Qarabağda ermənilərin son aktivliyinin sirri
Tarix: 12-02-2015, 09:39 | Çap et
Qarabağda ermənilərin son aktivliyinin sirri
“Azərbaycanda döyüş hazırlığı çox yüksək şəkildə gedir deyə, ermənilərin marağı bizə daha da artır”.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov ermənilərin son vaxtlar cəbhə bölgəsində diversiya əməliyyatlarını artırmasına münasibət bildirərkən söyləyib.

O, ermənilərin Azərbaycanın döyüş hazırlığından narahat olduqlarını bildirib:

“Hərbi hissələrdə adətən yanvar aylarından etibarən döyüş hazırlığı ili başlayır. Yəni bu aylardan etibarən döyüş hazırlığı, təlimlər aktivləşir. Mən ermənilərin cəbhə istiqamətindəki bu aktivliyini başqa bir şeylə bağlamaq istəməzdim. İkincisi, əvvəllər ermənilərin diversiya kəşfiyyat qrupları nəyəsə nail olurdularsa, indi heç bir şey bacarmırlar. Buna görədir ki, onlar hər dəfə itki verirlər. Bizim əsgərlərin döyüş hazırlığı yüksək səviyyədədir. Təbii ki, tərəflərdən biri aktivləşdikcə və döyüş hazırlığı yüksək olduqca, digər tərəf kəşfiyyat toplayıb, məlumat almaq istəyir. Yəni müəyyən formada onlar qarşı tərəf kimi öz işlərini görürlər. Azərbaycanda döyüş hazırlığı çox yüksək şəkildə gedir deyə, qarşı tərəfin marağı daha da artır. Əlbəttə ki, ermənilərin bütün təxribatlarının hər birinin qarşısı alınır. Mən bunların hamısını Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəlişi və qarşı tərəfin buna marağının artması ilə bağlayıram. Başqa səbəblər sırasında isə bölgədə və dünyadakı siyasi məsələlər yer alır. Onların həyasızlığı məhz bu zaman özünü göstərir. Yenə də deyirəm, ordunun döyüş hazırlığı, Müdafiə naziri, Baş Qərargah rəisinin daim ön cəbhədə olması erməniləri narahat edir. Onlar da bu narahatlığı belə formada büruzə verirlər”.

Ekspert ermənilərin Ağdam-Tərtər istiqamətini özləri üçün prioritet məkan seçdiklərini deyib:

“Ermənilərin aktivliyi həmişə ən çox Ağdam-Tərtər istiqamətində olub. Bu istiqamətdə onların da poliqonları var. Onlar təlimlərini daha çox məhz bu hissədə keçirirlər. Ermənilərin aktivliyinin səbəblərindən biri də budur. Həmçinin Tərtər-Ağdam istiqaməti onlar üçün həmişə prioritet istiqamət olub. Ermənilər hər dəfə də əsas hücumlarını buradan həyata keçirməyə çalışıblar. Adı çəkilən ərazidə yaşayış məntəqələrinin çox olması burada insanlar arasında narahatlıq yaratmağı da asanlaşdırır. Bu bizim orduya da bəllidir. Ona görə də ermənilərin buradan hücum etmələri hər zaman diqqət mərkəzində saxlanılır”.

Qeyd edək ki, ermənilər ilin əvvəlindən cəbhədə bir neçə dəfə təxribat törətməyə cəhd göstəriblər. Bir neçə gün öncə 6 nəfərlik diversiya qrupu təmas xəttini keçmək istəyərkən minaya düşdü və diversantlar məhv edildi. Ötən gün isə daha iki diversiya qrupu zərərsizləşdirildi.

Erməni mediası ölənlərin meyitlərinin gizlədilməsindən narahatlıq ifadə edən ictimai fəalların bəyanatlarını dərc edib.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net