FAKT: Avropa Məhkəməsinin ən çox qərar çıxardığı 5 ölkədən biriyik - qərəz, yoxsa hakim məsuliyyətsizliyi?
Tarix: 3-02-2021, 08:34 | Çap et
FAKT: Avropa Məhkəməsinin ən çox qərar çıxardığı 5 ölkədən biriyik - qərəz, yoxsa hakim məsuliyyətsizliyi?
Azərbaycan 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) barəsində ən çox qərar çıxardığı 5 ölkədən biri olub. AİHM-in açıqladığı hesabata görə, ötən il qurumun qəbul etdiyi 871 qərardan 37-si Azərbaycana qarşı çıxarılıb. Hesabata görə, Azərbaycanda ən çox ədalətli məhkəmə araşdırması hüququ pozulur. Yəni bu o deməkdir ki, adi bir torpaq davası ədalətsiz araşdırılanda Avropa Məhkəməsinə şikayət predmeti olur.

2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana görə, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. AİHM şikayətlərin sayının artmasının səbəbi nədir? Niyə bəzi hallarda adi bir məhkəmə işi AİHM-ə şikayət predmeti olsun? Bu məsələdə məhkəmə hakimlərimizin məsuliyyəti nə qədərdir? Vəziyyətdən çıxış yolu nədir?

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin göndərilməsi sahəsində ixtisaslaşan vəkillərdən biri Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, qərarların çoxluğu ölkədaxili məhkəmələrdə problemlərlə əlaqədardır: “Çoxlu sayda işlər var ki, təkrar olunur və bu, son nəticədə ölkəmizlə bağlı məhkəmə qərarlarını artırır. Məsələn, Azərbaycana qarşı işlərin böyük hissəsi sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Mitinqlərə icazə verilməməsi, icazəsiz mitinqlərin keçirilməsi nəticəsində tutulan vətəndaşların sayının həddindən çox olması belə şikayətlərə yol açır. AHİM qərarlarında göstərir ki, dinc mitinq icazəsiz olsa belə, keçirilməsinə imkan verilməlidir. Azərbaycanda mitinq keçirilməsi üçün icazə sistemi deyil, xəbərdarlıq sistemidir. Dövlət qurumlarına xəbərdarlıq edib dinc mitinq keçirmək olar. Amma praktikada durum fərqlidir, qadağan olunur. Bu da son nəticədə ölkəyə qarşı qərarlarda əks olunur”.

Vəkil deyir ki, AHİM hər dəfə qərarlarında bu problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayır, buna baxmayaraq Azərbaycan məhkəmələri bu məsələləri təkrar edirlər: “Azərbaycan məhkəmələri bir qayda olaraq dinc mitinqlərdə, aksiyalarda tutulan vətəndaşlara cəzaların verilməsi haqda qərarlar verirlər. Söz azadlığı ilə bağlı jurnalistlərin həbsi, sıxışdırılması halları həddindən artıq çoxdur. Bu da Konvensiyanın 10-cu maddəsi ilə Azərbaycana qarşı qərarların verilməsinə gətirib çıxarır”.

Vəkil AHİM qərarlarının sayının çoxluğunun bir səbəbinin də Azərbaycan məhkəmələrində məmurların tapşırığı ilə qərarların qəbul olunması praktikasının hələ də qalması ilə əlaqəli olduğunu deyir: “Əvvəllər bu praktika daha geniş yayılmışdı, hər yerindən duran məmur göstəriş verirdi. İndi vəziyyət bir qədər dəyişib, amma hələ də belə qərarlar verilir və belə işlər Konvensiyanın 6-cı maddəsinin pozuntusunun tanınması ilə yekunlaşır”.

Vəkil bildirib ki, Çingiz Əsgərov Ali Məhkəməyə təyinat alandan sonra AHİM sahəsində təcrübəli mütəxəssis kimi belə açıq-aşkar qanunsuz, ədalətsiz qərarların qarşısını alacağına ümidləniblər: “Lakin bu gün də belə qərarlar verilməkdədir və AHİM-ə göndərilən şikayətlərin sayı həddindən artıq çoxdur. Şikayətlərin sayı çoxdursa, çıxarılan qərarların sayı da çox olacaq. Üstəlik, AHİM-in çıxardığı qərarların icrasında problemlər var. Əgər həmin qərarlar vaxtında icra olunsaydı, məhkəmə hakimləri də görsəydilər ki, qəbul etdikləri ədalətsiz, qanunsuz qərar ləğv olunub yenidən baxılır, bu halda daha məsuliyyətli olardılar. Tapşırıqla, digər məsələlərlə qanunsuz, ədalətsiz qərarlar çıxarmazdılar. Bu gün Azərbaycan məhkəmələrində problem həddindən artıq çoxdur. Bu sahədə çalışan vəkil kimi yaxın gələcəkdə AHİM-in Azərbaycana qarşı qərarlarının sayında azalmanı görmürəm. Məhkəmələr eyni qaydada qərarlar qəbul edirlər. Avropa Məhkəməsinə şikayətlərin sayı da azalmır. Bu gedişlə biz bu sahədə ”lider" olaraq qalacağıq. Rusiyanın əhalisi say baxımından Azərbaycandan azı 20 dəfə çoxdur. Amma Azərbaycan AHİM-in əleyhinə qərar çıxardığı ölkələr arasında ilk beşlikdə olmaqla Rusiyadan sonra gəlir".

Vəkil vəziyyəti dəyişmək üçün hakimlərə sifarişlərin, tapşırıqların verilməsi praktikasının tamamilə aradan qaldırılmasının vacib olduğunu vurğulayıb: “Real tədbirlər görülməlidir ki, hakimlər təzyiq altında işləməsinlər, məmurlardan gələn tapşırıqlar əsasında deyil, qanun əsasında qərar versinlər. Hakimlərin AHİM-in qərarlarını öyrənməsinə böyük ehtiyac var. Bəzən prosesdə AHİM-in qərarlarından danışanda, hakim gözünü döyür. Bununla bağlı həddindən artıq işləmək, ciddi tədbirlər görmək lazımdır. Hakimlər elə kobud səhvlər buraxırlar ki, ölkəni AHİM-də biabır edirlər”.

Əsabəli Mustafayev AHİM-in çıxardığı qərarlar üzrə cərimələrin müəyyən bir faizinin qanunsuz, ədalətsiz qərarlar çıxarmış hakimlərdən alınması təklifinə belə münasibət bildirdi: “Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Elə şərait yaratmaq lazımdır ki, hakim qorxmadan, çəkinmədən qərar versin. Hakim qanuna əsaslanaraq səhv edə bilər. Ola bilər ki, işə bir hakimin inamı bir cürdür, digər hakimin isə inamı başqa cürdür. Ümumiyyətlə, hakimlərin tez-tez cəzalandırılmasının əleyhinəyəm. Bu gün istənilən məsələ ilə bağlı hakimi cəzalandırırlar, bu da hakimləri qorxu altında saxlayır. İstənilən məmur zəng edəndə də qorxu amili önə çıxır. Bilir ki, sabah həmin məmur bir formal şikayətlə hakimi cəzalandıracaq. Qanun buna icazə verir. Hakimin cəzalandırılması fövqəladə hal olmalıdır. Hakimin cəzalandırılması əvəzinə məhkəmələrin şəffaflığı təmin edilməlidir. Jurnalistlər məhkəmələrdən rahat şəkildə reportajlar hazırlaya bilməlidirlər. Xüsusi telekanal olmalıdır ki, proseslər həmin kanal üzərindən nümayiş olunmalıdır. Məhkəmə dəhlizlərində monitorlar quraşdırılmalı və prosesin izlənməsinə heş bir məhdudiyyət olmadan şərait yaradılmalıdır. İnsanlar dəhlizlərdən məhkəmə proseslərini izləyə bilməlidirlər. Jurnalistlərə böyük imkanlar verilməlidir, maraq oyadılmalıdır ki, proseslər haqda çox yazsınlar. Bu, əhalini hüquqi baxımdan maarifləndirməklə yanaşı hakimləri də məsuliyyətli edir. Hakim bilir ki, məsələ ictimaiyyətin diqqətindədir, tapşırıq verənlər də bunu görür və hakimlə bərabər onlar da qanunsuzluq etməkdən çəkinirlər. Hakimlərin cəzalandırılması çıxış yolu deyil. Hakimlər toxunulmaz olmalı və tapşırıq əvəzinə qanunlar çərçivəsində qərarlar verməlidirlər. Əks halda, ildən-ilə Azərbaycandan AHİM-ə göndərilən şikayətlər də, ölkəmiz əleyhinə qərarlar da artmaqda davam edəcək”.
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net