Ağstafa təhsili daha bir qurban apardı
Tarix: 20-10-2016, 08:32 | Çap et
Ağstafa təhsili daha bir qurban apardı
Məlum olduğu kimi, ötən ilin oktyabr ayında Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Leyla İsayeva təyinat almışdır. Bu barədə bizimdovr.az-a daxil olmuş açıqlamada deyilir: “Ötən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə nurçuların Gəncə-Qazax regional mərkəzindən müəyyən bir təklif gəlib. Elə bir təklif ki, Məhərrəm Quliyev ondan imtina edə bilməyib. Belə ki, nurçular Leyla İsayevanın Ağstafa RTŞ-yə müdir təyin olunması üçün başçıya çox böyük məbləğdə pul təklif ediblər. Bundan sonra başçı asanlıqla olmasa da, hər halda keçmiş müdir, mərhum Fərhad Vəliyevin işdən azad olunmasına və Leyla İsayevanın təyinatına nail ola bilib. Bütün bu qalmaqallar, haqsızlıqlar və təhdidlər nəticəsində Fərhad Vəliyev ürək çatışmazlığına məruz qalaraq, dünyasını dəyişib...”

Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda biz qeyd etmişdik ki, ölkəmizin təhsil sistemi artıq uzun müddətdir ki, nurçular hərəkatının hədəfindədir. Azərbaycanın təhsil sisteminə daxil olmaqla, bu təriqətin mənsubları on minlərlə uşaq və gənclərimizin milli-vətənpərvər ruhda formalaşmaları işini əngəlləməyə, yetişməkdə olan gənc nəslin düşüncə tərzini bizə yad ideologiyalara tabe etdirməyə çalışırlar. Ağstafanın təhsil sistemində cərəyan edən hadisələr isə, artıq təriqətçilərin onlara qarşı çıxan ayrı-ayrı fərdləri bilavasitə fiziki cəhətdən aradan götürmək üçün müxtəlif üsullara əl atdıqlarını deməyə də tam olaraq əsas verir. Bəlkə də Ağstafa RTŞ-nin keçmiş müdiri, mərhum Fərhad Vəliyevin ölümünü bədbəxt hadisə kimi qəbul etmək olardı. Lakin bir neçə gün bundan əvvəl oxşar hadisənin yenidən bu şöbədə təkrarlanması, artıq təsadüf amilini tamamilə istisna etmiş oldu. Bu xüsusda aldığımız açıqlamanı olduğu kimi sizə təqdim edirik: “Təxminən iki-üç həftə bundan əvvəl Ağstafa RTŞ-nin müdiri Leyla İsayeva şöbədə metodist vəzifəsində çalışan Sevinc xanımı yanına çağıraraq ona növbəti “mühüm” tapşırıq verib. Müdir Sevinc xanımdan tələb edib ki, rayondakı məktəb direktorlarının hər birindən hər ay iki min manat pul yığsın. Sevinc xanım bu tələbə öz etirazını bildirdikdə isə, Leyla İsayeva ondan işdən çıxmaq barədə ərizə yazmasını tələb edib. Bundan sonra Sevinc xanım icra hakimiyyətinə yollanaraq, şöbə müdirinin qanunsuz tələbi barədə başçını məlumatlandırıb və şikayətçi olduğunu bildirib. Lakin Məhərrəm Quliyevin cavabı Sevinc xanımı daha çıxılmaz duruma salıb. Başçı ona deyib ki, get, Leyla xanım nə deyir, ona da əməl elə. Amma bundan sonra şöbəyə qayıdan Sevinc xanım yenə də Leyla İsayevanın tələbi ilə razılaşmayıb. Nəticədə şöbə müdiri hədələr və təhdidlərlə Sevinc xanımı işdən çıxmaq barədə ərizə yazmağa məcbur edə bilib. Bütün bu baş verənlər səbəbindən güclü əsəb gərginliyi keçirən Sevinc xanım ağır xəstələnib və təxminən bir həftə ərzində öz evində müalicə alıb. Lakin məsələ bununla da bitməyib. Evdə keçirdiyi bir həftənin tamamında vəziyyəti bir qədər yüngülləşən Sevinc xanım gözlənilmədən yenidən təhsil şöbəsinə çağırılıb. Burada isə, Leyla İsayeva ona yenidən öz işinə bərpa olunmağı təklif edib. Sevinc xanım da, elə şöbənin digər əməkdaşları da tamamilə yanlış olaraq, bunu müdirin peşmanlıq hissi keçirməsilə izah ediblər. Amma hadisələrin sonrakı inkişafı bunun səhv fikir olduğunu təsdiq edib. Belə ki, Sevinc xanım şöbə müdirinin təklifini qəbul edərək öz işinə qayıdıb. Lakin aradan heç bir neçə gün keçməmiş Leyla İsayeva ilə aralarında yenidən mübahisə düşüb. Və artıq bu dəfə Sevinc xanımın zəifləmiş orqanizmi növbəti gərginliyi adlaya bilməyib. Qəfil təzyiqi qalxan Sevinc xanım, nəticədə beyninə qan sızmasından, elə iş yerindəcə dünyasını dəyişib. Məsələdən xəbərdar olan rayon ictimaiyyətinin böyük əksəriyyətinin rəyi belədir ki, bu ölümü qətiyyən bədbəxt hadisə adlandırmaq olmaz. Aşkar görünür ki, Leyla İsayevaya öz işçisini nə yolla olursa-olsun susdurmaq lazım idi və o, buna da nail oldu. Qeyd edim ki, Sevinc xanımın üç övlad anası idi. Yalnız qızı ailə həyatı qurmuşdu. Onun qızı bizim bölgədə böyük hörmət və nüfuza sahib olan, məşhur cərrah Ənvər həkimin gəlinidir. Bu yaxınlarda Sevinc xanım böyük oğlunu da evləndirməyə hazırlaşırdı. Mərhumun kiçik oğlu isə, hələ məktəblidir...”

