4 iyun qiyamı mövzusunda sərasər 25 il əhatəli və silsiləvi şəkildə yazandan sonra, nəhayət, iki il öncə belə bir qənaətə gəlmişdim ki, olan olub, torba dolub, keçənə güzəşt etməkdən başqa çarə yoxdur.
Başqa sözlə, biz o mövzunun başını buraxmışdıq, amma mövzu bizi buraxmır.
Hər ilin bu vaxtları 4 iyun qiyamı ilə bağlı elə mülahizələr ortaya atılır, elə detallar açıqlanır, elə təfərrüatlardan bəhs edilir ki, istər-istəməz mövzuya bir daha qayıtmalı olursan.
Adamı buna ən çox da təhriflər, yanlış təqdimatlar, özü haqda yalançı qəhrəmanlıq eposu düzəldənlər, başqalarına iftira atanlar, o dövrün hadislərinə bu günün konyukturası ilə yanaşanlar vadar edir.
Ancaq 4 iyun qiyamı haqqında obyektiv adamların birmənalı qəbul etdiyi, etməli olduğu postulatlar var.
4 iyunda baş verən hadisənin adı da, mahiyyəti də qiyam idi.
Qiyamın səbəbi heç də hökumətin hansısa hərbi hissənin üstünə qoşun göndərməsi deyildi. Ali baş komandanın istənilən hərbi hissəni buraxmaq səlahiyyəti var, buna qarşı çıxmaq qiyamdır.
4 iyunda Gəncədə baş verən hərbi toqquşmada ölənlərin hamısı Prezident Qvardiyasının zabit və əsgərləri olublar. Surət Hüseynovun tərəfində olan hərbçi və mülki şəxslər arasında tələfat olmayıb. Yalnız Mehman Abdullayev adlı bir şəxsi ağ bayraq qaldırdığı üçün qiyamçılar özləri güllələyib.
Bu hadisəni araşdırmaq üçün Gəncəyə getmiş yüksək səlahiyyətli parlament komissiyasının sədri İmam Mustafayevin “4 iyun gecəsi 69 hərbçi balamız yatdığı yerdə öldürülüb” ifadəsi tarixi yalan, iftira və təxribat idi.
Gəncədə baş verən faciədən tərsinə və saxta ürək yanğısı ilə danışan adamlar elə həmin gün məclis qurub konyak içiblər. Bu fakt göstərir ki, əslində onlar nəyin baş verdiyni gözəl bilirmişlər.
O dövrün siyasi partiyaları – AMİP, ASDP qiyama siyasi dəstək vermişdilər, bu partiyaların ayrı-ayrı üzvləri yerlərdə hökumət təsisatlarının ələ keçirilməsində dəstə rəhbəri olaraq iştirak etmişdi.
Qiyamda əski partnomenklaturanın tör-töküntüləri, o cümlədən onların hələ də parlament üzvü kimi qalan fəalları (Arif Rəhimzadə, Maksim Musayev, Şaitdin Əliyev, Tofiq Əzizov, Rauf İsmayılov və başqaları) fəallıq göstərmiş, hərbi qiyamın siyasi çevrilişlə yekunlaşmasına öz töhfələrini vermişdilər.
Qiyamın xarici dəstəyi olsa da, qiyamçıların mövqeyi güclü deyildi və daha qətiyyətli hərəkət edilərdisə, hərbi qiyam beşiyindəcə və az itki ilə boğula bilərdi.
Surət Hüseynova tabe olan başıpozuq hərbi birləşmələrin Bakıya qədər maneəsiz irəliləməsi o dövrün siyasi liderlərinin qətiyyətsizliyinin və prezidentə tabe olan hərbi strukturların xəyanətinin nəticəsi idi.
İndi gələk hərbi qiyamın hakimiyyət çevrilişinə səbəb olmasına görə məsuliyyət daşıyanların hərəkət və fəaliyyətlərinə.
İlk və zəif silahlı qiyamın qarşısında təslim olmaq və hakimiyyəti asanlıqla təhvil vermək tarixi yanlış idi. Bu, sonralar azı 27 dəfə isbat olundu.
Hərbi strukturların rəhbərlərinin prezidentə sadiq olmaması, qiyamçıların üstünə getməməsi, bu üzdən cəza mexanizminin işə düşməməsi barədə deyilənlər bəhanədir. Həmin şəxsləri dərhal vəzifədən almaq, yerlərinə qiyamçılara qarşı sərt mövqe tutan şəxsləri təyin etmək olardı. AXC və Müsavatın sıralarında buna hazır və qadir olan minlərlə hazırlıqlı kadr vardı.
Dönəmin baş nazirinin asanca istefa verməsi, daha sonra parlament sədrinin müqavimət göstərməsinə baxmayaraq, istefaya vadar edilməsi, eləcə də prezidentin 17-dən 18-nə keçən gecə Kələkiyə uçması hələ də müəmmalı məsələdir və o hadisənin bütün detallarının açıqlanmasına ehtiyac var.
Ümumi qənaət bundan ibarətdir ki, o dövrdə yüksək vəzifə tutan şəxslərin, demək olar ki, hamısı heç vaxt bildiklərinin hamısını deməyib, mütləq nələrisə özlərində saxlayıblar. 2003-cü ilə qədər razılaşırdıq ki, müxtəlif səbəblərdən cavab haqqı vermək imkanında olmayan adamların adını hallandırmaq düz deyil. Sonralar isə daha ciddi hadisələr baş verdi və tarixə ekskurs etmək mənasızlaşdı.
İndi də mənasızdır. Heç bir yeni detal tarixi hadisənin qiymətini və nəticələrini dəyişdirməyəcək. Olsa-olsa bəzi şəxslərin tarixi reputasiyasına ləkə sala bilər. Amma bu hadisəyə görə adı ləkələnmiş olanlar da heç vaxt bəraət qazanmayacaqlar.