“Rəsul Quliyev bitmiş siyasətçidir”
Tarix: 22-02-2016, 09:46 | Çap et
“Rəsul Quliyev bitmiş siyasətçidir”
Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev son günlərdə Facebookda sual-cavab şəklində yayılan videoları ilə gündəmi zəbt edib. Eks-spikerin özçəkim janrında olan son videosunda səsləndirdiyi fikirlər aranı qarışdırıb.

R.Quliyev Azərbaycanda müxalifətin olmadığını iddia edərək, AXCP-dən ibarət olan Milli Şuranın ünvanına ağır ittihamlar səsləndirib. O, Milli Şura adlanan qurumun mövcud olmadığını bildirib. Fikirlərini eks-spiker belə əsaslandırıb: “Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan Milli Şura Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxardıqları insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda 2 minlik mitinqlə başladılar və 300 iştirakçı ilə aksiyaları başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar”.

R.Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin 2013-cü ildəki prezident seçkilərindən sonra özünün 65% səslə qalib gəldiyini elan etməsinin xarici aləmdə ikrah doğurduğunu bildirib. Parlamentin keçmiş sədri İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənlinin bacarıqlarına bələd olmadığını, bu şəxslərin liderlik rolunu oynayacaqlarına şübhə etdiyini söyləyib.

Səslənən ciddi ittihamlarla bağlı ölkə müxalifətinin mövqeyini aldıq.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rəsul Quliyev bəzi vaxtlarda reallıqdan uzaq fikirlər səsləndirir: “Onunla fikirlərim bəzən üst-üstə düşmür. Engels deyirdi ki, ictimai-siyasi hadisələrdə iştirak etməyən alim ictimai-siyasi hadisələr haqqında heç bir həqiqəti ifadə edə bilməz. Rəsul Quliyev Azərbaycanda olmadığına görə onun fikirləri düzgün olmaya bilər. Amma 2005-ci illə bağlı fikirləri ilə qismən razıyam. O vaxt yanlış addımlar atıldı. Nəticədə nailiyyətlər əldə edə bilmədik. Həmin vaxt müxalifət üçün parlamentdə 35-40 yer təklif olunmuşdu. Amma bizim yoldaşlar 75 yer istədilər. Ona görə də uğur əldə edə bilmədik. Sonra Əli Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar. Bundan hökumət hərəkata qarşı vasitə kimi istifadə etdi. Beynəlxalq aləm də dəstək verməkdən imtina etdi. Rəsul Quliyevin fikirlərinin hamısını yanlış kimi qələmə vermək olmaz. Eyni zamanda, fikirlərin hamısını da doğru kimi qəbul etmək düzgün olmazdı. Bu baxımdan tənqidləri ilə həm qismən razıyam, həm də razı deyiləm. Əgər doğrudan da Azərbaycanda müxalifət yoxdursa, Rəsul müəllimin tənqid etdiyi qüvvələr kimlərdir? Adını çəkdiyi şəxslər heç kimdirsə, niyə o zaman tənqid edir? Demək, bunlar bir gücdürlər.

Bu qüvvələr iqtidar olmadığına görə müxalifətçilik edirlər. Rəsul Quliyevin ”müxalifət yoxdur" sözləri ilə ölkəmizdə vəziyyətin ağır olması fikirləri arasında məntiqsizlik var. Sosial vəziyyət onu göstərdi ki, ölkədə vəziyyət ağır olanda xalq gizli və açıq şəkildə müxalifət olur. Biz 20-25 ildir müxalifətçiliyi davam etdiririk. Bəzən meydanlara 100 min, bəzən də 5 nəfər çıxarırıq. Amma mövcudluğumuzu saxlayırıq. Dünyanın heç bir yerində bizim qədər müxalifətçilik edən qüvvələr yoxdur. Amerikada müxalifət olmağa nə var ki? Elə bir demokratik mühit biz də olsaydı, 10 dəfə prezident olardım.

Rəsul Quliyev bir tərəfdən Azərbaycandakı vəziyyəti düzgün analiz edir, digər tərəfdən isə yanlış nəticələr çıxarır. Belə vəziyyətdə müxalifətin olmasını qəhrəmanlıq hesab edirəm. Nədənsə, xaricə gedənlər orada bülbül kimi ötürlər. Həyatımızı riskə qoyub, 25 ildir mübarizə aparırıq. Belə insanlara abidə qoyulmalıdır. Təbii ki, səhvlərimiz də var. Rəsul Quliyev yaxşı bilirdi ki, seçki yolu ilə burada dəyişiklik etmək mümkün deyil. Dünya demokratik dəyişikliyə imkan vermirsə, bütün dünya ilə mübarizə aparmalıyıq? Ukrayna, Gürcüstanda inqilablar qalib gəldi, bəs biz də niyə yox? Sadəcə bu ölkələrə dəstək verildi, amma bizlərə yox. Müxalifət olaraq, daim demişik ki, Qərb bizə dəstək verib. Amma etiraf edək ki, Qərb, Amerika Ukrayna və Gürcüstana verdiyi dəstəyin cüzi hissəsini bizə verməyib. Ədalətli olmaq lazımdır. Rəsul Quliyev ədalətsizlik edir. Buyurub, öz liderlərini ortaya çıxarsınlar. Müxalifətçilik etmək hüququmuzdur. Bunu heç kəs məhdudlaşdıra bilməz. Rəsul Quliyev yanlışdır. Amma dediyi fikirlərin bir çoxu ilə razıyam".

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı sabiq spikeri bitmiş siyasətçi hesab edir: “Rəsul Quliyev bitmiş siyasətçidir. Bunun üçün də onun nə deməsinə hər hansı bir şərh vermək istəmirəm. O, bitmiş şəxsdir, bitmiş siyasətçidir. Onun fikirlərinin Müsavat Partiyası üçün heç bir əhəmiyyəti yoxdur”.

Sabiq spikerin tənqid etdiyi Milli Şuradan mövqe bildirməyiblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
26-09-2020 13:34
 
 
 
 
 
 
 
25-09-2020 13:24
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net