Nəsimidə 5 qardaş bir "JEK"də işləyir...
Tarix: 1-06-2015, 18:06 | Çap et
Nəsimidə 5 qardaş bir "JEK"də işləyir...
Redaksiyamıza daxil olan məlumatlarda Nəsimi rayon MKTB-in balansındakı 33 saylı MİS-in rəisi Mirnazir Əliyevin fəaliyyətinə dair ciddi iradlar əks olunub. Mürəkkəb idarəçilik strukturuna malik mənzil-kommunal təsərrüfatının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitariya vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur.Lakin son illər Bakıda fəaliyyət göstərən mənzil-kommunal istismar sahələrinin səlahiyyətlərinin bir qədər məhdudlaşdırılması səbəbindən bu qurumların işi də bir qədər ictimai diqqətdən kənarda qalmışdır. Belə vəziyyət isə bu sahədə çalışan bəzi məmurlara məhz şəxsi mənfəətləri baxımından fəaliyyətlərini daha da genişləndirmək üçün əlverişli şərait yaratmış oldu. Bu məmurlar məsul olduqları ərazilərə hər səhər bir neçə süpürgəçidən ibarət briqadalar buraxmaqla öz vəzifələrini tam icra etdikləri görüntüsü yaradır, özləri isə rəhbərlik etdikləri qurumun resurs və potensillarını sözün əsil mənasında talamaqla məşğul olurlar. Məlum olduğu kimi yay aylarında Bakı sakinlərinin narazılığına səbəb olan məqamlardan biri zibillərin daşınmasından sonra həmin ərazidə yaranan vəziyyətlə bağlıdır. Məişət tullantılarının daşınmasından sonra həm sözügedən qutu və konteynerlərin və onların ərazilərinin, həm də zibildaşıyan maşınların dərmanlanmaması ətrafa pis qoxu yayır. Bu ərazilərdə üfunət qoxusundan dayanmaq olmur. O cümlədən Bakının Nəsimi rayonu ərazisində bu cür xoşagəlməz halları gündəlik müşahidə etmək mümkündür. Rayon ərazisində yerləşən zibil qutularının ətrafında hər gün sahibsiz heyvanlar görünür və onlar da yoluxucu xəstəliklərin yaranmasına və yayılmasına gətirib-çıxara bilər. Gəmiricilərin, həşəratların və sahibsiz heyvanların qeyd edilən yerlərdə olması və onların sayının artması məhz məişət tullantılarının qrafik üzrə və vaxtlı-vaxtında daşınmaması, ərazinin təmizlənməməsi ilə əlaqədardır. Aldığımız məlumatlara əsasən bu vəziyyət xüsusilə 33 saylı MİS-in ərazisində öz gərginliyi ilə diqqəti cəlb edir. MİS-in rəisi Mirnazir Əliyev isə yalnız bu vəzifədə olduğu 20 il ərzində sahibi olduğu şəxsi kommersiya obyektlərinin işləkliyini təmin etməklə məşğuldur. Məlumatlara görə bu gün 33 saylı MİS-in bilavasitə yaxınlığında yerləşən “Qardaşlar” və “Həsən” adlı kafelər və daha bir market də Mirnazir Əliyevə məxsusdur. Həmçinin mənbələr MİS-in yaxınlığında fəaliyyət göstərən “Aygün” gözəllik salonu – fitnes mərkəzinin də Mirnazir müəllimin qızına məxsus olduğunu bildirirlər. Lakin MİS rəisinə məxsus obyektlərin sayı bununla bitmir. Belə ki, iddialara görə 3-cü mikrorayon ərazisində yerləşən beş mərtəbəli binalarının əksəriyyətinin zirzəmiləri məhz Mirnazir Əliyev tərəfindən özəlləşdirilmişdir. Bu gün isə həmin zirzəmilərdə müxtəlif iaşə obyektləri fəaliyyət göstərməkdədir. Bundan başqa isə məlumata görə MİS rəisi rəhbərlik etdiyi qurumu da ailə podratı üsulu ilə idarə edir. Belə ki, 33 saylı MİS-də Mirnazir Əliyevin özündən başqa daha dörd qardaşı da işləyir. Digər tərəfdən də açıqlamaları təqdim edən mənbələr Mirnazir Əliyevin katibəsinin idarə etdiyi “Nissan” markalı avtomobilin də bu xanıma məhz 33 saylı MİS-in rəisi tərəfindən hədiyyə olunduğunu iddia edirlər...





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net