İcra başçıları büdcənin qəsdinə durublar...
Tarix: 29-06-2015, 11:33 | Çap et
İcra başçıları büdcənin qəsdinə durublar...
Ölkənin sürətli sosial-iqtisadi inkişafı tək paytaxtımızda deyil, ümumilikdə bütün regionlarımızda özünü yüksək səviyyədə göstərməkdədir. Bölgələrimizin dəyişən siması, davamlı şəkildə həyata keçirilən infrastruktur layihələri göz oxşayır. Bununla paralel olaraq əhalinin rifahı da günbəgün yaxşılaşır.Əlbəttə, bütün bunlar dövlət rəhbərliyinin diqqət və qayğısının bariz nümunəsidir.
Təkcə onu demək kifayət edər ki, son 3-5 ildə quruculuq işlərinə yönəldilən büdcə vəsaitlərinin həcmi inanılmaz dərəcədə artaraq, belə deyək, öz "şkalasını" da aşmağa müvəffəq olub. Əlbəttə, görülən işlərin həcmi daha da artıq, inkişafımız vəsait qoyuluşuna görə daha səmərəli, maliyyə ehtiyatlarımız isə artım dərəcəsinə görə daha tutumlu ola bilərdi, büdcə vəsaitləri təyinatı üzrə xərclənsəydi...Təəssüflə qeyd etməliyik ki, sosial-iqtisadi inkişafımıza paralel olaraq paytaxtımıza və regionlara ayrılmış milyardlarla manat büdcə pullarının qanunsuz mənimsəmələrində də ciddi artımlar var. Bu məsələnin dəqiq araşdırılması yəqin ki, ölkənin büdcə və maliyyə nəzarəti strukturlarının işidir. Lakin uzun illər ərzində eyni vəzifədə oturuşmuş yüksək vəzifəli məmurlar arasında formalaşmış çox dayanıqlı tellərin büdcə işlərində oynadığı əhəmiyyətli rolu da unutmamalıyıq.Bunun nəticəsidir ki, bir sıra icra başçıları qorxu-hürküsüz və açıq-aşkar şəxsi bizneslə məşğul olmaqdadır. Onlardan bəziləri barədə qəzetimizdə zaman-zaman məlumatlar gedib. Bu dəfə oxucularımızı daha çox maraqlandıran bir məsələdən-icra başçılarının ev kolleksiyalarından xəbərdar etmək fikrindəyik.
Xəzər Aslanov, qazon əldən...getdi
Əlbəttə, başçının avtomobil, qızıl-brilyant, kommersiya və istehsalat obyektləri kolleksiyalarına öyrəşmişik. Lakin bəzi rayonların icra strukturları rəhbərləri bir qədər də bu işdə "uzağa" gedərək Azərbaycan şəraiti üçün qeyri-ənənəvi olan kolleksiyalar toplamağa meyl göstərməkdədir. Məsələn, at, it, hətta safqanlı eşşək cinslərini bir araya gətirməklə həm də öz "vəzifəsini" yerinə yetirən icra başçıları tanıyırıq. Onların arasında Xızının icra başçısı Xəzər Aslanov özünün qeyri-adi kolleksiyası ilə seçilir. Eşitdiyimizə görə yaxın günlərdə Almaniya səyahətindən qayıtmış icra başçısı çeşidli "qazon", yəni döşəmə çəmənlik kolleksiyasına malikdir. Bunun üçün icra başçısının Xızıda rayon suvarma sistemləri idarəsinin rəisi Fərrux Haqverdiyevlə şərikli biznes qurduğu deyilir. Məlumat üçün bildirək ki, başçının xeyli sərmayə hesabına əmələ gətirdiyi "qazon"u artıq baxımsızlıqdan zay olub. Hansısa xızılı şairin "Qazon əldən getdi" adı ilə nəzmə çəkdiyi bu əhvalat deyilənə görə, meyxanaya çevrilərək xızılılar arasında populyarlıq qazanıb. Bu səbəbdən Xəzər Aslanovun Fərrux Haqverdiyevlə münasibətlərinin korlandığı deyilir. Bu iki məmur arasındakı salaməleykin zəngin tarixçəsi var.Vaxtilə elə bu şərəfə Fərrux Haqverdiyev Şurabad qəsəbə bələdiyyəsinə məxsus 45-50 hektar sahəni başçı Xəzər Aslanova hədiyyə edib. Necə və hansı əsasla bunu edib, bilmirik. Lakin, deyilənə görə Xəzər müəllim bu yerləri çoxdan gözaltı edibmiş. Söhbət əsnasında hətta bir dəfə bu sahənin kimə məxsus olduğunu da Fərrux müəllimdən soruşubmuş. Bu zaman cavab əvəzinə "kimin olur-olsun, bu yerlərin daşı da torpağı da sizin kimi alicənab rəhbərə qurbandı" sözlərini eşitmişdi. Sonradan məlum oldu ki, icarə müqaviləsi bitmək üzrə olan bu sahədə bir müddət öncə üzüm tingliyi salmaq arzusunda olan Fərrux Haqverdiyev təbiətcə çox həssas insanmış. Başçının mənalı baxışları qarşısında tab gətirməyərək "sınan" meliorator eyhamı anlayaraq ona hədiyyə etmək fikrinə düşüb. Ola bilsin özünün istifadəsində olan Giləzidəki torpaq sahələrinin gələcək taleyindən narahatlıq keçirib Fərrux müəllim, ona görə də söhbəti birdəfəlik bağlamağa üstünlük verib.
