Rəşad Sadıqov: "Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi"
Tarix: 25-02-2021, 18:47 | Çap et
Rəşad Sadıqov: "Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi"

"İlk növbədə stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis matçın maraqlı və gərgin alındığını söyləyib: "İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda isə matçın tempi qalxdı. Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. "Neftçi" bura iddialı gəlmişdi".

Sadıqov meydana 4 müdafiəçi çıxdıqlarını bildirib: "Rəqibin 5-3-2 sxemi ilə oynayacağını gözləyirdik. Amma heyətləri görəndən sonra bəzi dəyişikliklər etdik. Bu gün 4 müdafiəçi ilə oynayırdıq. Sadəcə, Hacıağa Hacılı bir qədər arxa xəttə yaxın oynayırdı. Mənə görə, 5-li müdafiə sistemini ən yaxşı Antonio Konte oynadır. Bütün sistemlərə yaxından bələd olmağa çalışıram. İstənilən halda qarşındakı rəqibi nəzərə almalısan. Bugünkü oyun üslubu sevdiyim sistem deyil. Məcburiyyətdən buna əl atdıq".

Baş məşqçi 77-ci dəqiqədə zədələnən Davit Volkovun durumunun ciddi olduğunu vurğulayıb: "Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net