GÖZDƏN ƏLİLLƏR PREZİDENTDƏN DƏSTƏK GÖZLƏYİR
Tarix: 17-05-2017, 08:50 | Çap et
GÖZDƏN ƏLİLLƏR PREZİDENTDƏN DƏSTƏK GÖZLƏYİR
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) bir qrup üzvünün cəmiyyətin sədri Səmyar Abdullayevdən narazı olması haqqında bir neçə gündür mətbuatda məlumatlar dolaşır.

“Hurriyyət”ə belə məlumat daxil oldu ki, AGƏC üzvləri narazılıqlarını ictimailəşdirdikdən sonra Səmyar Abdullayev Fətəli xan Xoyski 123 a ünvanında 15 gözdən əlil ailəsinin məskunlaşdığı yataqxanaya gedərək bildirib ki, ondan narazılıq edənlərin şikayətinə imza atanlar ev almaqdan məhrum ediləcək.

Qeyd edək ki, şikayətçilərin narazılığına AGƏC-in Nərimanov rayonu Faiq Yusifov 40 küçəsi qarşısındakı boş torpaq sahəsinin sədr tərəfindən özəl MTK-ya satılmasının səbəb olduğu bildirilir. Ev növbəsində olan gözdən əlillərsə mənzillə təminatın reallaşmamasından narahatdırlar.

Fətəli xan Xoyski 123 a ünvanında biz də olduq. 6-sı subay, 9-u ailəli olmaqla onların məskunlaşdığı yerdə dediklərinə görə, vaxtilə hansısa tikinti trestinin idarəsi yerləşib. Sadəcə, başqa yaşayış yerləri olmadığına görə, onlar zirzəmi tipli qeyri-yaşayış sahəsində yaşamağa məcburdurlar. Mətbəxi, hamamı, tualeti ümumi istifadədə olan yataqxana sakinləri bildirir ki, burada adi adamların yaşaması çətindirsə, onların yaşaması ondan qat-qat çətindir.

Burda görənlər üçün yaşamaq çətindir, o ki ola...

Həyat yoldaşı Vadim İsmayılov və 5 yaşlı qızı gözdən əlil olan Nəzakət İsmayılova bildirir ki, yataqxana şəraitində yaşamaq onlar üçün çox çətindir: “Həyat yoldaşım, 5 yaşında övladım gözdən əlildir. Mən gözü görən adam burada əziyyət çəkirəm, o ki, ola bunlar. Burada gözdən əlillər üçün heç bir şərait yaradılmayıb. Ən vacib günlük ehtiyac olan yer mətbəxdi, hamamdı, tualetdi. Bu yerin gigyenik şəraiti normal olmalıdır. Amma biz zirzəmi şəraitində yaşayırıq. Təsəvvür eləyin burada bir canlı hörümçək belə tab gətirib yaşamır, biz burada dözüb yaşayırıq. Əgər buna yaşamaq demək olarsa... İkinci övlad dünyaya gətirməyə qorxuruq ki, o da gözdən əlil olsa, digərləri kimi belə çətinliklər yaşayacaq. Şərait çox pisdi. Qaz peçləri pis şəraitdədir, demək olar ki, qaz verilmir. Kombi çəkilib, o da təhlükəlidi. İşıqpulu da çox baha başa gəlir”.

Nəzakət Hacıyeva dedi ki, AGƏC-dən konkret olaraq şikayətləri yoxdur, çünki onlara əlamətdar günlərdə yardımlar edilir, amma bu yardımlar onların köklü problemini həll eləmir: “Biz cəmiyyəti pisləmirik, köməkliklər olur, amma bunlar xırda köməkliklərdir. Bayramlarda kiçik hədiyyələr verilir, sağ olsunlar, amma bu bizim yaramıza məlhəm deyil”.

“Ev növbəmiz 2015-ci ildən itib...”

N.Hacıyeva ev növbəsi üçün onlarda konkret məlumat olmadığını da dedi: “Çoxdan ev növbəmiz var. Konkret rəqəm deyilmir ki, biz neçənci adamıq”.

Sakinlər bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında ev növbəsiylə bağlı sıralama 2015-ci ilə qədər olub, sonra götürülüb: “2015-ci ildə ev Faiq Yusifov 40 ünvanında ev veriləndə təzələmə adı ilə sildilər, amma indi yeni məlumat da yoxdu ki, neçənci yerdəyik”.