Mahmud Quliyevin "tryuk"ları
Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev də toplam ticarət, sənaye və səhiyyə obyektlərinə qeyri-rəsmi sahibliyi ilə seçilən məmurlardandır. Belə geniş çeşidli biznes fəaliyyətinin rayon ictimaiyyəti tərəfindən anlaqlı qarşılanması üçün başçının müxtəlif "tryuk"lara baş vurduğu da deyilir. Paho, dedim axı, mən danışmayacam. Amma danışanların danışdıqlarını da nəzərdən qaçırmayacağam. Rayondakı işlərin mənbələrindən əldə edilən məlumatları oxumaq üçün gərək vaxt qazanasan. Biz yazanda iri planda yazırıq ki, görməyənlər büdcə yeyintisini görüb işığa gəlsinlər. Baxıb görsünlər ki, Mahmud Quliyevin başçı olaraq rolu nədən ibarətdir. Bəyəm, başçı da pensiyaçının haqqına göz dikər? Rayonda nə qədər əlil və pensiyaçı var, bilirsiniz? Bilməsəniz yaxşıdı. Yoxsa gedib deyərsiniz Maliyyə Nazirliyinə, ora yoxlama göndərər. Mən o yoxlamadan qorxmuram ee. Qorxum ondadı ki, yoxlamaları çaşıb Mahmud müəllimə məxsus olduğu deyilən "Elmed" tibb mətkəzinə göndərərlər, biabır olarıq. Başçı da ətrafındakı şəbəkə vasitəsilə balaca bir rayonda sıraladığı böyük işlərin hesabını nə qədər versə, qurtarmaz. Qalan hissəyə Bakı kimi şəhərdə ürəyin istəyən obyekt almaq nəmənə şeydi ki? Mahmud müəllim də bütün bu işləri tərəziyə vurub görüb ki, vəzifə beş günlük şeydi. Ona görə də sabahına gün ağlamağa qərar verib.
Nizaməddin Quliyevin ev "tədarükü"
Kolleksiya həvəskarlarının seçilən liderlərindən biri də Goranboyun icra başçısı Nizaməddin Quliyevdir.Məlumata görə, Nizaməddin Quliyev Bakının Rəsulzadə qəsəbəsində üzbəüz 2 villanın sahibidir. Bundan əlavə bildirilir ki, başçı Buzovna qəsəbəsində də özünə dəbdəbəli mülk tikdirib. Goranboyun icra başçısının Badamdar qəsəbəsində, onu vəzifədə himayə edən oliqarxlardan biri ilə qonşuluqda nəhəng villa tikdirdiyi deyilir. Başçının ev tədarükü bunlarla məhdudlaşmır. O, həmçinin Gəncə şəhərində 2 bahalı mənzilin sahibidir. Goranboyun mərkəzində dəbdəbəli həyət evi də Nizaməddin Quliyevin "kolleksiyasına" daxil edilib. Doğma Tap-Qaraqoyunlu kəndindəki dədə-baba evinin də bu "kolleksiyaya" aid olduğu bildirilir. Başçı Göy-göl rayonunun "Mixaylovka" kəndindəki villanın, Goranboyun Ağca kəndində hər birinin həyətyanı torpaq sahəsi olan sıra-sıra istirahət evlərinin, sahibidir. Ən son xəbərlərə görə, Nizaməddin Quliyevin gözü bu dəfə Qəbələ-İsmayıllı zonasının sıx ormanlı dağlar qoynunda yerləşən bir neçə hektarlıq ərazini tutub. İcra başçısının həmin ərazidə "Tap görüm" mini şəhərciyi salmaq planları gerçəkləşə bilər.Məlumat üçün bildirək ki, goranboylular Tap-Qaraqoyunlu kəndinə qısaca olaraq Tap kəndi deyirlər. Bizcə, başçının arzularında yer aldığı deyilən Böyük Qafqazın yaşıl yamaclarından Tap kəndini seyr etmək imkanı real görünür.
Beləliklə, əziz oxucular, sizlərin nəzər-diqqətinə icra başçılarının malik olduğu kolleksiyaların yalnız əlimizdə olan hissəsini çatdırmaqla kifayətlənmək məcburiyyətindəyik. Yaxın saylarımızda daha maraqlı yeniliklərə imza atmış məmurlarımızla qiyabi tanış olmaq imkanı qazanacağınıza zəmanət veririk. Saylarımızı gözdən qoymayın...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net