İmişlidə problemlər haradan qaynaqlanır...
Tarix: 29-02-2016, 09:33 | Çap et
İmişlidə problemlər haradan qaynaqlanır...
Qəzetimizin ötən saylarından birində dərc etdiyimiz “İmişlidə məmur yerdəyişmələri” sərlövhəli tənqidi materialda, adı çəkilən rayonun rəhbərliyi tərəfindən yol verilən bəzi qanunazidd əməllərdən və bu səbəbdən rayon sakinlərinin bir çox problemlərlə qarşılaşmalı olduqlarından bəhs etmişdik. Belə ki, aldığımız məlumatlarda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin son vaxtlar gəlir əldə etmək məqsədilə İmişlidə, daha dəqiq desək rayonun kəndlərində məmur yerdəyişmələri həyata keçirdiyi bildirilirdi. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamada, deyilənlərə nümunə kimi bəzi “transfer” əməliyyatlarının təfərrüatları da təqdim olunmuşdu. Bildirilirdi ki, bu yaxınlarda icra başçısının əmrinə əsasən Aranlı kəndinin icra nümayəndəsi İlham müəllim, bu kənddən 30 km məsafədə yerləşən Hacıalmuradlı kəndinə yeni təyinat alıb. Məzrəli kəndinin icra nümayəndəsi olmuş Elmiq müəllim, Qaradonlu – Gövhərli – Cahar kəndləri üzrə icra nümayəndəsinin müavini təyin edilib. Qaradonlu – Gövhərli – Cahar kəndləri üzrə icra nümayəndəsinin müavini olmuş Vaqif müəllim, Qaraqşlı – Mürsəlli kəndləri üzrə icra nümayəndəsinin müavini vəzifəsini alıb. Qulubəyli kəndində isə, həm icra nümayəndəsi, həm də müavin işdən çıxarılıblar. Buraya icra nümayəndəsi kimi rayonun Otuziki kəndindən Barat adlı bir şəxs təyinat alıb. Onun müavini isə, Qaravəlli kənd icra nümayəndəsinin keçmiş müavini gətirilib. Mənbə bildirir ki, analoji yerdəyişmə əməliyyatları rayonun Boşçalılar kəndində və Bəhrəmtəpə qəsəbəsində də keçirilib və bütün bu yerdəyişmələrin də əsas məqsədi yalnız gəlir əldə etmək olub. Bu gün isə, artıq “yeni vəzifələrə” təyin olunmuş kadrlar bu işə yatırdıqları “investisiyanı” çıxarmaq, həm də gəlir əldə etmək məqsədilə, öz növbələrində intensiv fəaliyyətə başlayıblar. Bu fəaliyyət isə, ilk növbədə qəsəbə və kənd sakinlərinin hüquqlarının pozulması ilə müşayiət olunur. Aldığımız açıqlamalarda məhz yuxarıda sadalanan qəsəbə və kəndlərdə həyata keçirilən torpaq maxinasiyalarının daha çox yer alması haqda iddialar irəli sürülür. Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayiət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Həm də icra nümayəndələri yerli bələdiyyələrlə əlbir olaraq, bu prossesləri elə bir xüsusi sxem üzrə həyata keçirirlər ki, ilk baxışda qanun pozuntularını müəyyən etmək də çətin olur. Yerli sakinlər isə, hətta onlar üçün dövlət tərəfindən müəyyən olunmuş pay torpaqlarına görə icra nümayəndəliklərinə və bələdiyyə sədrlərinə 3-4 min manat ödədikdən sonra belə müvafiq sənədləri əldə edə bilmirlər. Tək elə bu səbəbdən vətəndaşlar yerli orqanlardan olan şikayətləri ilə artıq bir neçə dəfə İmişli Rayon İcra Hakimiyyətinə üz tutublar. Amma əsil problem də elə bundadır ki, faktiki olaraq rayonun qəsəbə və kəndlərində fəaliyyət göstərən icra nümayəndəlikləri və bələdiyyələr törətdikləri qanun pozuntularına əslində elə RİH rəhbərliyi tərəfindən təhrik olunurlar. Belə olacağı təqdirdə isə, təbii ki, problemin həllini də başçı Vilyam Hacıyevdən gözləmək heç də məqsədəuyğun deyil.

Qarşı tərəfin də məsələyə münasibətini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-10-2018 08:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net