Bir oğlu və özü gözdən əlil olan 3 övlad atası Şahin Məmmədov da gözdən əlillər adından ölkə başçısından dəstək gözlədiklərini bildirdi: “Xahişimiz odur ki, həmin boş torpaq sahəsində hansısa özəl şirkət yox, dövlət sifarişilə ev tikilsin və qanuni növbədə olanlara mənzil verilsin. Mən 2008-ci ildən ev növbəsindəyəm, 67-ci yerdəydim, amma növbəm nə səbəbəsə lap arxaya düşüb. Dəqiq fikir də bildirilimir ki, niyə belə olub?”

Gözdən əlil, 5 saylı internat məktəbinin müəllimi Famil Hacıyev AGƏC sədri S.Abdullayevin mətbuatda onun mənzili olduğu halda ev növbəsinə dayanması haqda dediyi fikirlərə etirazını bildirdi: “Səmyar Abdullay 2008-ci ildə mənə ev verməyib. Evi mənə dövlət verib. 2011-ci ildən də mən qanuni əsasla ev növbəsinə dayanmışam, əgər mənzil təminatına haqqım olmasaydı, məni ev növbəsinə almazdılar.

Digər tərəfdən, Səmyar Abdullayev bildirir ki, cəmiyyətin balansında olan heç bir obyekt mənimsənməyib. Elə isə niyə Ceyhun Hacıbəyli ünvanında aparılan tikintidən gözdən əlillərə mənzil vermədi? Deyir ora qeyri-yaşayış sahəsidir. Bəs hansı haqla o sahəni özəlləşdiriblər? “Səbinə” kooperativini özəlləşdiriblər. Orada mebel evi, başqa ofislər fəaliyyət göstərir və bunların da biz gözdən əlillərə heç bir aidiyyəti yoxdur”.

Vahid Quliyev dedi ki, özü də, həyat yoldaşı da I qrup gözdən əlildi, yeni doğulan övladının da gözündə problem var, 2012-ci ildən ev növbəsindədir, amma hələ evlə təmin olunmayıb: “Nazirlikdən cavab məktubu gəlib ki, gözlənilir. Deyirlər, özəl şirkət təzə bina tikəcək, amma biz buna etiraz eləyirik. Çünki təkcə Nərimanov rayonunda ev növbəsində olanların sayı 500-dən çoxdur. Amma oradan əvvəlcə 50, sonra da 70-75 nəfərə ev veriləcəyi deyilir. Biz də hesab edirik ki, bizim kimi imkansız əlillərin o evi almağa gücü çatmayacaq. 75 nəfərin də siyahısına düşmək şansımın olub-olmadığını bilmirəm, mən nə eləməliyəm?”

“Aldadıldıq ki, Ceyhun Hacıbəylidəki tikintidən 45-imizə ev veriləcək, amma biri də verilmədi”

Vəfadar Novruzov da I qrup gözdən əlildir. Bildirir ki, ailədə 4 nəfərdən 3-ü I qrup əlilldi: “Biz son dövrlərdə aldığımız məlumata görə cəmiyyətimizin hörmətli sədri Səmyar Abdullayev Faiq Yusifov 40 ünvanı qarşısındakı boş torpaq sahəsini öz şəxsi maraqları naminə əlilləri aldadaraq, müqavilə bağlamaq adı altında satıb. Biz əlilllər bu cür müqavilələri çox görmüşük. Ceyhun Hacıbəyli 40 ünvanında da aldadıldıq ki, əlillərə guya 45-dən artıq mənzil veriləcək. Nəticədə bir əlil belə mənzil almadı. Əvvəllər mən tələbə olduğum dövrdə işlədiyim “Səbinə” kooperativini, cəmiyyətə aid olan onlarla müəssisəni, gözdən əlillərin illərlə zəhmət çəkib yaratdıqları sexləri, dəzgahları söküb satıblar, daşın, divarın və daha sonra nəticədə torpağın satıblar. Bütün bunlardan cəmiyyət üzvlərinin nə xəbəri olub, nə də onların xeyrinə bir iş görülüb. Bir neçə gün əvvəl olan şikayətimizdən sonra cəmiyyətin cədri illərlə gəlib qapısını açmadığı bu yataqxanaya gəlib, deyib ki, kim cəmiyyətdən şikayət eləsə, ona ev verilməyəcək. Əlilləri hədələyib ki, bu yataqxana da bağlanacaq. Bildirmək istəyirəm ki, bu cəmiyyət bizim gözdən əlliliyimizə görə yaradılıb. Babamızdan yadigar olan kiminsə şəxsi mülkü deyil”.

