Rusiya HDQ hipersəs raketləri alacaq: Eksperiment meydanı, yoxsa şantaj? – AÇIQLAMA + FOTO
Rusiya donanması tezliklə hipersəs raketləri ilə silahlandırılacaq. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kronştadtda ölkənin Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən paradda çıxış edərkən məlumat verib. O, bu cür ilk raketlərin “Admiral Qorşkov” gəmisində quraşdırılacağını diqqətə çatdırıb.
Maraqlıdır, Rusiyanın bu həmləsi Ukraynadakı müharibənin gedişinə necə təsir edəcək? Ümumiyyətlə, Rusiya ordusunun yeni silahlarla təchiz edilməyə başlaması onun başqa ərazilərə də müdaxiləsinə səbəb ola bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiya donanmasının hipersəs raketləri ilə silahlanması iddiası həqiqətə yaxın deyil:
“Rusiyanın dinini-imanını bilmək mümkün deyil. Açıqlama veriblər, dedikləri yalnız yerdən atılan raketlər olmalıdır. Bu raketlər isə hələ ki döyüş meydanında sınanmayıb. Düzü, təsdiq ediləcəyi barədə məlumatlar da inandırıcı görünmür. Özü də onların quraşdırılmasını bir neçə ay müddətinə nəzərdə tuturlar. Rusiya mənbələrinin verdiyi məlumata çox da etibar etmək lazım deyil. Güman edirəm ki, Rusiya bundan şantaj vasitəsi kimi istifadə edir. Dərin iqtisadi-siyasi böhran dövrünə qədəm qoyduğu üçün müxtəlif şantaj xarakterli məlumatları uydurub dövriyyəyə buraxır”.
Hərbi ekspert Ramil Məmmədli isə Rusiyanın yeni istehsal ediləcək texnikadan Ukraynadakı müharibədə və mümkün digər hərbi əməliyyatlarda istifadə edə biləcəyini vurğulayıb:
“Rusiya Silahlı Qüvvələrinin balansına hədəfi məhv edəcək raket komplekslərinin verilmə hallarının sayı son illərdə artıb. Bunların bir hissəsi Rusiya Hərbi Dəniz Donanmasının istifadəsinə verilib. Həmin raketlərin müharibəni tamamilə Rusiyanın xeyrinə dəyişəcəyi haqda indidən fikir səsləndirmək doğru olmaz. Rusiya gəmilərin üzərinə inteqrasiya edilən “Caliber” raket kompleksini də Ukraynada hədəfləri məhv etmək üçün istifadə edib və edir. Yeni raketlərin həm Ukraynaya, həm də başqa hansısa əraziyə qarşı istifadə olunma halları barədə isə bir şey demək mümkün deyil.
Bu cür müharibələrdə Rusiya daha çox 1960-90-cı illərin silah və texnikalarından istifadə edir. Müharibə isə həm də yeni texnikaların sınaq poliqonudur. Ona görə də Rusiyanın yeni istehsal etdiyi texnikadan Ukraynadakı müharibədə və mümkün digər hərbi əməliyyatlarda istifadə edəcəyini də istisna etmirəm”.
Politoloq Tofiq Abbasov isə ilk olaraq müharibəni Rusiya-Qərb qarşıdurmasının tərkib hissəsi adlandırıb:
“Hələ müharibəyə qədər Qərblə uzun müddət ideoloji və siyasi qarşıdurma yaşanıb. Qərb isə bunu hərbi müstəviyə keçirmək üçün xeyli səy göstərib. İndi də vəziyyət dolaşıqdır. Çıxış yolu olsa da, tərəflər dirəniş göstərirlər. Danışıqlar prosesini ciddi saymırlar. Rusiya özünə güvənir, çünki regional baxımdan Avrasiya məkanında güclü dövlətdir və dayaqları var. İstər-istəməz, həm resurslarına, həm də istehsal potensialına görə Ukraynanı bir neçə dəfə üstələyir.
Bu müharibə eksperiment meydanına çevrilib. Rusiya artıq əmin oldu ki, onun silahları, cəbbəxanası müasir standartlara cavab vermir. Ona görə də hazırda Türkiyədən silah almaq istəyir, İrana bununla bağlı müraciət edir və s. Yəni bir çox hərbi seqmentdə Rusiya gerilədiyini görür və bunu aradan qaldırmaq üçün çalışır”.
Ekspert müharibənin müəyyən mənada imtiyazlı vəziyyət yaratdığını da deyib:
“Dövlət gələcək planlarını nəzərdən keçirərkən çalışır ki, ilk olaraq döyüş meydanındakı cəbbəxanasının xarakteristikasını götür-qoy etsin. Müəyyən yoxlamalardan sonra isə yeni qərarlar qəbul olunur. Məsələn, 2008-2010-cu illərdə Rusiya nüvə başlıqları baxımından ABŞ-dan geri qalmışdı. Dörd-beş il ərzində isə bu geriliyi aradan qaldırdı. Hətta nüvə başlıqlarının sayına görə ABŞ-ı üstələdi. Rusiya bu müharibədə də zəiflədiyi sahələrə yönəlib, onları aradan qaldırmağa çalışacaq”.
Həmsöhbətimiz mövcud gərginliyin uzun müddət davam edəcəyini vurğulayıb:
“Müharibədən sonra da gərginlik azalmayacaq. Çünki Rusiyanın qayəsi ondan ibarətdir ki, dünya arenasında fövqəldövlət statusunu özünə qaytarsın. İstehsal edəcəyi raketlər müasir, hücum taktikasına cavab verən sistemlərdir. İstənilən raket hər hansı bir ölkədə dağıdıcı qüvvə formalaşdırırsa, qarşı tərəf ondan üstün bir şey yaratmağa çalışır. Rusiyada da vəziyyət belədir, lakin onun, doğrudan da, boşluqları aradan qaldırmaq üçün hərbi-texniki imkanları və elmi bazası var”.