Əhməd Əhmədzadənin kadr islahatı aparmaqla arası yoxdur?
Tarix: 18-03-2015, 09:55 | Çap et
Əhməd Əhmədzadənin kadr islahatı aparmaqla arası yoxdur?
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin deyəsən kadr islahatları aparmaqla arası yoxdur. Qurumun yerli idarələrində uzun illərdir rəhbər vəzifələri tutan şəxslərin hələ də işdə saxlanması bunu deməyə əsas verir. 2006-cı ildən ASC-yə rəhbərlik edən 70 yaşlı Əhməd Əhmədzadə nadir hallarda hansısa yerli idarənin rəisini dəyişir, yaxud digər kadr islahatları aparır.

Bəlkə elə buna görədir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bəzi yerli idarələrində tez-tez korrupsiya hüquq pozmaları aşkar edilir, idarə rəislərinin külli miqdarda yeyintiyə yol verdiyi üzə çıxır. Bu haqda dəfələrlə tənqidi məqalələr yazsaq da, Əhməd müəllim tərəfindən heç bir ciddi tədbir görülməyib. Qeyd edək ki, əksər rayonlarımızda olduğu kimi, Aran bölgəsinin gözü sayılan Bərdədə də suvarma sistemi sahəsində ciddi problemlər hökm sürür. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Natiq Əhmədov tutduğu vəzifəyə qazanc mənbəyi kimi baxır və buna görə də əkin sahələrinin yetərli hissəsi susuzluqdan əziyyət çəkir: "Rayondakı əkinə yararlı torpaqlar yüz hektarlarla sahəni əhatə edir. Bərdə rayonunun əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, həmçinin onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. Natiq Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərən idarə ümumilikdə 53949 hektar sahəyə xidmət etməlidir. Amma istənilən səviyyədə xidmət edə bilmir. Bunun isə bir sıra səbəbləri var. Belə ki, suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğuların əsas hissəsi bərbad vəziyyətdədir. Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri aşağı səviyyədə aparılır. İdarə rəisi təmir-bərpa, yenidənqurma tədbirləri adı altında indiyə qədər külli miqdarda büdcə vəsaitini öz maraqlarına qurban verib. Məhz bu üzdən son illər Bərdədə əkinçilik və heyvandarlıq məhsulları istehsalı sahəsində ciddi uğurlar əldə olunmayıb". Mənbənin sözlərinə görə, güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, bu avadanlıqların heç tozu da silinmir: "Suvarma Sistemləri İdarəsi Bərdə rayonunda ən çox korrupsiyalaşmış müəssisələrdən biri hesab olunur. Natiq Əhmədov heç kimdən və heç nədən çəkinməyərək qanunsuz işlər görür. O "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Bərdə rayonunda fəaliyyət göstərən bütün idarələrinin işini öz kurasiyasına alıb. Həmin idarələrə ayrılan vəsaitlər birbaşa Natiq müəllimin nəzarəti altında sərf edilir. Yerli əhali Bərdə Suvarma Sistemləri İdarəsinin fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. İdarə rəhbərliyi su istifadəçiləri arasında imkanına, cəmiyyətdəki mövqeyinə, qohumluq əlaqələrinə görə ayrı-seçkilik salır ki, bu da öz növbəsində haqlı narazılıqların yaranmasına səbəb olur. Təsərrüfatların vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməməsi məhsuldarlığa mənfi təsir göstərir, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təmini məqsədinə nail olmaq işini ləngidir. Bundan başqa, idarənin hesabat sənədlərində, "forma-2" aktlarında kanalların, hidroqurğuların təmizlənməsi, təmiri, idarəyə texniki avadanlıqların alınması zamanı da ciddi nöqsanlara yol verilir. Sərf olunan məbləğin kağız üzərində şişirdilməsi nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurulur. Rayonun əkin sahələrinin, fermer təsərrüfatlarının suvarma suyu ilə etibarlı təminatından söhbət gedə bilməz". Əldə etdiyimiz məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, qrunt sularının səviyyəsinin aşağı salınması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulsa da, Natiq Əhmədov qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələ bilmir: "İdarəyə ayrılan vəsaitlərin böyük hissəsi şəxsi büdcələrə yönəldilir. Məsələn, Kətəlparaq, Hacallı, Xanərəb, Gərənə, Divanlı, Əmirli, Xanxanımlı, Dəymədağıldı, Qurdlar, Soğanverdilər, Yeni Daşkənd, Körpüsındıran, Samuxlu, Bəcirəvan, Kərimbəyli və Ərəblər kəndlərində subartezian quyusunun qazılması işlərində yüz minlərlə manat büdcə vəsaiti mənimsənilib. Lakin buna baxmayaraq, Natiq Əhmədova güldən ağır söz deyən yoxdur. Çünki idarə rəisi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə, eləcə də ASC sədri Əhməd Əhmədzadə ilə yaxşı münasibət qurmağı bacarıb. Natiq müəllim hər ay həm icra başçısını, həm də cəmiyyət sədrini "görür". Hətta icra başçısının qeyd kitabçasında idarə rəisinin adının ön sırada qeyd olunduğu deyilir. Buna görə də onun həyata keçirdiyi qeyri-qanuni işlərə göz yumulur". Gələn saylarımızda 3 dizel mühərriki, 6 nasos stansiyası, 8 elektrik mühərrikinin əsaslı təmiri zamanı yol verilən yeyintilər və idarədə mövcud olan digər xoşagəlməz məqamlar haqqında geniş məlumat verəcəyik. Bizi izləyin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net