“Sədr hesabat versin, AGƏC-in balansında olan vəsaitlər hara gedib?”

V.Novruzov dedi ki, AGƏC vaxtilə 3 ən varlı təşkilatdan biri olub: “Səmiyar Abdullayev 2002-ci ildə bu cəmiyyətə sədr gələndən cəmiyyətin balansında nə vardısa, bu gün onların heç birisi yoxdur. Çıxıb hesabat versin görək bu cəmiyyətin nəyi qalıb, hanı ən varlı təşkilat niyə belə günə qaldı? Sədr şərt qoyur ki, siz narazı olmayın, 5-ci mərtəbədən sonra sizə ev veriləcək. Nə üçün 5-ci mərtəbədən sonra? Bəzi əlilləri şirnikdirmə vasitələrlə, pulla susdurlur ki, təki onun yaratdığı problemlər dövlətə çatmasın”.

Sədr: “Dəfələrlə yoxlamalar aparılıb və bu şikayətlərin əsası olmayıb”

Cəmiyyətin sədri Səmyar Abdullayevlə əlaqə saxladıq. Sədr dedi ki, ölkə üzrə 50 mindən çox gözdən əlil var. Onların 10 mindən çoxu cəmiyyətin üzvüdür və əksəriyyət də evlə təmin olunmaq istəyindədir, bu isə AGƏC-in imkanı xaricindədir: “Onların qaldırdığı məsələlərlə bağlı cəmiyyətdə dəfələrlə - 2008, 2009, 2012-ci ildə hüquq-mühafizə orqanları, prokurorluq yoxlamalar aparıb və bu şikayətlərin heç bir əsası olmayıb. 2002-ci ilə qədər bu cəmiyyətin vəziyyəti necə idi? Bir statistika ortaya çıxarsınlar. İş olan yerdə nöqsan da olur. Bu cəmiyyətin balansında olan sahələri ələ keçirən işbazlarla mübarizə aparıb, onları geri qaytaranda bu qruplaşma harda idi? Buna görə dəfələrlə həyatım üçün təhlükə də yaranıb”.

Danışıqlar Səlim Müslümovun iştirakı ilə aparılıb

Sədr dedi ki, Faiq Yusifov 40 ünvanının qarşısındakı torpaq sahəsi satılmayıb, tikinti aparılandan sonra 75 mənzil gözdən əlillərə, digər sahələr isə gözdən əlillərin iş yeri olaraq ofis kimi fəaliyyət göstərəcək: “Gözdən əlillik davam eləyir və bunun kökünü kəsmək qeyri-mümkündür. Nə var elə bunlara veriləsi deyil ki? Faiq Yusifov 40 ünvanında 132 mənzillik ev tikilib, istifadələrinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əmlak Məslələri üzrə Dövlət Komitəsi, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələriylə görüşlərimiz olub. Anladıq ki, hər dəfə bizim cəmiyyətə ev inşası üçün vəsaitin ayrılması qeyri-mümkündür. Çünki başqa əlil təşkilatları, müharibə iştirakçılarının təşkilatları da var. Ona görə də bir neçə iş adamları ilə görüşdük. 2014-cü ildən bu proseslər gedir. Sevinc MMC adlandırdıqları şirkətlə də danışıqlarımız oldu. Həmin danışıqlar birbaşa cənab nazirimiz Səlim Müslümovun iştirakı ilə keçirilib və bu layihənin həyata keçirilməsi üçün hər cür dəstək də göstərib, Dövlət Əmlak Komitəsi, Bakı şəhər İcra Hakimiyyətinə də müraciətlər olunub və cavab alınıb ki, bu layihə məqsədəuyğun hesab olunur. Bu haqda əlimizdə rəsmi sənədlər də var. 2-3 ildi müəyyən işlər görülüb, tikintiyə başlamaq üçün hazırlıqlar gedir. Tikinti başlamaq ərəfəsində 5-6 nəfər çıxıb deyir ki, Səmyar Abdullayev ərazini satıb. Mən bilirəm ki, bu fikirlərin arxasında kim dayanır. 3 il öncə ərazi hasarlananda niyə onlar səslərini çıxarmırdılar? Təbii ki, cəmiyyətin balansında olan yerdə tikinti aparılacaq 75 mənzil gözdən əlillərə veriləcək, qalan yerlər də gözdən əlillərin iş yeri olaraq ofis kimi fəaliyyət göstərəcək. “Səbinə” kooperativi də yerində durur. Ceyhun Hacıbəylidəki ünvanda evdən söhbət gedə bilməz. Oarada qeyri-yaşayış sahələri tikilib. Çalışırıq ki, vaxtilə cəmiyyətin balansında olan digər sahələri də geri alaq, iş yerləri açaq. 2015-ci ildə istifadəyə verilən binadan sonra Küveyt səfriliyinin dəstəyilə bir mətbəə də açmışıq. Ölkədə brayl nəşrlərinin, iri şriftli nəşrlə zəif gösərn insanlar üçün bütün nəşrləri həyata keçirəcəyik. Orada gözdən əlillər də çalışacaq. Görülən işlərə niyə kölgə salınır? Heç bir sexin dağıdılmasından da söhbət gedə bilməz, çünki sexlər fəaliyyətsiz olduğuna görə, bütün dəzgahlar, avadanlıqlar yararsız vəziyyətdə olub. Bütün vəsait qoyuluşları cəmiyyətin adınadır”.

