Ağcabədinin icra başçısı üçün 5 çanta pul...
Tarix: 29-04-2015, 09:20 | Çap et
Ağcabədinin icra başçısı üçün 5 çanta pul...
Ağcabədi və Ağdam rayonlarına məxsus olan və Haramı-Ergi düzündə yerləşən qış otlaq sahələrinin bu rayonlardan olan yerli sahibkarlardan alınıb hansısa şirkətə verilməsi ciddi narazılığa səbəb olub. Ağcabədi və Ağdam rayonlarının icra başçıları Şahin Məmmədov və Raqub Məmmədovun sahibkarlarla 13 aprel tarixində Ağcabədi rayon İcra Hakimiyyətində keçirilən görüş bu gərginliyi azaltmaq əvəzinə daha da artırıb. Məsələ ondan ibarətdir ki, görüş zamanı Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov sahibkarlara bildrib ki, torpaqların satılması ilə bağlı iddialar həqiqətə uyğun deyil. İcra başçısı bildirib ki, bu torpaqlar üçün ona 2008-ci ildə 5 diplomat çanta pul təklif olunub, lakin o bu təklifi qəbul etməyib. İcra başçısının bu açıqlaması isə sahibkarlarda əlavə suallar yaradıb. İndi onlar icra başçısının nəyin müqabilində bu torpaqları hansısa şirkətə verilməsinin səbəbini bilmək istəyirlər. Belə ki, 2008-2009-cu illərdə Haramı-Ergi düzündə yerləşən Ağcabədi rayonuna məxsus min hektarlarla torpaq sahibkarlardan alınaraq “Kraun-Ko” Məhdud Məsuliyyətli Cəmiyyətə verilib. Ümumilikdə isə həmin illərdə Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Şuşa, Xocavənd rayonlarına məxsus 71 min hektar torpaq sahibkarlardan alınaraq “Kraun-Ko” Məhdud Məsuliyyətli Cəmiyyətə verilib. Bu Cəmiyyət isə guya həmin ərazilərdə taxılçılıqla məşğuldur. Bu günə kimi həmin şirkətin ölkəyə nə qədər taxıl verməsi ilə bağlı hər hansı məlumat yoxdur. Halbuki, “Kraun-Ko” Məhdud Məsuliyyətli Cəmiyyət hər il dövlətdən milyon manatdan artıq subsidiya alır. Bu qədər subsidiyanın və 71 min hektar torpağın bir əldə cəmləşməsinin müqabilində bu Cəmiyyətin ökə iqtisadiyyatına hansı xeyir verdiyi məlum deyil. İndi isə “Kraun Ko” MMC-nin yolu ilə deyəsən başqa şirkət getmək istəyir. Həmin şirkətin “Qarabağ taxıl” MMC olması ilə bağlı məlumatlarla yanaşı Atena şirkətinin olması ilə bağlı da məlumatlar var. Hələlik rəsmiləşdirmə aparılmadığı üçün Ağcabədi və Ağdam rayolarından olan sahibkarlardan alınmasına cəhd edilən torpaqların hansı şirkətə verilməsi tam dəqiq məlum deyil. Eyni zamanda icra başçıları Şahin Məmmədov və Raqub Məmmədovun hansı səbəbdən ciddi-cəhdlə bu torpaqları sahibkardan almaq istəyinin səbəbi yerli sakinlərdə şübhələr yaradır. İcra başçısının beş çanta pul söhbəti isə vəziyyəti daha da gərginləşdirib. İnsanlar suallar edirlər ki, görəsən icra başçısına indi daha artıq pul təklif olunmayıb ki?
