Məmur özbaşınalığını iflic edən tək sistem: "ASAN xidmət"
Tarix: 22-10-2015, 09:50 | Çap et
Məmur özbaşınalığını iflic edən tək sistem: "ASAN xidmət"
Yaxın vaxtlarda Azərbaycanda sahibkarlığın inkişafında böyük irəliləyişlər gözlənilir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda sahibkarlıq fəaliyyəti üçün lisenziyaların "ASAN xidmət" mərkəzlərində verilməsi də nəzərdə tutulur.
Bu fərmanla sahibkarlığın stimullaşdırılması məqsədilə lisenziyaların sayı minimuma endirilir, lakin sayın hansı həddə ixtisar olunacağı hələ məlum deyil (hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə bağlı 65 növ lisenziya mövcuddur).
Lisenziyaların verilməsinin "ASAN xidmət"ə həvalə edilməsi isə çox sevindirici haldır. Bu xidmətin uğurlu təcrübəsi artıq hamıya məlumdur.
Yeri gəlmişkən, keçmiş postsovet məkanında sahibkarlıq fəalliyyəti üçün lisenziyaların sayının azaldılması barədə düşünən yalnız Azərbaycan deyil. Cari ildə Ukrayna da eyni addımı ataraq, lisenziyaların sayını 56-dan 30-a azaldıb. Qırğızıstanda isə bu cür 101 lisenziyanın sayını 84-ə qədər azaltmağı planlaşdırırlar.
KİV yazır ki, bu fərmanı ölkədə çoxdan gözləyirdilər, necə ki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini də.
Qeyd edək ki, dünən parlament həmin layihəni təsdiqləyib.
Çoxsaylı yoxlamalar artıq şikayətlərə səbəb olur, narazılıqlara yol açırdı. Bu yoxlamalar çox vaxt qanun pozuntuları hallarını aşkar etmək adı ilə aparılır, nəticədə bəzi məmurlar ciblərini doldurmaq üçün bəhanə qazanmış olurdular.
Təbii ki, bu cür amillər ölkədə sahibkarlığın inkişafını ləngidirdi. Hazırkı iqtisadi şəraitdə isə özəl sektorun inkişaf etdirilməsi ən mühüm məsələlərdən biridir. Belə ki, neft gəlirlərinin azalması iqtisadi artım tempini əvvəlki səviyyədə saxlamaq üçün yeni investisiya mənbələrinin tapılmasını vacib edir. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi barədə dəfələrlə danışılıb, eyni zamanda özəl sərmayələr hesabına. Bu səbəbdən həmin dəyişikliklər sahibkarlıq üçün münbit zəmin yaradacaq.
2015-ci il noyabrın 1-dən Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması nəzərdə tutulur. Sahibkarlıq sahəsində istisna yoxlamalar yalnız Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılacaq.
Ümumilikdə bu, sahibkarlığın inkişafına böyük təkan verəcək.
Son vaxtlar hökumət tərəfindən sahibkarlıq sahəsində fəaliyyətin sadələşdirilməsi istiqamətində fəal addımlar atılır. Nümunə kimi, 2016-cı ildə qüvvəyə minəcək Vergi Məcəlləsində edilən dəyişiklikləri qeyd etmək olar ki, bu dəyişikliklər tikinti, ictimai iaşə və ticarət sahəsində vergitutma sistemini sadələşdirməyə imkan verəcək. Ümid etmək olar ki, bütün bu dəyişikliklərdən sonra Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün münbit zəmin yaranacaq.
Bütün bunlar öz yerində, daha bir maraqlı nüans isə ondan ibarətdir ki, ölkədə artıq uzun müddətdən bəridir davam edən, Azərbaycanın bütün sahələrdə inkişafını əngəlləyən məmur hegemoniyası artıq başa çatır. Tədricən vəzifəli şəxslərin öz qanuni fəaliyyət çərçivələrindən kənara çıxıb müxtəlif xoşagəlməz əməllərlə məşğul olması, vətəndaşları, o cümlədən sahibkarları incitməsi, süründürməsi, onlara “pul mənbəyi” kimi baxması dövrü keçmişə çevrilir.
Ölkədə məmur özbaşınalığından çox böyük narazılığın olduğu heç kimə sirr deyil. Bizdə bəzi vəzifəli şəxslər oturduqları kresloya, tutduqları postlara şəxsi maraqlarının təminatı kimi baxmağa vərdiş ediblər. Son vaxtlar atılan addımlar həm də bu zərərli streotipi qırmağa, məmurların özlərini “ağa”, “kəndxuda” kimi aparmalarının önünü almağa, ölkədə yeni, müasir dövrün və qanunların tələblərinə uyğun məmur-vətəndaş münasibətləri formalaşdırmağa hesablanıb.
İnanaq ki, ən qısa vaxtda biz bu istiqamətdə real nəticələri görməyə başlayacağıq. Əks halda məmur hegemoniyasının, onların heç cür əl çəkmək istəmədikləri korrupsiya və monopoliya fəaliyyətlərinin ölkəyə yalnız mənfi tendensiyalar vəd etdiyi, sosial-iqtisadi partlayış vəziyyəti yaratdığı qətiyyən şübhə doğurmur.
Unutmaq olmaz ki, dünyada, o cümlədən Azərbaycanın yerləşdiyi və yaxın olduğu regionda çox ciddi, hər bir baxımdan - həm siyasi, həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən proseslər çox təhlükəli cərəyan edir. Bu proseslərin mənfi təsirlərindən qorunmaq üçün Azərbaycanda bir sıra mühüm problemləri, o cümlədən, məmur hegemoniyasının yaratdığı neqativ riskləri aradan qaldırmaq qaçılmaz zərurətə çevrilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net