AGƏC sədri Famil Hacıyevin iradlarına da ayrıca mövqe bildirdi: “Hacıyev Familin dediklərinə gəlincə, doğrudur, evi mən paylamıram. 2015-ci ildə ev paylananda komissiyanın tərkibinə 11 rayon icra hakimiyyəti, Ailə, qadın, uşaq problemləri komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmkarlar və bizim cəmiyyətin nümayəndələri daxil olub. Komissiyanın sədri də Əmək və əhalinin sosial müdafiəsi naziri olub. Mən ev paylamışam?! Digər tərəfdən, mənzil paylanda heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Hansı növbəsi olmayan bir adama mənzil verilib, buyurub desinlər. Sadəcə komissiyanın apardığı araşdırmadan sonra sexlərdə acınacaqlı vəziyyətdə yaşayan 32 ailəyə növbədənkənar mənzil verilib. Bir məsələni də diqqətə çatdırım ki, mənzil növbəsinə götürmək səlahiyyəti icra hakimiyyətlərinə məxsusdu. İnsanlar arasında ajiotaj yaratmağa ehtiyac yoxdur”.

“Gözdən əlilik deyə bizimlə dünyagörüşü zəif kimi rəftar etməyin!”

Bu yazını Fətəli xan Xoyski “123 a” ünvanında yaşayan Şəbnəm Məmmədovnın fikirləri bitiririk. Şəbnəm tələbdir, universitetdə oxuyur, nişanlıdır, ailə qurmağa hazırlaşır: “Ailə qurmağa hazırlaşırıq, amma evimiz yoxdur. Ev növbəmiz var. Ev paylananda ayrı-seçkilik edilir, xüsusən subaylara. Bizi sadəcə yola verirlər, gəlib vəd edirlər, amma faktiki kömək yoxdur. Gözdən əlilik deyə bizimlə dünyagörüşü zəif insanlar kimi rəftar edilir. Məgər bilmirlər ki, hər birimiz tələbəyik, müəllimik, biz də başqaları kimi, bu cəmiyyətin faydalı insanlarıyıq. Bizə qarşı niyə belə münasibət var? Biz ələbaxan, kimdənsə asılı olmaq istəmirik. Əl açıb dilənmirik. Bacardığımız işin öhdəsindən gələ bilərik. Biz normal yaşayış yeri və bacardığımız işin qulpundan yapışmaq istəyirik. Bizim də arzumuz odur ki, heç kəsə yük olmayaq, cəmiyyətə faydalı insan olaq. Bunu öz iradəmizlə, bacarıqlarımızla və prinsiplərimizlə təsdiq eləyirik.

Elə görən insanlar var ki, onların bəsirət gözü bağlanıb, Allahın onlara verdiyi işığa dəyər vermirlər, çünki iç dünyaları zülmətdir. İçləri qaranlıq olub, baxıb görməyənlərə, bizə kor, gözdən əlil deyənlərə də etiraz eləyirəm: Gecə zülmətində yol gedə bilməyən adi insanlardan fərqli olaraq biz gecəgörənlərin hərəsinin bir işıqlı, zəngin batini aləmi var. Ona görə də düşüncələrimiz sağlamdı və haqqımızı, insanlığa hörmət və sayğılı olmağı tələb eləməyi bacarırıq”.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net