Bu il Tərtərdə 7 min ton pambıq istehsal etmək qarşıya məqsəd qoyulub
Tarix: 5-04-2017, 07:45 | Çap et
Bu il Tərtərdə 7 min ton pambıq istehsal etmək qarşıya məqsəd qoyulub
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Tərtərdə də geniş müzakirə olunub.

Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, İƏD üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, pambıq istehsalçılarının iştirakı ilə keçirilən müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, hazırda regionlarda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Tərtər rayonunda da öz nəticəsini verməkdədir.

Çıxışını Saatlıda pambıqçılığın inkişafı məsələsinə həsr olunan respublika müşavirəsinin yekunlarına, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan konkret vəzifələrə yönəldən rayon rəhbəri bildirib ki, Tərtər torpağı çox məhsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Böyük pambıqçılıq ənənəsinə malik olan Tərtərdə 1981-ci ildə 11 min hektar sahədən 43 min ton “ağ qızıl” yetişdirilmişdir. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev bir neçə dəfə rayonumuzda olmuş, əməkçilərlə pambıq sahəsində görüşmüş, onların problemləri ilə maraqlanmışdır. Sahələrin fasiləsiz suvarma suyu ilə təmin edilməsi üçün Ulu Öndərin tapşırığı ilə “Sərsəng” və “Madagiz” su anbarları inşa olunmuşdur ki, bu da rayonumuzda pambıqçılığın inkişafına böyük təkan vermişdir.

Vertikal.az-ın məlumatına görə, rayon rəhbəri qeyd edib ki, 2016-cı ildə vaxtın azlığına və əlverişsiz hava şəraitinə baxmayaraq 1035 hektar sahədə pambıq əkilmiş və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul toplanmışdır. Bu, da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. 2016-cı ildə rayonda pambığın becərilməsinə və yığılmasına 200 nəfər daimi, 2 min nəfər isə mövsümü işə cəlb olunmuşdur. 2016-cı ilin aprel hadisələrinə baxmayaraq torpaqdan ayrılmayan sakinlərimiz vətəni qorumaqla bərabər bol məhsul yetişdirmiş və torpağın əsil sahibinin kim olduğunu mənfur ermənilərə göstərmişlər. İstehsalçılarımızdan Qazyan kəndindən Rizvan Ələkbərov hər hektardan 40 sentner, Azad Qaraqoyunlu kəndindən Natiq Əliyev 46 sentner, yenə həmin kənddən olan Rahim Quliyev 50 sentner, Bəyimsarov kəndindən Fazil Vəliyev 48 sentner, Qaraağacı kəndindən Əlizadə Abbasov 40 sentner məhsul götürərək yüksək göstəricilər əldə etmişlər.

Ötən il aprel hadisələri zamanı o, ən ağır anlarda Möhtərəm Prezidentimiz və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın rayonumuza səfərləri, təmas xətti ilə 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində dağılan evlərə baxış keçirməyi, kənd sakinləri ilə görüşü və səmimi söhbətləri bir daha onu göstərdi ki, xalqın arxasında dağ kimi duran və qayğılarını çəkən Prezidentləri vardır. Səfərdən dərhal sonra müharibədən zərər çəkmiş evlərin bərpası üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırmağı bunun bariz nümunəsidir. Qısa müddətdə bərpa işlərinin başa çatması və hər cür şəraiti olan evlərlə təmin olunması sakinlərimizin böyük sevincinə səbəb olmuşdur.

M.Məmmədov bildirib ki, 2017-ci ildə rayonumuzda 3000 hektarda pambıq əkilməsinə hazırlıq görülüb. Pambıq əkilməsi nəzərdə tutulan sahələr müəyyənləşdirilib, xəritəsi hazırlanıb, vaxtında şum və qış aratı aparılıb. Sahələr səpin üçün tam hazır vəziyyətdədir. Bu yaxın günlərdə səpinə strat veriləcəkdir. Ərazidə fəaliyyət göstərən MKT “Qarabağ” və CTS “Aqro” MMC şirkətləri 790 nəfər mülkiyyətçi ilə müqavilə bağlamışdır. Pambıqçılarımız bu il 3000 ha ərazidən 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Bu da 6 min nəfər üçün iş yeri və 4,2 mln man gəlir deməkdir.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 46,4 faiz artaraq 181,6 milyon manat, əhalinin gəlirləri 7,6 faiz artaraq 205,5 milyon manat, əhalinin hər nəfərinə düşən gəlirlər 6,6 faiz artaraq 2575,7 manat, kənd təsərrüfatı məhsullarının həcmi 8,2 faiz artaraq 49,8 milyon manat olmuşdur.

Tədbirdə çıxış edənlər MKT “Qarabağ regional” filialının Tərtər məntəqəsinin müdiri Feruz Hacıyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, “ÇTS Aqro” MMC Tərtər pambıq istehsalı və tədarükü məntəqəsinin müdiri Fəqani Babışov, Subartezian Quyuları istismarı idarəsinin rəisi Əli Əliyev, Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev, fermer Fazil Vəliyev, istehsalçı Məzahir Sadıqov pambıq əkini üçün ayrılmış torpaq sahələrinin suvarma suyuna olan tələbatından, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə yığıncağın qərar layihəsini oxuyub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net