Misir “Ərəb Baharı”nın iqtisadi fəsadları ilə üzləşib
Tarix: 26-02-2016, 09:18 |
Çap et
Misir xarici valyutanın kəskin qıtlığı ilə üzləşib. 2011-ci ilin inqilabından artıq 5 il keçsə də, ölkə iqtisadiyyatı hələ də özünə gələ bilməyib, turizm sektorunun tənəzzül etməsi ilə əlaqədar, xarici investisiya və nağd dollarların həcmi kəskin şəkildə azalıb. Bu amillər devalvasiyaya da öz təsirini göstərib. Misirdə hazırda bir dollar 9 Misir funtuna dəyişdirilir.
Yerli maliyyə analitiklərindən əl Nəcar bu böhranda siyasi amillərin də rol oynadığını deyib.
“Düşünürəm ki, cari böhran iqtisadi vəziyyətlə əlaqədardır, ancaq siyasi faktorları və təhlükəsizliklə bağlı təhdidlərə də göz yummaq düzgün olmaz. Bu faktorlar iqtisadi təhdidlər yaradır və beləcə xarici investisiyanın ölkəyə gəlişinə əngəl törədir.”
Misir funtunun dəyərdən düşməsi, yüksək inflasiya ilə müşayət olunur. Fevral ayında yerli hökümət uçot dərəcəsini artırmaqla fevral ayında inflasiya səviyyəsini yalnız 11 faizdən 10 faizə endirə bilib. Hökümət eyni zamanda gündəlik yeyinti məhsullarının qiymətini dövlət nəzarətinə götürüb. Bütün bunlar 13 faizli işsizlik fonunda baş verir
“Yəqin ki, qarşıdakı günlərdə qiymətlər yenə qalxacaq. Bəs bu cammat necə dolansın? Pulu hardan tapsınlar. İşıq pulu qalxır, su pulu qalxır, hər şey qalxır.” – deyə yerli sahibkarlardan biri bildirir.
Misir höküməti maliyyə böhranından qurtulmaq üçün müxtəlif vasitələrə əl atır. Ötən həftə rəsmi Qahirə Afrikanın ixrac-idxal bankından 500 milyon dollar məbləğində kredit götürüb. Ancaq analitiklər xarici valyuta qıtlığının aradan qalması üçün bu tədbirin kifayət etmədiyini hesab edir.
Ötən gün Cənubi Afrika Respublikasının (CAR) da iqtisadi böhran içində olduğu bildirilmişdi. Ölkənin maliyyə naziri Pravin Qordhan bu barədə açıqlama verərək bildirmişdi ki, 2016-cı ildə ölkədə iqtisadi artım 0.9 faiz təşkil edəcək.