Ərdoğan Roma papasının sözlərini cəfəngiyyat adlandırdı
Tarix: 15-04-2015, 09:58 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” barədə dediklərini cəfəngiyyat adlandırıb.
“Anadolu” afentliyinin verdiyi xəbərə görə, Ərdoğan bunu Türkiyə İxracatçılar Məclisinin iclasında çıxışı zamanı deyib.
“Hər dəfə siyasətçilər və dini xadimlər tarixçilərin vəzifəsini üzərilərinə götürərkən həqiqət əvəzinə cəfəngiyat olur. Mən papanın dediklərini pisləyirəm və onu bir daha bu səhvi təkrarlamamağa çağırıram” - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti yenidən erməni tərəfinə səslənərək 1915-ci il hadisələri üzrə arxiv sənədlərinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa çağırıb. Ərdoğan Ankaranın arxivlərini tarixçilər üçün açdığını və analoji addımın Ermənistan tərəfindən atılmasını gözlədiyini qeyd edib.
Ərdoğan tarixi hadisələrin ölkə və xalqa qarşı kampaniya üçün istifadə edilməsinə yol verməyəcəyini bəyan edib.
Qeyd edək ki, Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib. Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.
Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.
Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri geri çağırılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılıb