İlham Əliyev Ramil Usubova “möhtəkirləri həbs etməyi” tapşırıb
Tarix: 13-05-2015, 08:54 |
Çap et
Hazırda “Cahangir Hacıyevin işi” ilə bağlı araşdırma və həbslər davam edir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Banka borclu olan 3 minə yaxın iş adamının dindirilib, 100-ə yaxın adam haqda həbs qəti-imkan tədbiri seçilib. Bu barədə istiqlal.az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.
Mənbə deyir ki, borclulardan borclarını ödəmək tələb edilir, ödəyənlər dərhal sərbəst buraxılır: “Həbs edilənlər isə küllü miqdarda borcu ödəməyənlər və kreditləri mənimsəyənlər, birbaşa C.Hacıyevin biznes ortaqlarıdır”.
Mediada yayılan xəbərlərə görə, “Bandotdel” Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər aparır.
Mediada yayılan xəbərlərə görə, iş üzrə artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.
İlham Əliyev Ramil Usubova tapşırığ verib
Bu proses prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Prezident bank sektorundakı özbaşınalıqlara son qoyulması vəzifəsini DİN-ə və şəxsən nazir Ramil Usubova həvalə edib.
Belə ki, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxıb. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi.
Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir.
Ən ağır vəziyyət isə Beynəlxalq Bankda hökm sürürmüş və Cahangir Hacıyevin “könüllü” istefasının səbəbi də məhz budur.
6 milyard dollar mənimsənilib
Mənbələrin məlumatına görə, araşdırma zamanı üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata (!) yaxındır. Bu vəsaitlər müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verilib, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırılıb.
Məsələn, Beynəlxalq Bankın Nehrəmli Hacı İbrahimin mifik “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyi bəllidir. Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında “Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar. Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.
Milyarderin şübhəli əməliyyatları
Həbs edilənlərdən “PNN Group” şirkətinin təsisçisi və Nizami Piriyevdir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.
Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.
“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Qeyd edək ki, Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.
Piriyevlər Toni Bleyeri Bakının Qaradağ rayonunda metanol zavodunun təməlqoyma mərasiminə dəvət etmiş və ona yüz minlərlə dollar qonorar ödəmişdilər. Bu qonorara görə Bleyer ölkəsində kəskin tənqidlərə məruz qaldı.
ABŞ-ın Texas ştatından alınan köhnə zavodun Qaradağda quraşdırılıb başa çatması 2012-ci ildə baş verdi. Piriyevlər bildirirdi ki, zavodun istehsal etdiyi metanolun əsas müştərisi BP şirkəti olacaq. Lakin bu günlərdə gözlənilmədən məlum oldu ki, SOCAR Piriyevlərin zavodunun xammalını - təbii qazı dayandırıb. Nəticədə zavod fəaliyyətini dayandırmalı olub. İndi isə növbə ata Piriyevə çatır. Sən demə, o, Beynəlxalq Bankdan götürdüyü yüz milyonlarla dollarlıq krediti qaytarmayıbmış...
Sabiq icra başçısı həbs edilib
Bununla yanaşı, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunması xəbəri yayılıb. Məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.
Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.
Dollar alverinin bədəli
İstiqlal.az bir qədər öncə etibarlı mənbəyə istinadən xəbər yaymışdı ki, C.Hacıyevin istefaya göndərilməsinin kökündə devalvasiyadan öncəki dollar alveri durur: “C.Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən C.Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib”.
Mənbə onu da bildirir ki, Mərkəzi Bankın ilkin qərarı yumuşaq devalvasiya olub: “Ancaq C.Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov prezidentə məruzəsində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. Bundan sonra prezident C.Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə S.Şərifova göstəriş verib. Və C.Hacıyev 50 yaşında “xəstəliyi” ilə bağlı istefaya göndərilib”.
Mənbə deyir ki, prezident İlham Əliyev konkret ad çəkməsə də fevralın 24-də Mingəçevir səfərində “devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər” deyəndə konkret olaraq C.Hacıyevi nəzərdə tutub.
İlham Əliyev Mingəçevir səfərində günahkarlara mesaj göndərdi
Yada salaq ki, prezident fevralın 24-də Mingəçevir səfərində devalvasiya ilə bağlı fikirlərini açıqlamışdı: “Bölgədə iqtisadi sahədə gedən xoşagəlməz proseslər, əlbəttə ki, bizə də təsir göstərmişdir. Bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatı keçirdik, 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız artıq başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır, o vaxta qədər 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 dollar 1 manat oldu və on il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq, eyni zamanda, qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda, əlbəttə ki, manatın məzənnəsinin getdikcə artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın. Mən yanvar ayında regionların sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş konfransda bu barədə öz fikrimi açıq şəkildə bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar. Bu, heç kəs üçün sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir.
Regionda baş verən hadisələr və dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdir ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.
Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”.
“Möhtəkir və natəmiz adamlar”
Mənbə onu da bildirirdi ki, C.Hacıyevin istefasından sonra Beynəlxalq Bankda və onun özəlləşdirdiyi ASC-lərdə maliyyə təftişinə başlanılıb: “C.Hacıyevin dövlətə vurduyu ziyanın həcmi müəyyənləşdirilir. Təftiş yekunlaşan kimi ziyanın dövlətə ödənilməsi ilə bağlı qərar qəbul ediləcək”.
İstiqlal.az-ı məlumatlandıran mənbə deyir ki, həbs edilən iş adamları da prezidentin vurğuladığı kimi, “bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alan” zümrəni əhatə edir ki, onlar da C.Hacıyevin ən yaxın ətrafına daxil olan şəxslərdir. Bir sözlə prezident “möhtəkir və natəmiz adamlar” deyəndə məhz indi həbs olunanları nəzərdə tutur.