Əhməd Əhmədzadənin kadrına ağır ittihamlar...
Tarix: 17-03-2015, 10:26 | Çap et
Əhməd Əhmədzadənin kadrına ağır ittihamlar...
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlar və idarədə baş alıb gedən özbaşınalıqlarla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən mənbənin bildirdiyinə görə, Əhməd Əhmədzadənin ən yaxın kadrlarından sayılan Elçin Əsədov tutduğu vəzifədən istifadə edərək ona etibar olunmuş dövlət əmlakından təyinatı üzrə istifadə etmir. Hazırda Neftçalanın bir sıra kəndlərinin suvarma suyu ilə təminatının bərbad vəziyyətdə olduğunu bildirən mənbənin sözlərinə görə, buna səbəb dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, o cümlədən müəyyən məqamlarda yeyintiyə yol verilməsidir: "Elçin Əsədov bu günə qədər işində xeyli nöqsana yol verib, amma onun barəsində heç bir tədbir görülməyib.

Neftçala camaatının əsas dolanışıq yeri balıqçılıq və kənd təsərrüfatıdır. Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər kəndləri suvarma suyu ilə təchiz olunmadığından camaat olduqca çətin vəziyyətlə üzləşib. Hara müraciət ediriksə, bizi əliboş yola salırlar. İdarə rəhbərinin nəzarətində olan sudan istifadə edənlər birlikləri fermerlərlə qanuna uyğun qaydada müqavilə bağlamaqda maraqlı deyillər. Onlar hər hektara görə dövlət rüsumundan əlavə 5 manat pul tələb edir. Bu isə insanların narazılığına səbəb olur. Torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq Elçin müəllimin maraqlarını nəzərə almalıdır. İstifadə olunan suyun müqabilində dövlət tərəfindən nəzərdə tutulmuş rüsum var. Yəni hər kubmetr suya görə ödənilən məbləğ mövcuddur. Lakin Neftçala Suvarma Sistemləri İdarəsi üçün qanunda nəzərdə tutulan məbləğ əhəmiyyət kəsb etmir. Çünki idarənin özünün müəyyən etdiyi rüsumlar var və suvarma suyu istəyən hər kəs həmin məbləği ödəməlidir. Əks halda, heç kimə su verilmir. İcra başçısı İsmayıl Vəliyev də bizə köməklik etmir". Məlumatlı şəxs deyir ki, idarə rəisinin xoşagəlməz fəaliyyəti nəticəsində rayonda əkin sahələri sürətlə şoranlaşır və bunun nəticəsində əkinə yararlı torpaqlarda məhsuldarlıq xeyli aşağı düşür: "Elçin Əsədov sovet dönəmindən qalmış və istifadə müddəti çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə işini bitmiş hesab edir. Müvafiq sənədlərdə isə həmin nasosların yeniləndiyi göstərilir. Dövlət büdcəsindən rayondakı su kanallarının təmizlənməsi üçün ayrılmış vəsait də təyinatı üzrə xərclənmir. Belə ki, Elçin Əsədov ətrafında olan bir neçə şəxsin yardımları ilə büdcədən ayrılmış vəsaiti silib, lakin su kanallarında heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir iş görülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu səbəbdən də suyun əkin sahələrinə çatdırılmasında ciddi problemlər yaranır. Kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının da pulu mənimsənilir". Mənbəmiz vurğulayır ki, su kəndlilərə dövlət qiymətindən bir neçə dəfə baha qiymətə satılır: "Pul əvvəlcədən nağd olaraq alınsa da, bir çox hallarda kəndlilərə yetəri qədər su verilmir. Suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. Buna görə də Elçin Əsədovun tabeçiliyində çalışan şəxslər əhaliyə deyir ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən Neftçala Suvarma Sistemləri İdarəsinə kifayət qədər vəsait ayrılır. Elçin Əsədov və onun əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bundan başqa, Neftçala Suvarma Sistemləri İdarəsinin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda gəlir əldə olunur". Araşdırmalar nəticəsində isə öyrəndik ki, Neftçala rayonunda çöl kəndlərinin əkin sahələrini suvarmaq üçün 2010-cu ildə çəkilmiş su borularına 2,5 milyon manat pul xərclənsə də, hələ indiyə qədər heç kim oradan bir qaşıq su belə götürə bilməyib: "Uzunluğu 1 km olan və "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən inşa edilən həmin borunun inşası zamanı ciddi yeyintilərə yol verildiyindən bu gün də ondan istifadə etmək mümkün deyil. Diametri 110 sm, uzunluğu 1 km olan su xətti ona görə çəkilməliydi ki, Neftçalanın əksər kəndlərinin illərdən bəri susuzluqdan əziyyət çəkməsinin qarşısı alınsın. Hələ tikinti gedən zaman həyəcan təbili çalındı ki, görülən işlərin keyfiyyəti aşağı olduğundan tez bir zamanda ciddi problemlər meydana çıxacaq. 2010-cu ildə inşasına başlanılan su kəməri 2012-ci ildə başa çatdı və Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil verildi. Amma bu günə qədər həmin borunun imkanlarından istifadə edə bilmirik. Baş verənlərin məsuliyyəti idarənin rəisi Elçin Əsədovun üzərindədir. Çünki tikinti işlərini həmin şəxsin rəhbərlik etdiyi qurum həyata keçirib. Bu günə qədər kimsə ondan soruşmayıb ki, bu qədər pulu hara və nəyə xərcləyib. Ortada isə ciddi yeyinti faktı var və 2,5 milyon manatın mənimsənildiyi açıq şəkildə görünür". Hesab edirik ki, aidiyyəti dövlət qurumları qeyd olunan məsələləri araşdırıb Neftçala Suvarma Sistemləri İdarəsində mövcud olan maliyyə pozuntularını aşkara çıxarmalıdır. Elçin Əsədov isə işində yol verdiyi nöqsanlara, şərait yaratdığı yeyintilərə görə tutduğu vəzifədən azad edilməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net