Yaranmış gərgin vəziyyətlə bağlı bir qrup rayon sakini başda prezident İlham Əliyev olmaqla dövlət rəsmilərinə müraciət ediblər. Həmin müraciətdə deyilir: “Yazıb Sizə bildiririk ki, biz Ağcabədi rayon Avşar kəndindən olan 96 sahibkar rayonumuzun balansında olan Dövlət Torpaq Fonduna məxsus qış otlaq torpaqlarında hər birimiz fərdi fermer təsərrüfatı yaratmışıq. Ümumilikdə, bizim təsərrüfatlarda yüz mindən artıq xırda buynuzlu, üç mindən artıq iribuynuzlu mal saxlayırıq. Ancaq indi bizim bu təsərrüfatlarımız məhv olmaq təhlükəsi ilə üzləşib. Belə ki, təsərrüfatlarımızın mövcud olduğu icarə torpaqlarımızı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan qanunlarını tapdalayaraq əlimizdən alıb, hansısa şirkətə verməyə çalışır. Bu zaman onu bizim bu torpaqlarla bağlı icarə müqaviləmizin olması da dayandırmır. Xitam verilməsi yalnız Məhkəmənin səlahiyyətlərinə aid olan icarə müqavilələrimizi özbaşına ləğv etməklə bizi hədələyən icra başçısı Şahin Məmmədov aprel ayının 13-də bizləri Ağcabədi rayon İcra Hakimiyyətinin binasında qəbul etdi və istifadəmizdəki torpaqları iki ay müddətində boşaltmağı tələb etdi. İcra başçısı Şahin Məmmədov bizim etirazlarımıza cavab olaraq bildirdi ki, 2008-ci ildə bu torpaqlar üçün mənə 5 diplomat çanta pul verirdilər ki, Sizdən alıb onlara verim. Ancaq mən bunu etmədim. İndi icra başçısı torpaqlarımızın əlimizdən alınmasını Prezidentin göstərişi ilə əlaqələndirir. Bildirir ki, Prezidentin göstərişi ilə bu torpaqlarda taxıl əkiləcək. Diqqətinizə çatdırmaq istəyirik ki, Haramı-Ergi düzündə artıq 71 min hektar torpaq "Kraun Ko" MMC-nin sərəncamına verilməsinə və bu şirkətin hər il dövlət büdcəsindən milyon manatdan artıq subsidiya almasına baxmayaraq ölkəmizdə taxılçılığın inkişafında heç bir ciddi irəliləyiş baş verməmiş, taxıl bolluğu yaranmamışıdır. Bunu son illər unun qiymətinin dayanmadan artması da təsdiqləyir. Belə görünür ki, Haramı-Ergi düzündə sahibkarlardan alınıb "Kraun Ko" MMC-yə verilməsi və hər il dövlət büdcəsindən milyon manatdan artıq pulun subsidiya kimi bu şirkətə verilməsi yalnız kimlərinsə maddi maraqlarının təmin edilməsinə xidmət edir. Halbuki, biz ölkəmizdə ərzaq bolluğunun yaradılmasına real xidmət göstərir, ət, süd, süd məhsulları və taxılla təmin edirik. Bakı şəhərinin ətlə təminatında Ağcabədi rayonundan olan fermerlərin müstəsna rol oynadığını bilməyən yoxdur. Torpaqlarımızın əlimizdən alınması həm də məşhur Qarabağ qoyunçuluğunun kökünün kəsilməsinə səbəb olacaq”. Sahibkarlar dədə-baba torpaqlarının istifadəsinin onların hüququ olduğunu və hüquqlarından vaz keçmək istəmədiklərini də qeyd edirlər: “Biz ermənilərin işğalçılıq siyasətinin qarşısında qanımız bahasına qoruduğumuz bu torpaqları bizdən sonra övlad və nəvələrimizin həyatının təminatı hesab edirik və indi bu torpaqları hansısa məmurların əlimizdən alması ilə barışmayacağıq”.
Son məlumata görə, aprelin 27-də yüzə yaxın sahibkar Prezident Adminstrasiyasında olub və rəsmilərlə görüşüb. Onlar icra başçılarının qanunsuzluqlarına son qoyulmasını tələb ediblər. Prezident Adminstrasiyasının rəsmiləri sahibkarlara dövlətin sahibkarlığa dəstəyini və qanunların aliliyinin pozulmasına yol verməyəcəklərini bildiriblər. Ağcabədi rayonundan aldığımız başqa bir məlumatda isə deyilir ki, bir neçə nəfər hüquq-mühafizə orqanlarına müraciət edərək icra başçısına beş çanta rüşvət təklif edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilməsini istəyiblər. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net