduğu avtomobil satışı mərkəzlərinin xətti ilə milyonları öz büdcəsinə keçirdiyini yazmışdıq. Apardığımız araşdırmalar göstərir ki, ARDNŞ-in avtomobil parkının balansında yüzlərlə avtomobil var. Şirkətin orta və yüksək vəzifəli şəxsləri "Cadillac" və "Chevrolet" markalı bahalı xidməti maşınla təmin olunub. Ki, bu da təsadüfi deyil. Ona görə ki, ARDNŞ-in vitse-prezidenti həm "Cadillac Bakı Mərkəzi", həm də "Chevrolet Azerbaijan"ın diler firmalarının sahibidir. Hələ bu harasıdır ki. Mikayıl İsmayılov şirkətin balansında olan bütün avtomobilləri özünə məxsus yağ firmalarının məhsulları ilə təmin edir. Məsələn, şirkətin balansında olan bütün bu avtomobillərə göstərilən texniki xidmət zamanı "Repsol", "Dew", "Ekcellent", "Maqnium" markalı motor yağlarından istifadə edilməlidir. Bizə verilən məlumata görə, bu işlər birbaşa Mikayıl İsmayılovun tapşırığı əsasında həyata keçirilir. Yəni onun xəbəri olmadan ARDNŞ-in avtomobil parkındakı maşınlara kənar firmaların məhsulları ilə xidmət göstərilə bilməz. Çox maraqlıdır ki, bu günə qədər adı milyonluq yeyintilərdə, həmçinin digər qanunsuz əməllərdə çəkilən Mikayıl İsmayılovun haqqında bir dəfə də olsa tədbir görülməyib. Elə bu səbəbdəndir ki, Neft Şirkətinin vitse-prezidenti həm Bakıda, həm də Ağsu və Şamaxı rayonlarının ərazisində iri biznes obyektləri yaratmağa müvəffəq olub. Təbii ki, hörmətli Mikayıl müəllim bunların heç birini aylıq vəzifə maaşı ilə əldə etməyib. Onun varlanmasında, milyonlara sahib olmasında sirli məqamlar var. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, məşhur soyadlardan birindən istifadə edən ARDNŞ-in vitse-prezidentinin bəzi obyektləri təhlükə qarşısındadır. Mənbənin sözlərinə görə, "Bakı Ağ Şəhər" layihəsinə əsasən paytaxtın Babək prospekti Birinci Avropa Olimpiya oyunlarından sonra təmirə dayanacaq: "Layihədə prospekt boyunca yolun sağ və sol hissəsində yerləşən bütün obyektlərin sökülməsi nəzərdə tutulub. Bu obyektlərin arasında Mikayıl İsmayılova məxsus "Cadillac Bakı" və "Chevrolet Azerbaijan"ın satış mərkəzləri də var. Qeyd olunan avtomobil satışı mərkəzlərinin sökülməsi vitse-prezidentin biznesinə böyük zərbə vura və o böyük gəlirini itirə bilər". Araşdırmalar zamanı həmçinin "Bahar Enerji Əməliyyat Şirkəti"nin də Mikayıl İsmayılovun nəzarətində olduğunu öyrəndik. Diqqətinizə çatdıraq ki, sözügedən şirkət əvvəllər "Hafka" ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədovun nəzarətində olub. Sonradan isə şirkət "Hafka"dan alınıb: "Bahar Enerji Əməliyyat Şirkəti"nə ARDNŞ-in tərkibində olan "Azneft" İB-nin direktoru Daşqın İsgəndərovun qardaşı rəhbərlik edir. Yeni görəv verilən şəxsin Böyük Britaniyadan gətirildiyi deyilir. Daşqın İsgəndərovun qardaşının indiyə qədər Avropada nə işlə məşğul olması barədə heç bir məlumat verilmir. Daşqın İsgəndərov Mikayıl İsmayılovun kadrıdır. Şirkətin vitse-prezidenti "Bahar Enerji Əməliyyat Şirkəti"nin vasitəsilə bəzi planlarını həyata keçirir, nəticədə külli miqdarda vəsait şəxsi maraqlar üçün istifadə edilir. Bu arada, son vaxtlar neftçilərin müalicəsi ilə bağlı çətinliklər yaranıb. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının bildirdiyinə görə, neftçilərin müalicəsi ilə bağlı təşkilata edilən şikayətlər arasında dərmanla təminatdan narazılıqlar da var: "Tibbi sığorta olunan neftçilər əksər hallarda dərman preparatları almağa məcbur edilirlər. Tibbi sığortanın ödənişlərində müəyyən nöqsanlar var. Tibbi sığorta ödənişləri şirkət rəhbərliyinin himayəsində olan klinikalara köçürülür. Bu isə vəsaitin bu cibdən digər cibə ötürülməsinə bənzəyir. "BP-Azerbaijan" və ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində çalışan əcnəbi işçilər tibbi sığorta olunublar. Onların ailələri belə yüksək səviyyədə tibbi xidmətlərdən yararlana bilirlər. Üstəlik, sığorta ilə istirahət edir, turist kimi gəzirlər. Lakin ARDNŞ tibbi sığortanın tətbiqini yüksək səviyyədə həyata keçirmir". Təşkilat rəhbərinin qabartdığı problem əsassız deyil. Həqiqətən də, bu gün neftçilərin müalicəsi və tibbi sığortası ürəkaçan deyil. Bu isə səbəbsiz deyil. Çünki tibbi sığorta ödənişləri əsasən Mikayıl İsmayılovun nəzarətindəki " Modern Hospital" və " Baku Medical Plaza"ya edilir. Bu və digər maraqlı məqamlar, həmçinin "Şamaxı Rixos" hotelində baş tutan görüşlər haqqında gələn saylarımızda böyük yazı dərc edəcəyik. Bizi izləməyi unutmayın.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net