Güclü lider, güclü dövlət!
Tarix: 7-04-2022, 18:39 | Çap et


Hər bir xalqın həyatında əvəzsiz rol oynayan, millətin gələcəyini quran güclü liderlər olur. Təbii ki, bu hadisə tarixi şansdır. Çətin anlarda yox olmağa məhkum millətin xilas missiyasını çiyinlərinə götürən bu liderlər xalqı üçün sərvətdir. Belə tarixi şəxsiyyətlər xalqın gələcəyinin qurub yaradır, tarixin axarını dəyişir.
Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Dahi siyasətçi inanırdı dediklərinə, etimadı böyük idi İlham Əliyevə və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Liderdir. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O çətin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən İlham Əliyev qısa müddət ərzində Azərbaycanın yeni dövr üçün prioritetlərini açıqladı və islahatların həyata keçirilməsi üçün çevik mexanizmlər tətbiq etməyə başladı. İlham Əliyev birinci prezidentliyi dövründə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Onun daim xalqın mənafeyindən çıxış etdiyini göstərdi. Ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki yenidən qələbə qazanması bir daha göstərdi ki, xalq seçimində yanılmayıb, onun Prezidenti siyasi varisi olduğu müəllimindən, müdrik dövlət xadimindən aldığı dərsi mükəmməl öyrənib. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi İlham Əliyevin prezidentliyinin ikinci dönəmində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxdı. Azərbaycan ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxmış siyasi kursun davamlılığının təmin olunması, islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirdi. İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi onun siyasi yetkinliyindən, milli maraqlara maksimum cavab verən siyasətçi olmasından xəbər verir. Təsadüfi deyil ki, İlham Əliyev çıxışlarında daim"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin", deməklə insanlarda özünə inamı artırırdı. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi baxımından 2018-ci ilin 11 aprel seçkiləri də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir. Xalqın dəyişməz seçimini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin hələ 2003-cü ildə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, hər bir vədini əməli işi ilə doğrultması, bir sözlə, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir.
Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın milli inkişaf modelinin formalaşması prosesi sürətlənmişdir. Bu modelin uğurları isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Qeyd etmək lazımdır ki, ötən 2003-2018 ci illərdə Prezident İlham Əliyevin iqtisadi siyasətində sosial məsələlərin həlli xüsusi yer tutmuşdur. Bu siyasət bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasına yönəldilmişdir. Ölkənin iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilmişdir. Dövrün ən ciddi nailiyyətlərindən biri qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Bu fakt göstərir ki, «Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir» deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son 15 ildə ölkədə siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsi, əks qütblü siyasi qüvvələr arasında gərginliyin aradan qaldırılması olmuşdur. Bu dövrdə həmçinin məhkəmə-hüquq və ədliyyə sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının təmini mexanizmlərinin müasirləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafı uğurla təmin edilmişdir. Son illərdə qeyri-hökumət təşkilatlarının və mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyalarının praktik surətdə gerçəkləşdirilməsi də bu baxımdan diqqəti xüsusi çəkir. Qloballaşan dünyada bu və digər dövlətin uğurlu xarici siyasət əsasında beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına necə əməl etməsindən, iqtisadi inkişaf səviyyəsindən asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Paytaxtımızda keçirilən bu və digər forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycan malik olduğu iqtisadi potensialı və zəngin mədəni-mənəvi dəyərləri bir daha bütün dünyaya təqdim etmək imkanı qazanmışdır.
Dövlət başçısı İlham Əliyevin 15 illik fəaliyyəti, eyni zamanda, ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə elm və təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.
Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir. Qeyd olunanlar deməyə əsas verir ki, Azərbaycan vətəndaşlarını qarşıdakı seçkilərdə fəal iştirak etməyə və öz mövqeyini qətiyyətlə ortaya qoymağa sövq edən bir başlıca amil var – bu da respublikamızın son 15 ildə keçdiyi uğurlu yoldur. Ölkə vətəndaşlarının bu müdrik seçimi həm də obyektiv reallığa, konkret desək, bugünki yaşam tərzinə əsaslanır.

Suraxanı rayonu, 140 nömrəli
tam orta məktəbin direktoru Məcid Rəsulov





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net