Daha sonra, mənbə Ağstafa RTŞ-nin keçmiş müdiri, mərhum Fərhad Vəliyevin ölümü bağlı indiyədək bizə məlum olmayan bəzi təfərrüatları da təqdim edir. Onun iddiasına görə, təhsil şöbəsində son bir ildə baş vermiş iki ölüm hadisəsi arasında sıx bağlılıq var. Həm də bu bağlılıq ilk növbədə bu ölümlərə eyni şəxslərin səbəb olmalarında öz təzahürünü tapır. Açıqlamada bu barədə deyilir: “Oxşar senarini RTŞ-nin keçmiş müdiri, mərhum Fərhad Vəliyevin də ölümündə izləmək olardı. Hərçənd o zaman icra başçısının seçdiyi təsir vasitələri bir qədər fərqli idi. Siz dərc etdiyiniz yazılardan birində bu məsələyə toxunsanız da, bəzi təfərrüatları nəzərdən qaçırmısınız. Məsələ bundadır ki, əslində Fərhad Vəliyevin ölümünə təkcə onun işdən çıxarılması ilə bağlı yaşadığı stres və gərginliklər səbəb olmayıb. Dəqiq məlumat var ki, icra başçısı Fərhad Vəliyevi qəbul edərkən, ona 50 min manat verəcəyi halda öz işində qala biləcəyini bəyan edib. Fərhad Vəliyev də bu təklifi qəbul edib və tələb olunan məbləği başçıya verib. Lakin az müddəy sonra Leyla İsayeva bu vəzifəyə təyin olunub və bundan sonra Fərhad Vəliyev hətta verdiyi pulu geri istəmək imkanından belə məhrum edilib. Məhz bu səbəbdən təhdidlərə məruz qoyulan Fərhad Vəliyev nəticədə ürək çatışmazlığından dünyasını dəyişib...”

Öz yazılarımızda biz dəfələrlə ayrı-ayrı nurçuların müəllim, məktəb direktoru və digər aparıcı vəzifələrə necə gəlib çıxmaları, ən əsası isə, bu vəzifələrdə təmsil etdikləri təriqətin ideologiyasını uşaq və gənclərə təlqin etmək üçün hansı üsullara əl atmaları barədə ətrafı açıqlamalar təqdim etmişik. O cümlədən, Ağstafa RTŞ-nin müdiri Leyla İsayevanın da təyinatı ilə bağlı redaksiyamıza gələn məlumatlar qəzetimizdə dərc olunmuşdu. Həmin məlumatda deyilirdi: “Ötən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə nurçuların Gəncə-Qazax regional mərkəzindən müəyyən bir təklif gəlib. Elə bir təklif ki, Məhərrəm Quliyev ondan imtina edə bilməyib. Belə ki, nurçular Leyla İsayevanın Ağstafa RTŞ-yə müdir təyin olunması üçün başçıya çox böyük məbləğdə pul təklif ediblər. Bundan sonra başçı asanlıqla olmasa da, hər halda Fərhad Vəliyevin işdən azad olunmasına və Leyla İsayevanın təyinatına nail ola bilib”.

Maraqlıdır ki, