Azad olunan torpaqlarımız iqtisadiyyatımız üçün nə deməkdir?
Tarix: 24-10-2020, 08:30 | Çap et

Vüsal Qasımlı: “Azərbaycan bu ərazilərə həyat gətirəcək, orada ”tikinti bumu" gözlənilir”
Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalında qalan torpaqlarını sürətlə azad edir. Düşməndən təmizlənmiş ərazilərin vəziyyəti göstərir ki, ermənilər oralardakı bütün sənaye, kənd təsərrüfatı istehsalı müəssisələrini, evləri, tikililəri dağıdıblar. Bu baxımdan Azərbaycan dövləti ilk olaraq ərazilərin, yaşayış məntəqələrinin, infrastrukturun bərpası ilə məşğul olmalıdır.

Rəsmi məlumatlara görə, 1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb.

Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinəyararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılıb.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb. 2017-ci ilə olan məlumatlara əsasən, silahlı təcavüz nəticəsində itki və tələfatların ümumi dəyəri 820 milyard dollar səviyyəsində olub.
Azad olunan torpaqlarımız iqtisadiyyatımız üçün nə deməkdir?
Vüsal Qasımlı onu özünə müavin təyin etdi - İki sahil

Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlının dediyinə görə, işğaldan azad olunduqca Azərbaycan bu ərazilərə həyat gətirəcək: “Ermənistana qarşı vurduğu ziyana görə təzminat iddiası da mümkündür. Ərazilərin işğal altında saxlanılması Ermənistana ciddi iqtisadi fayda gətirməyib. Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Bəli, Kəlbəcərdə və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb. Buna görə cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaqlar. ”AzerGold" QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahibdir".

Beləliklə, direktor bildirir ki, yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir: “Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək. 5G texnologiyalara sahib Azərbaycan Ordusunun təchizatında hərbi sənayemiz öz sözünü deməlidir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası, azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək. İkinci Dünya müharibəsindən sonra ən çox dağılmış iki ölkə - Almaniya və Yaponiya daha sürətlə inkişaf etdi, çünki yeni texnologiyalar tətbiq olundu, iqtisadiyyatın məhsuldarlığı yüksəldi. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları”.

V.Qasımlının sözlərinə görə, işğaldan azad olunan ərazilərdə “tikinti bumu” gözlənilir: “Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq. İlkin hesablamamız göstərir ki, qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər”.

İşğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edib: “İndi isə Ermənistanın işğal nəzarəti altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün səmərəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, bu ərazilərin cəmi 7 faizində istifadə edilir. Belə ki, çayların əsasən şimal hissədə yerləşməsi, əkin sahələrinin isə cənubda olması və həmin ərazilərdə yeraltı suların daha dərində yerləşməsi, işğaldan əvvəl mövcud olan irriqasiya sisteminin məhv edilməsi bu ərazilərin istifadəsiz olaraq qalması ilə nəticələnib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürülüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner idi. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var”.

Mərkəz rəhbəri qeyd edir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək: “Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq”.

Su ehtiyatlarının 72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanın işğal altında olan su resurslarına çıxışı əhəmiyyətlidir: “Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını səmərəli idarə etməklə həm Ermənistanın Azərbaycana qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir, hətta Ermənistanın şirin su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının da mənbəyi bu rayonlardadır.

Bundan əlavə, Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Sərsəng su anbarı Ermənistanın əlində regional ekoloji və milli təhlükəsizlik üçün təhdiddir.

Azərbaycan mineral su ehtiyatlarının 40 faizinə qədəri işğal altındakı torpaqlardadı. Bu suların həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması mümkündür. İşğal altındakı 2 qoruq, 4 yasaqlıq və tarixi abidələrin əsasında turizmin inkişafı üçün böyük potensial var. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının turizm imkanları çox genişdir".

Ermənistan işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES) tikintisini nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib: “Həmin istifadəyə verilmiş SES-lərin ümumi gücü 1976-ci ildə istifadəyə verilmiş gücü 50 meqavat olan ”Sərsəng" SES səviyyəsindədir. Nəzərə alsaq ki, Suqovuşan Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub və həmin ərazidə olan “Madagiz 1" və ”Madagiz 2" SES-lər dövriyyədən çıxıb və mövcud güc daha da azalıb. Ümumilikdə isə işğaldan sonra Qarabağın enerji sistemi Ermənistandan asılı vəziyyətdədir və istehsal olunan güc ümumi tələbatın 30-40 faizini təmin etmək qabiliyyətindədir.

Prezident İlham Əliyevin uzaqgörənliklə Araz çayı üzərində Xudafərin və Qız qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında İranla gəldiyi razılaşma bu gün öz sözünü deyir. “Xudafərin” hidroqovşağı Azərbaycana ildə 368 milyon kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Burada həm də suvarma imkanları mövcuddur".

Mürsəl Əliyev — Vikipediya
Azad olunan torpaqlarımız iqtisadiyyatımız üçün nə deməkdir?
Əli Əliyev

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlərinə görə, işğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir: “Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi. 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon kubmetr inşaat daşı, 14 milyon kubmetr çınqıl, 6 618 min kubmetr üzlük daşı, 1,1 milyon kubmetr gil, 2,5 milyon kubmetr qum, gündəlik ehtiyatı 18000 kubmetr/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub. Hazırda həmin faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, ”Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub. Hazırda əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda, Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir".

Dünya SAKİT,
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net