Əhməd Əhmədzadənin Hacıqabuldakı "AKULASI"...
Tarix: 8-04-2015, 08:53 | Çap et
Əhməd Əhmədzadənin Hacıqabuldakı "AKULASI"...
Bildiyiniz kimi, dövlət büdcəsindən "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə (ASC) səlahiyyətində olan işlərin yerinə yetirilməsi üçün hər il külli miqdarda vəsait ayrılır. Bu vəsaitin müəyyən hissəsi isə cəmiyyətin yerli idarə və müəssisələrinin saxlanmasına yönəldilir.

Lakin Əhməd Əhmədzadənin rəhbərliyi altında fəaliyyət göstərən ASC-nin bəzi yerli qurumlarında rüşvətxorluq baş alıb gedir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi çoxsaylı əməliyyatlara baxmayaraq, bəzi idarə rəhbərləri qanunsuz hərəkətlərindən əl çəkmirlər. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Hacıqabul rayon Qışlaq Fermalarının Suvarılması İdarəsinin müdiri Mühafizət Cəfərovun özbaşına əməlləri və dövlət büdcəsinə vurduğu ziyanla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Etibarlı mənbənin bildirdiyinə görə, vəzifəsinə laqeyd münasibət bəsləyən idarə rəhbəri qeyri-qanuni yollara baş vuraraq, şəxsi imkanlarını genişləndirməklə məşğuldur: "Hacıqabul rayon Qışlaq Fermalarının Suvarılması İdarəsinin fəaliyyəti qənaətbəxş hesab edilə bilməz. Bu qurumun sadəcə adı var. Hansı işlə məşğul olması heç kimə məlum deyil. Çünki Mühafizət Cəfərov tutduğu vəzifəyə qazanc mənbəyi kimi baxır. O bir müddət əvvəl həyata keçirdiyi qeyri-qanuni əmələ görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, idarə müdiri bir neçə şəxsə guya bu müəssisədə çalışdıqları barədə banka təqdim etmələri üçün saxta arayışlar yazıb. Həmin arayışların müqabilində isə vətəndaşlardan müəyyən miqdarda pul alıb. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları bu halı üzə çıxarandan sonra Mühafizət Cəfərovun həbsi məsələsi gündəmə gəlib. Amma idarə müdiri həm pulunun, həm də yüksək vəzifələrdə işləyən tanışlarının hesabına həbsdən yaxa qurtarmağı bacarıb. Buna baxmayaraq, Mühafizət müəllim hələ də özbaşına əməllərinə son qoymayıb. Belə ki, o bir müddət əvvəl idarənin balansında olan boruları, həmçinin bəzi avadanlıqları istifadə müddətini başa vurması adı altında "metallom" kimi satıb. Halbuki, satılan borular və digər avadanlıqlar istifadəyə tam yararlı vəziyyətdə olub. Neçə ildir sözügedən quruma rəhbərlik edən məmur saysız-hesabsız nöqsanlara imza atıb. İdarənin saxlanması, müəyyən mal və avadanlıqların alınması məqsədilə hər il yüz minlərlə vəsait ayrılır. Təəssüf ki, bu pulların qarşılığında heç bir iş görülmür. Mühafizət Cəfərov dövlət büdcəsindən mənimsədiyi pullarla özünə geniş imkanlar yaradıb. Onun Hacıqabul, Şirvan və Sabirabad rayonlarının ərazisində çoxlu ticarət obyekti var. İdarə rəhbərinin arxasında kimin dayandığını dəqiq bilmirəm. Ancaq həmin adam kimdirsə, idarə müdirini nəyi var, müdafiə edir. Məhz bu səbəbdən Mühafizət Cəfərov dövlət tərəfindən maliyyələşən müəssisəni öz bildiyi kimi idarə edir və qanundan kənar maliyyə əməliyyatlarını yerinə yetirir". Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Sabirabad rayonu Əliləmbəyli kənd sakinləri idarə müdirinin özbaşına əməllərindən yuxarılara şikayət ediblər. Narazı vətəndaşlar qeyd edib ki, kəndin bələdiyyə sədri örüş torpaqlarının 450 hektar ərazisini iş adamlarına satıb: "Nəticədə kənd əhalisi mal-qarasını otarmağa yer tapmır. Bələdiyyə sədri həç kimə əhəmiyyət vermir, qanunsuz əməllərinə haqq qazandırır. Kəndin 40 hektar sahəsini Hacıqabul rayon Qışlaq Fermalarının Suvarılması İdarəsinin müdiri Mühafizət Cəfərov qanunsuz şəkildə zəbt edib. Mal-qaranı harda otaracağımızı bilmirik. Bu məmurun Şirvan şəhərində bir neçə restoranı, obyektləri fəaliyyət göstərir. Mühafizət Cəfərovun sahibi olduğu obyektlərdə külli miqdarda vergidən yayınma halına yol verilir. Onun kənddə olan fermasında heyvanların bürsselyoz xəstəliyinə tutulduğu qeyd olunur". İdarə müdirinin işində yol verdiyi nöqsanlarla bağlı əlimizdə başqa faktlar da var. Həmin faktların bir hissəsi geniş araşdırma tələb etdiyindən gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Yəqin ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə, Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətli şəxsləri yazdıqlarımıza reaksiya verəcək və Mühafizət Cəfərovun özbaşına əməllərinin qarşısı alınacaq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net