Gəncə şəhər Psixonevroloji Dispanserində özbaşınalıq
Tarix: 4-02-2016, 09:14 | Çap et
Gəncə şəhər Psixonevroloji Dispanserində özbaşınalıq
Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində dərc etdiyimiz tənqidi materiallarda Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində yol verdiyi vəzifədən sui-istifadə halları, rüşvətxorluq və digər ciddi qanun pozuntularından bəhs olunurdu. Bu xüsusda redaksiyamıza təqdim olunan açıqlamalarda qeyd olunmuşdu ki, Yaşar Əliyevin yarıtmaz fəaliyyəti bu gün artıq sadəcə burada müalicə alan insanları və onların yaxınlarını deyil, həmçinin dispanserin tibbi personalını da əməlli-başlı bezdirib. İlk növbədə mənbələr tərəfindən belə bir rüsvayçı ittiham irəli sürülmüşdü ki, dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Həmçinin daxil olan məlumatlarda, dispanser rəhbərliyinin buraya ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilirdi. Vurğulanırdı ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncədə və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Lakin açıqlamalara görə, dərman preparatlarından başqa, Gəncə Psixonevroloji Dispanserində maxinasiyaların tətbiq olunduğu daha bir məqam da xüsusi arayışların verilməsi ilə bağlıdır. Belə ki, Yaşar Əliyevlə razılığa gələn sağlam şəxslər bu dispanserdən hətta “dəlilik kağızı” da ala bilirlər. Yeri gəlmişkən, Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin işində müşahidə olunan bu qanun pozuntusu, bir çox digər mənbələr tərəfindən də təsdiq olunur, həm də bu kimi maxinasiyalarda Yaşar Əliyevin bu yaxınlara qədər Gəncə şəhər 25 saylı TSEK-ə rəhbərlik edən həyat yoldaşı, Elmira Səlimovanın da yaxından iştirakı vurğulanır. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti müraciətə isə, əlillik dərəcəsi almaq məqsədilə Yaşar Əliyevə pul verdiklərini iddia edən 65 (altımış beş!) nəfər öz imzalarını atıblar. Qeyd edək ki, baş həkimə verildiyi iddia olunan məbləğlər, 1055 manatdan 8000 manata qədər intervalda əks olunur. Vətəndaş Bəylər Bağırov isə, redaksiyamıza təqdim etdiyi ərizədə özünün başına gələnləri belə təsvir edir: “Yazıb sizə məlum edirəm ki, mənim oğlum Bağırov Nurlan Bəylər oğlu 1995-ci ildə anadan olub və anadangəlmə döş qəfəsi xəstəsidir. Mən onu müayinə etdirdim, mənə dedilər ki, oğluma əlillik dərəcəsi düşür. Bundan sonra məndən Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyev 2500 manat pul aldı ki, oğlunu mən təqaüdə çıxardacağam. Yaşarın həyat yoldaşı Elmira həkim də Gəncə TSEK-nin baş həkim vəzifəsində işləyirdi. Yaşar mənə dedi ki, uşağın sənədlərini ver, mən həll edəcəyəm. Mən də 2015-ci ilin yanvar ayında sənədləri və pulu verdim. O gündən, bu günə hələ də iş düzəlməyib və mənim pulum da geri qaytarılmayıb. Xahiş edirəm bu işdə mənə kömək edəsiniz...”
Əslində biz əlbəttə ki, kömək etmək istəyirik. Sadəcə bilmirik necə? Redaksiyamıza daxil olmuş başqa bir məlumatda da belə bir iddia irəli sürülür: “Elmira Səlimova bir neçə il bundan qabaq Gəncə TSEK-in sədri olanda bütün Gəncənin yarısı ruhi xəstə elan edib, onlara əlillik təyin etmişdi. Forma 88 və epikrizi də birbaşa həyat yoldaşının baş həkim olduğu Gəncə Ruhi Əsəb Dispanserindən təmin edirdi..” İndi bu boyda maxinasiyaları gözünü belə qırpmadan həyata keçirən Yaşar Əliyevə kiminsə gücü çatarmı, düzü bilmirik...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net