İmişlidə torpaq üstündə “vətəndaş müharibəsi”
Tarix: 17-11-2015, 10:19 | Çap et
İmişlidə torpaq üstündə “vətəndaş müharibəsi”
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində vaxtilə bələdiyyə mülkiyyətində olmuş 5 hektarlıq torpaq sahəsi üstündə 2007-ci ildə yaranmış mübahisə hələ də həllini tapmayıb. Bununla bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qalaq-qalaq məktublar gedib, mətbuatda yazılar dərc olunub. Üstəlik, məhkəmə çəkişmələri sürüb. Indi tərəflərdən biri təhdid olunduğunu deyir.

"Atam bu haqsızlığın qurbanı olub”

"Azadlıq” radiosuna danışan Bəhrəmtəpə qəsəbəsinin sakini Əbülfət Hüseynov bildirir ki, bu mübahisə ailələrinin faciəsinə səbəb olub: "2004-cü ildə mərhum atam bələdiyyə mülkiyyətində olan 5 hektar torpaq sahəsini 5 il müddətinə icarəyə götürmüşdü. Həmin yer aqrar islahat aparılarkən əhalinin ümumi istifadəsində otlaq sahəsi kimi saxlanılmaqla bələdiyyəyə verilmişdi. Amma müqavilə müddəti bitmədən ortaya qəsəbədə yaşamayan, tanımadığımız bir şəxs çıxıb dedi ki, bu yeri almışam. Atam birbaşa müraciətlə və yazılı surətdə çox yerə şikayət etdi. Əsəb gərginliyindən infarkt keçirdi. Bələdiyyə məhkəməyə verib, mənə cərimə kəsdirib. Indi də ailəmizi ölümlə təhdid edirlər”.

Otlaq, karxana, yoxsa balıq gölü?

Əbülfət Hüseynov iddia edir ki, mübahisəli sahə ilə bağlı xeyli qanunsuzluq edilib: "Əvvəla, torpaq sahəsi əhalinin ümumi istifadəsində saxlanıldığından Bəhrəmtəpə bələdiyyəsi onu alğı-satqı yolu ilə başqa şəxsin mülkiyyətinə keçirə bilməzdi. Ikincisi, torpaq 2009-cu ildə satılsa da, bu, köhnə – yerin bizim icarədə olduğu vaxta uyğun tarixə sənədləşdirilib. Torpaq sahəsi dövlət reyestrindən kənd təsərrüfatı təyinatlı olmaqla keçirilib. Amma məhkəmə qərarında onun sənaye (qum-çınqıl məhsullarının istehsalı) məqsədilə satıldığı göstərilib. Indi də məlum olur ki, burada balıqçılıq təsərrüfatı yaradılır. Halbuki Nazirlər Kabinetinin qərarı olmadan torpağın təyinatı dəyişdirilə bilməz”.

"Mətbu çıxışlara görə cərimə”

Ötən il Imişli rayon Məhkəməsi Bəhrəmtəpə bələdiyyəsinin sədri Iman Ibrahimovun "şərəf və ləyaqəti alçaldan məlumatların təkzib edilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbi ilə irəli sürülən işə baxıb. Bələdiyyə və onun sədri barədə çap və elektron mətbuatda ittihamedici çıxışlarına görə, Əbülfət Hüseynov 1000 manat cərimələnib.

Lakin bu qərardan sonra da vətəndaş nə şikayətini dayandırıb, nə də otlaq sahəsini əlindən buraxıb. O, mübahisənin uzanmağının səbəbini indiyədək etdiyi şikayətlərin obyektiv araşdırılmamasında görür: "Dəfələrlə yerli icra hakimiyyəti başçısının qəbulunda bələdiyyə sədri ”torpaq onun istifadəsindədir” cavabı verib. Saxta sənədlər tərtib edilib deyə, uzun müddət bu yerə yaxın gələn olmayıb. Qonşuluqdakı 15 hektarlıq torpağın sahibi də ərazini qazıq-quzuq edərək çıxıb gedib”.

DIN-ə və MTN-ə müraciət olunub

Son günlər ərazinin dörd bir tərəfinin kanalla əhatələnməyi tərəfləri üz-üzə qoyub. Torpaq sahəsi üstə yaranmış mübahisənin xoşagəlməz nəticələr verəcəyindən ehtiyatlanan Əbülfətin anası Bəyim Hüseynova polis, milli təhlükəsizlik orqanlarına müraciət edərək, ailələrinin təhlükəsizliyinin təmin olunmasını xahiş edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Əbülfət Hüseynovun təyinatından kənar məqsədlə torpaqdan istifadə edilməsi və təbiətə zərər vurulması barədə şikayətini araşdırmağa başlayıb.

Sədr bələdiyyənin bu işlərə qarışmadığını deyir

Bəhrəmtəpə bələdiyyəsinin sədri Iman Ibrahimov isə Hüseynovlar ailəsinin iddialarını əsassız hesab edir:

"Əslində, Əbülfət özü qanunsuzluq edərək neçə illərdir özgə əmlakından istifadə edir. Damağında şirə qalıb deyə, hər vasitə ilə torpağı əlində saxlamaq istəyir. O biri adam bu yeri 8 il əvvəl alıb, indi də iş görmək istəyir. Onun əməlində qanunsuzluq varsa, buna aidiyyəti qurumlar qiymət verməlidir. Bələdiyyənin bu məsələlərə qarışacağı yoxdur”.

"Bizim heç kəslə işimiz yox”

Mülkiyyətin sənədli sahibi – Tahir Həşimov da torpağın təyinatından kənar məqsədlə istifadə edilməsi barədə iddiaları rədd edir: "Kanalda balıq yetişdirmək, otlaq sahəsində isə meyvə ağacları əkmək istəyirəm. Hər ikisi elə kənd təsərrüfatına aiddir də. Qardaş, bizim heç kəslə işimiz yox, başımızı aşağı salıb, bir tikə çörəyimizi qazanmaq istəyirik”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net