Gömrük məmurlarımız pullarını Tiflisə yatırırlar...
Tarix: 15-12-2015, 11:01 | Çap et
Gömrük məmurlarımız pullarını Tiflisə yatırırlar...
Artıq bir neçə müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına Tovuz və Xaçmaz Gömrük idarələrinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edən açıqlamalar təqdim olunmaqdadır. Mövzuya dair qəzetimizin ötən saylarında dərc etdiyimiz yazılarda da qeyd olunduğu kimi, bu iki gömrük idarəsinin adlarının eyni tənqidi materiallarda yanaşı çəkilməsinin bir neçə səbəbi vardır ki, bunlardan da biri Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədovun bu vəzifəyə təyin olunmasında, məhz Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun kifayət qədər böyük dəstəyi olmasıdır. Digər tərəfdən də, Dövlət Gömrük Komitəsi sədrinin müavini Səfər Mehdiyevin, Mehman Sadıqovun və Azər Məmmədovun hazırda Rusiya ərazisində şərikli taxta biznesinə sahib olmaları məlumdur. Eyni zamanda da, dərc etdiyimiz materiallarda biz Azər Məmmədovun bu təyinatı almasında Dövlət Gömrük Komitəsi sədrinin digər müavini Əsgər Abdullayevin də xüsusi rolu olduğunu vurğulamışdıq. Hətta bəzi mənbələr bizə bu açıqlamanın mətbuatda yer almasına Əsgər Abdullayev tərəfindən neqativ reaksiya verildiyini də xəbər vermişdilər. Bununla belə, bizimdovr.az-a yeni daxil olmuş digər bir məlumatda Azər Məmmədovun məhz Əsgər Abdullayevlə birgə Gürcüstan respublikasında yeni biznes qurmaları da diqqət mərkəzinə gətirilir. Bu xüsusda mənbə bildirir ki, bu azərbaycanlı gömrük məmurları hazırda Tiflis şəhərində iki korpusdan ibarət klinika inşa etdirirlər. Qeyd olunur ki, bu klinika Gürcüstanın paytaxtında “erməni xəstəxanası” kimi tanınan tibb müəssisəsinin yanında tikilir. Nəzərdə tutulub ki, yeni klinikanın iki korpusundan biri nevroloji xəstəliklərin müalicəsi, digəri isə insan orqanlarının transplantasiyası üzrə fəaliyyət göstərəcək. Burada çalışacaq həkimlərin isə, Almaniyadan dəvət olunacağı planlaşdırılıb. Hələlik isə, mənbə klinikanın tikintisinə dair maraqlı açıqlamalar təqdim edir. Xüsusi olaraq vurğulanır ki, tikinti işlərində çalışan usta və fəhlələr Gürcüstanın şaumyan rayonundan gətirilmiş ermənilərdir. İşlərə nəzarəti isə, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük-keçid məntəqəsinin əməkdaşı, Mehman Sadıqovun bacanağı Kamil və onun köməkçisi, mənəqədə “topal” ləqəbi ilə tanınan Kamandar həyata keçirirlər. Qeyd etmək istərdik ki, məlumatları bizə təqsim edən mənbə həmin bu Kamandarın olduqca maraqlı bir fiqur olduğunu da xüsusi qeyd edir. Bildirilir ki, Kamandar Qazax Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Fərman Nağdalıyevin xalası oğlu və eyni zamanda da başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın qardaşıdır. Bu qohumluq əlaqələri isə, Kamandarı “Qırmızı körpü” gömrük-keçid məntəqəsində xüsusi imtiyazlara malik olan bir şəxsə çevirmişdir. Belə ki, bəzi məqamlarda Kamandarın davranışı, onun adi vətəndaşlara və hətta özündən rütbə və vəzifə baxımından daha yüksək olan digər əməkdaşlara qarşı yol verdiyi hərəkətlər əsil “qoçuluq” kimi qiymətləndirilir. Məsələn, mənbənin iddiasına görə, Kamandar bu yaxınlarda aralarında yaranmış mübahisə zəminində gömrük-keçid məntəqəsinin rəis müavini Arzu müəllimi Kür çayı sahilində “xəlvət” bir əraziyə apararaq, orada həmin müavini təhdid etmişdir.
Əlbəttə ki, bütün bu neqativ hallar ilk növbədə Tovuz və Xaçmaz Gömrük idarələrinin fəaliyyətində əsaslı şəkildə yer almış özbaşınalıqlardan, hərc-mərclikdən xəbər verir. Belə davam edəcəyi təqdirdə isə, məmur özbaşınalıqlarından ən çox əziyyət çəkənlər də məhz Azərbaycan vətəndaşları olacaqlar.

Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net