Xəzər rayonunda 2-ci qrup əlilin haqqını kim yeyir
Tarix: 7-05-2015, 09:40 | Çap et
Xəzər rayonunda 2-ci qrup əlilin haqqını kim yeyir
Keçən günlərdə Vertikal.az olaraq Bakı şəhəri, Bakıxanov qəsəbə sakini, II qrup əlil Akif Şükürovun təqdim etdiyi məlumatlar əsasında bir materialı diqqətinizə çatdırmışdıq. Aldığımız məlumatda Akif Şükürov öz qohumları tərəfindən haqsızlığa və təzyiqlərə məruz qaldığını, hüquq-mühafizə orqanlarının isə bu məsələdə ona yardım etmədiklərini bildirmişdi. Belə ki, 2009-cu ildə Akif Şükürov müəyyən səbəblər üzündən rayondan Bakıya köçüb gəlməli olmuş doğma bibisinin ailəsinə yardımçı olmaq qərarına gəlir. İlk növbədə qohumlarını kirayə qalmaq məcburiyyətindən qurtarmaq üçün Akif Binə qəsəbəsi, Atçılıq yaşayış massivindəki 800 kv.m-lik torpaq sahəsini və həmin sahədə inşa olunmuş bir mərtəbəli, 2 otaqlı şəxsi evini bibisinin ailəsinə müvəqqəti istifadəyə verir. Akifin bibisi oğlu Hikmət Cahangirov atası, anası, həyat yoldaşı və üç övladı ilə birlikdə həmin evə köçürlər. Bundan sonra Akif yenə də Atçılıq yaşayış massivində əlavə 400 kv.m sahəsi olan ərazi alaraq, burada da öz hesabına kafe tikdirir və bu obyekti də qohumlarının istifadəsinə verir. Bundan başqa isə Akif “Qazel” markalı bir avtomobil də alaraq, onu da etibarnamə ilə bibisi oğluna verir. Və nəhayət bir qədər sonra da, yenidən Atçılıq massivi ərazisində Akif Hikmət Cahangirovun digər iki qardaşı, Mehman və İntiqam üçün də ev tikilməsi məqsədilə 800 kv.m-lik torpaq sahəsi alır. Beləcə, 2014-cü ilin yayına qədər qohumları Akif Şükürovun dəstəyindən gen-bol bəhrələnirlər. Bundan sonra Akif Şükürov bibisi oğluna artıq ona olan borclarını da qaytarmaq barədə düşünməyin vaxtı çatdığını bildirir. Qeyd edək ki, həmin vaxt Hikmətin ailəsi artıq qardaşları üçün yeni tikdikləri evdə qalırdılar. Akifin evini isə sahibinə qaytarmaq əvəzinə, kirayə vermişdilər. Kafedə də işlər qaydasında gedir. Bir sözlə, Cahangirovların artıq himayəyə heç bir ehtiyacları yoxdur. Həm də Akif onlardan artıq heç nə tələb etmir. Sadəcə olaraq, evini geri almaq, digər əmlakın isə pulunun ödənilməsini istəyir. Akif qohumlarına təklif edir ki, torpaq sahəsinin də, kafenin də pulunu hissə-hissə, Hikmətin özünə münasib qaydada və müddətdə qaytarsınlar. Amma Cahangirovların niyyəti tamam başqa imiş. Əvvəlcə Hikmət dayısı oğluna 800 kv.m-lik torpaq sahəsinin dəyərindən 10700 (on min yeddi yüz) ABŞ dolları ödəyir. Amma pulun qalan hissəsini, yəni daha 10000 (on min) dolları qaytarmır. Həmçinin Hikmət Cahangirov Akifə nə kafenin pulunu, nə də dayısı oğlunun öz halalca evini qaytarmaq niyyətində olmadığını qəti bildirib. Hətta 2014-cü ilin payızında Akif boş qalan evini kirayə vermək məqsədilə ora müştəri aparıb. Bu zaman onlara hücum edən Hikmət isə həm dayısı oğlunu, həm də digər vətəndaşı ölümlə hədələyib. Bundan sonra Akif şikayətlə Xəzər RPİ-nin 2-polis bölməsinə müraciət edib. Lakin Hikmət Cahangirov hətta bölmədə də, sahə müvəkkili Xəqani müəllimin yanındaca Akifə yenidən hücum edib. Maraqlıdır ki, Akif Şükürov Hikmətin bu əməlinin protokollaşdırılmasını tələb etdikdə, sahə müvəkkili ona – mən heç nə görmədim, deyə cavab verib. Materialda həmçinin qeyd olunmuşdu ki, bir müddət əvvəl Hikmət Akifə məxsus “Qazel”i də Mahir adlı bir qonşusuna satıb. Bir qədər sonra isə DYP əməkdaşları avtomobili sənədsiz idarə olunduğuna görə saxlayaraq cərimə meydançasına aparıblar. Bundan sonra isə “Qazel”in əsil sahibi olaraq məhz Akif avtomobili geri alıb. Avtomobilə görə Hikmətə pul ödəmiş Mahir verdiyi məbləği təbii ki, geri istəyib. Hikmət isə pulun əvəzinə, qonşusuna Akif Şükürova məxsus torpaq sahəsinin bir hissəsini verib. İndi də Mahir həmin sahəni hasarlayıb və özünə orada ev tikdirir. Bununla bağlı bir müddət əvvəl həmin əraziyə, yəni öz həyətinə gedən Akif Mahirə də bu torpaq sahəsinin ona məxsus olduğunu bildirib. Lakin hər iki qonşu yenidən Akifə hücum çəkiblər və Mahir bu dəfə əlinə ağır armatur parçası da götürüb. Bundan sonra Akif Şükürov təkrar polisə müraciət edib. Bu dəfə 2-ci bölməyə Hikmətlə birgə Mahir də gətirilib. Bölmədə isə polis mayoru Firdovsi Ömərov, bölmənin rəisi Sahib müəllim və təhqiqatçı Natiq Əliyev olublar. Akif Şükürovun və daha bir neçə şahidin sözlərinə görə Mahir və Hikmət yenidən Akifə hücum etməyə cəhd göstəriblər və yalnız bölmə rəisi Sahib müəllimin müdaxiləsi baş verə biləcəklərin qarşısını alıb. Bundan sonra Akif Şükürovun şikayəti əsasında bölmədə təhqiqata başlanılıb. Amma Akif bunu da qeyd etmişdi ki, onun bu təhqiqatın obyektiv aparılacağına böyük şübhələri var. Bu günlərdə yenidən redaksiyamız amüraciət etmiş Akif Şükürov bildirib ki, o, bu yaxınlarda növbəti dəfə Mahirin hücumuna məruz qalıb. Hətta əlil adama əl qaldıran Mahir güc tətbiq edərək Akifin qolunu burmaqla ona xəsarət də yetirib və bu barədə tibbi ekspertin rəyi də vardır. Rayonun hüquq-mühafizə orqanları isə hələ də bu məsələyə yetərincə müdaxilə etməyə tələsmirlər…





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net