Sabirabad Meşə İdarəsində özbaşınalıq
Tarix: 25-04-2017, 07:33 | Çap et
Sabirabad Meşə İdarəsində özbaşınalıq
...Qədim qazax lətifələrinin birində deyilir ki, bir gün yaşlı bir qazaxın dəvəsi səhradan aula qayıtmır. İxtiyar qoca kənd yoluna çıxaraq sol əlini alnına qoyub uzaqlara baxır ki, görsün dəvəsi gəlir ya yox. Bir qədər aralıda gözünə bir saksaul kolu sataşır. Qoca tələsik gedib saksaul kolunu kökündən çıxarıb kənara atır. Onun bu hərəkətini görən gənc bir oğlan saksaulun kökündən çıxarılmasının səbəbini qocadan soruşur. Qoca düşünmədən gəncə belə cavab verir: “Səhranı görməyə mane olurdu”.
* * *
…Sabirabad rayon “Meşə Mühafizəsi və Bərpası” İdarəsi təkcə adı çəkilən rayonun meşələrini deyil, həm də Saatlı, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarının ərazilərində mövcud olan meşə zolaqlarını mühafizə edir. İdarənin balansında olan ərazi böyük olsa da, meşələri o qədər də çox deyil. Çünki adları çəkilən rayonlar Aran bölgəsinə aid olan yerlərdir və bu ərazilərdə şoran torpaqlar üstünlük təşkil edir. Əsas meşə zolağı Kür çayının sağ və sol sahilində yerləşir. Əsasən qovaq, qırmızı yuqun, təbiətin “qırmızı kitab”ına düşmüş və yalnız Muğan bölgəsinə aid olan bəzi ağac və koldan ibarət olan bu Kürsahili Tuğay meşələri Sabirabad rayon “Meşə Mühafizəsi və Bərpası” idarəsinin rəisi Əlixan Əsgərovun “bacarığı” sayəsində kütləvi şəkildə məhv edilərək, Kürsahili səhraya çevrilir. Əslində Əlixan Əsgərovun qanuna zidd hərəkətlərinə rəvac verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı departamentidir. Belə ki, Sabirabad Meşə idarəsinin rəhbəri Əlixan Əsgərov rayonun Şıxsalahlı, Osmanlı, Qaratoğay, Güdəcüyür, Axtaçı Muğan, Muğan Gəncəli, Cəngən, Salmanlı və Kür çayı boyunca yerləşən digər kənd sakinləri ilə saxta müqavilə bağlayaraq meşə ərazisini qanunsuz olaraq paylamışdır. Meşə təkcə müqavilə əsasında deyil, həm də “bığ altı” xatirinə bəzi imkanlı vəzifə sahiblərinə peşkəş edilmişdir. Meşə ərazilərində əkin aparan insanlar Kürsahili Tuğay meşələrini kütləvi şəkildə qıraraq orada özlərinə geniş təsərrüfat qurmuşlar. Meşələrin amansızcasına qırılmasına qarşı çıxan bir çox insanlar aidiyyatı Nazirliyə yazılı və şifahi şikayət etsələr də, bu Nazirlikdə şikayətçiləri çox incə bir şəkildə “susdurmağı” bacarmışlar. Yəni, o adamlara da meşə torpağından “yağlı tikə” vermişlər.

Cərimələr niyə kağız üzərində qalır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan şəhərində yerləşən 3 saylı regional idarəsi meşə zolağında qanunsuz təsərrüfatla məşğul olan insanlara külli miqdarda cərimə tətbiq etsə də, bu cərimələr elə kağız üzərində qalmışdır. Çünki yuxarıda dediyimiz kimi, həmin adamlar yüksək vəzifə sahibidirlər… Eyni aqibət Salyan və Biləsuvar rayonlarının ərazilərində yerləşən meşələrə də aiddir. Bu rayonların ərazisindən keçən magistral yolların kənarlarında olan meşələr dediyimiz kimi, Sabirabad Meşə İdarəsinin balansındadır. İdarə bu yolkənarı meşə zolağını başdan-başa ayrı-ayrı vətəndaşlara “imam ehsanı” kimi paylamışdır. Meşə zolağı məhv edilərək yerində çoxlu sayda restoranlar tikilmişdir. Sözsüz ki, bu meşələr insanlara “xala xətrin qalmasın”a verilməyib. Əlixan Əsgərovun “uğurlu əməliyyatı” meşə qətliamı ilə bitmir. Bildiyiniz kimi, idarə həm də meşə bərpası ilə məşğuldur. Yəni, meşələrin boş sahələrində yeni tinglər əkilir və əlavə meşə zolaqları salınır. Bunun üçün idarənin hesabına dövlət büdcəsindən külli miqdarda pul ayrılır, düz də edilir. Biz hamımız şahidik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkənin susuz ərazilərində və magistral yol kənarlarında milyonlarla ağac əkilir və həmin sahələrə su çəkilir. Bir tərəfdən əziyyət çəkilərək meşə salınır, digər tərəfdən mövcud olan təbii meşələrimiz Əlixan Əsgərovun məlum fəaliyyəti sayəsində məhv edilir.
Sabirabad Meşə idarəsinin balansında çoxlu sayda su nasosları var ki, bu nasoslarla Kür çayından yeni salınmış meşə və tingliklər suvarılmalıdır. Bu nasoslar həm elektrik enerjisi ilə, həm də neft yanacağı ilə işləyirlər. Sözsüz ki, sərf edilən yanacaq və enerji üçün dövlət idarəyə pul verir. Araşdırmamız göstərdi ki, pulun alınmasına baxmayaraq, adı çəkilən su nasoslarının heç biri idarədə yoxdur. Çünki həmin nasoslar çoxdan kimlərəsə satılıb. “Bəs yeni tinglik hansı vasitə ilə suvarılır?” sualımıza Əlixan Əsgərov cavab verdi ki, guya idarə Sabirabad, Salyan, Biləsuvar və digər rayonların “Suvarma Sistemləri” və “Mexaniki Suvarma” İdarələri ilə müqavilə bağlayıb və bu idarələr tinglikləri və yeni salınan meşə zolaqlarını suvarırlar.
Yuxarıda adı çəkilən suvarma idarələri isə Əlixan Əsgərovun sözlərini təkzib edərək bildirdilər ki, onlar belə bir müqavilə bağlamayıblar və heç bir meşə və tinglikləri suvarmırlar. Çünki belə əməliyyat aparmaq üçün yeni su kanalları çəkilməlidir. Belə kanalları çəkmək üçün isə Nazirlər Kabinetinin qərarı lazımdır. Araşdırmamız davam edir. Digər məlumatları oxucularımıza növbəti sayımızda çatdıracağıq.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net