İcra başçısından prezidentə şikayət olunacaq
Tarix: 9-04-2015, 10:03 |
Çap et
Salyan rayonunun bir qrup sakini icra başçısı Tahir Kərimovdan ölkə başçısı İlham Əliyevə şikayət edəcək. Bunu Vertikal.Az-a Salyan rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, ölkə başçısına ünvanlanacaq müraciətlə bağlı artıq rayonda xeyli sakin imzatoplama kampaniyasına start verib. Sakinlərin əsas şikayəti rayonda baş verən məmur özbaşınalığı, sosial gərginlik və problemlərə rayon rəhbərliyinin biganəliyi ilə bağlıdır. Həmçinin sakinlər bildiriblər ki, rayonun 20-ə yaxın kəndində 9 gün elektrik enerjisi olmayıb, problem qismən həll olunsa da, rayon rəhbərliyi ciddi addım atmaq istəmir.
Onların sözlərinə görə, müraciətlərinə baxılmır, problemlərinə isə biganə yanaşılır: “Rayonun Qaraçala qəsəbəsi, Yolüstü, Aydıngün, Arxarası, Xələc, 1-ci Varlı, 2-ci Varlı, Kərimbəyli, Düzənlik, Qarabağlı, Çadırlı və digər kəndlərdə vəziyyət acınacaqlıdır. Bununla bağlı artıq şikayət etmişik. Düzdür, qismən həll olunub problemlər, amma İcra Hakimiyyəti və yerli qurumlar bizi hələ də get-gələ salıb. Faktiki Salyanın 20-ə yaxın kəndində vəziyyət ağırdır”.
Keçən dəfə də mətbuata bildirdik ki, 9 gün rayonda işıq olmadı. Elə indi də həmin vəziyyət hökm sürür. Dükanlar, məktəblər və əhalinin maddi və mənəvi tələbatın ödəyən digər müəssisələr normal fəaliyyət göstərə bilmir. Ona görə də məcbur qalmışıq ki, kütləvi şəkildə ölkə başçısına müraciət edək. Rayonun deputına deyək ki, məsələni Milli Məclisdə qaldırsın. İnanırıq ki, ölkə başçısı bu məsuliyyətsiz məmurları cəzalandıracaq və problem həllini tapacaq”, – deyə sakinlər bildirir.
Qeyd edək ki, bir neçə gün öncə Musavat.com saytı da rayon sakinlərinə istinadən Salyanın 20 kəndində 9 gün işığın olmaması barədə məlumat yaymışdı.