“Onlayn ticarətlə məşğul olan şirkətlər daha çox qazanır” - ekspert
Tarix: 7-07-2020, 18:08 | Çap et
“Onlayn ticarətlə məşğul olan şirkətlər daha çox qazanır” - ekspert

İlin əvvəlində dünyanı sarsıdan koronavirus pandemiyasından əziyyət çəkməyən dövlət demək olar ki, yoxdur.

Bu bəladan həm dövlətlər, həm də insanlar ziyan çəkir.

Bəs bir çox dövlətlərin iqtisadiyyatının daralmasına səbəb olan pandemiyadan kimlər nə qazanıb?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında pandemiyanı fürsət bilən və xeyir qazanan şirkətlərdən danışıb:

“Bütün ölkələr pandemiyadan ziyan görüb. Hətta dünyanın ən böyük iqtisadiyyata malik ölkələri olan ABŞ və Çin də bundan zərər görüb. Çin daha tez açılım siyasətinə getdi. Lakin Çin iqtisadiyyatı ixracyönümlü olduğu üçün dünya ölkələrinin qapalı olması onun iqtisadiyyatına ziyan vurur. Yəni dünyada istehlak zəifləyirsə, istehlak modelləri və istehlakçıların davranış qaydaları dəyişirsə, Çin iqtisadiyyatının açıq ya da qapalı olması mühim deyil. Çünki ixracat potensialı və dünya ölkələri ilə ticarət dövriyyəsi getdikcə zəifləyir.

Amerika Birləşmiş Ştatlarına nəzər saldıqda isə birinci və ikinci rübün nəticələrindəki ümumi daxili məhsulun (ÜDM) həcmində ciddi azalmalar müşahidə olunur. İşsizlik keçən əsrin 30-cu illərindən sonrakı tarixdə ən yüksək səviyyəyə çatıb. Avropa İttifaqının lokomotiv ölkələri olan Almaniya və Fransanın ikisinin də ümumi daxili məhsulun həcmində 7 faiz azalma müşahidə olunub. Bu ilk beş ayın göstəricisidir.

Bu da tarixdə ən böyük azalmalara işarət edir. Böyük Britaniya ilə bağlı başqa bir problem də var. Burada “Brexit” problemi də qalmaqdadır. Böyük Britaniyanın iqtisadiyyatının zəifləməsi tarixində görünməmiş nəticələrə səbəb ola bilər. İkinci rübdə Böyük Britaniyanın ümumi daxili məhsulun həcmində 20.1 faiz azalma gözlənilir.

Yəni bu bəladan qazanclı və ya karlı çıxacaq ölkə görünmür. Maraqlıdır, qazanclı və karlı çıxan şirkətlər var. Yəni böyük transmilli korporasiyalar var ki, onların səhmlərində ciddi artış oldu. Xüsusən də onlayn ticarətlə məşğul olan şirkətlər daha çox qazanır. Məsələn, “Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezosun sərvəti 182 milyard dollara çatıb. Dünyanın ən varlı adamıdır. Tarixdə hələ belə bir şey olmayıb ki, kiminsə bu qədər vəsaiti olsun. “Amazon”un səhmləri 100 dollara satılmazkən, hazırda 3000 dollara qalxıb. Məşhur “Zoom” proqramını təklif edən şirkətin səhmləri bu il 6 dəfə bahalaşıb. “Ali Baba” şirkəti haqqında da anoloji fikirləri söyləmək olar. Yəni şirkətlər var ki, mövcud vəziyyətdən xeyli yararlanıblar. Lakin ölkələr haqqında bunu demək çox çətindir”.

Ekspert pandemiyadan istifadə edib öz probleminin həllinə çalışan dövlətlərdən də söz açıb:

“Amma pandemiyadan istifadə edib bəzi problemlərinin həllinə cəhd edən ölkələr də var. Bu dövlətlər vətəndaşlara tətbiq olunan karantin qadağalarından istifadə edib öz daxili problemlərini çözürlər. Məsələn, Rusiyada referendum keçirildi. Bu referendum bir həftə davam etdi və xeyli qanun pozuntuları olduğu iddia edilsə də, baş tutmuş sayılır. Avropanın bir çox ölkələrində - Xorvatiyada, Serbiyada, Polşada seçkilər keçirildi. Seçkilərdə daha çox populist və koronavirusla bağlı miqrant siyasətinə qarşı olanlar önə çıxmağı bacardılar. Dünən BMT-nin baş katibi öz müsahibəsində də qeyd edib ki, pandemiya təəssüf ki, dünya ölkələrində populizmi, millətçiliyi və sisteməfobiyanı üzə çıxarır. Bunun siyasi, psixoloi və sosialoji fəsadları uzun sürəcək. Yəni dünya ölkələrinin siyasi güclərinin nisbətində dəyişikliklərin olması görünür. Bir çox dünya ölkələrində populizm çox önə çıxacaq. Bunlar siyasi nöqteyi-nəzərdən pandemiyanın gətiriyi dəyişikliklərdir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net