Nizami Piriyevin biznesindəki sirli məqamlar
Tarix: 5-08-2015, 09:31 |
Çap et
Bir neçə ay öncə Azərbaycanda olqarxların həbs dalğasında məsuliyyətə cəlb olunan iş adamı Nizami Piriyevin həbsi ilə müəmmalar yenə də qalmaqdadır. Bir sıra müşahidəçilər bunu oliqarxın Azərbaycan Beynəlxalq Bankından götürdüyü çoxmilyonluq kreditlərin ödənilməsindən yayınması ilə izah etsələr də. məsələnin mahyyətində hansı məqamların dayandığı hələ də məlum deyil. Üstəlik, nəzərə alınmalıdır ki, Nizami Piriyev sıradan bir iş adamı deyil. Onun adı həm də ölkənin yüksək dairələrində yer alan nüfuzlu oliqarxların sırasında çəkilir.
Qeyd edək ki, Azərbaycanda hakimiyyət dairələrinə kifayət qədər yaxın bir adam olan sahibkar İnşaat Mühəndisləri İnstitutunu bitirib.Bakıda sənaye və tikinti müəssisələrində işləyib. 1992-2002-ci illərdə "PNN Arkansas Inc" neft-qaz şirkətinin prezidenti olub, 2003-cü ildən isə Rusiyanın "StroyTransGasOil" neft-qaz şirkətinin baş direktoru vəzifəsini daşıyıb. 2006-ci ildə Bakıdakı biznesini yeni müstəvidə inkişaf etdirməyə başlayıb. Nizami Piriyevin 2009-cu ildə əsasını qoyduğu ən böyük layihə Metanol zavodu idi. Zavodun tikintisi üçün lazım olan kredit vəsaitləri əldə edildikdən sonra bu iş xeyli sürətləndirildi.Lakin zavodun işə salınması üçün tələb olunan qazın əldə edilməsi ciddi problem olaraq qalırdı. Bu məsələ ilə bağlı Nizami Piriyev Rusiya şirkəti ilə anlaşma əldə etsə də, sonradan məlum oldu ki, SOCAR-ın dəstəyi olmadan fəaliyyətini davam etdirə bilməyəcək. Bəzi məlumatlara görə Nizami Piriyevin Azərbaycan Beynəlxalq Bankından kredit əldə etməsindən aldığı dəstək sonradan SOCAR-la müəyyən anlaşmalara şərait yaratdı. Bu anlaşmadan öncə Nizami Piriyevin ünvanına "əvvəl tikirlər, sonra isə qaz istəyirlər kimi" tənqidi ifadələr söyləyən SOCAR prezidenti Rövnəq Abdullayevin Rusiya ilə sıx əlaqələri olan oliqarxa məxsus zavodun fəaliyyətinə loyal yanaşacağı dəqiqləşdikdən sonra işlər sanki qaydasına düşmüşdü. Lakin Azərbaycan Beynəlxalq Bankına olan kredit borclarının faizlərlə birlikdə artan məbləği Nizami Piriyevin sorğu-suala çəkilməsi üçün əsas oldu. Zavodun fəaliyyəti dayandırılaraq iş adamının məsuliyyətə cəlb edilməsi prosesinə start verildi. Oliqarxların həbsi dalğasında nəzarətə götürülmüş Nizami Piriyev barəsində 3 aylıq həbs əqrarı verilmişdi. Sonradan SOCAR-ın N. Piriyevi himayəyə götürməyə hazır olduğunu və Metanol zavodunun işini bərpa etməkdə yardımçı olacağını əsas gətirərək məhkəmə oliqarxı həbsdən buraxdı. Rövnəq Abdullayevin mövqeyindəki bu dəyişikliklərin əsl səbəblərini aydınlaşdırmaq əlbəttə çətindir. Qeyd edək ki, Qaradağdakı Metanol zavodunun qaza illik tələbatı 600 milyon kubmetr qiymətləndirilir. Mayın 28-də məhkəmə zalında həbsdən azad edilən Nizami Piriyev açıqlamasında Metanol zavodunun tikintisi və fəaliyyətilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərinin bir hissəsini istintaq dövründə ödədikdən sonra digər kredit borclarının da ödənilməsi barədə Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etdiyini bildirmişdi.Məlumata görə, illik istehsal gücü 720 min ton olan zavodun tikintisi AzMeCo-ya 450 mln. dollara başa gəlib. Bunun 150 mln-luq hissəsinin Avropa Yenidənqurma və İnkişaf bankı,qalan 300 mln.-nun isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrıldığı bildirilir. Bu kredit məbləğinin mühüm bir hissəsinin hələ də ödənilməməsi ortaya müəyyən suallar qoyur. Prosesin qısa xronologiyasına nəzər salaq. Nizami Piriyev həbs edildi. Borclu olduğu kredit məbləğinin bir hissəsini ödədikdən sonra azadlığa çıxdı. Həbsin oliqarxın bəlkə də xeyrinə işlədiyi qənaəti də ortada var. Belə ki, Metanol zavodu artıq normal rejimdə fəaliyyətini davam etdirir. Zavod tələb olunan qazı isə SOCAR-dan alır. Nizami Piriyev isə heç nə olmayıbmış kimi öz biznesini davam etdirməkdədir. Hərçənd, bəzi məlumatlara görə onun Özbəkistanda və Əfqanıstandakı neftayırma zavodları artıq fəaliyyətini dayandırmaq üzrədir. Məlumatlara görə, həmin zavodlarda çalışan azərbaycanlı mütəxəsislərin əksəriyyəti öz hesabına qeyri-müəyyən vaxta ezamiyyətə göndərilib.Hadisələrin inkişafı da zənn edirik ki, bu kontekstdə təhlil edilməlidir. Sirr deyil ki, Nizami Piriyev Əfqanıstandakı neftayırma zavodlarını əfqan şəriklərinin vasitəsilə işlədirdi. Vətəndaş müharibəsinin illərdir, tüğyan etdiyi bu ölkədə bir-biri ilə döyüşən ayrı-ayrı qruplaşmaların zavodun fəaliyyətinə indiyədək imkan verməsinin də xüsusi araşdırmalara ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan, Nizami Piriyevin həbsi səbəblərinin versiyalarından biri də ortaya çıxa bilər. Başqa sözlə desək, Nizami Piriyevin biznes fəaliyyətində sona çatmaqda olan Əfqanıstan dönəminin hüquq-mühafizə orqanları üçün cəlbedici məqamları çox şeylərə aydınlıq gətirə bilər.
Gündəlik Bakı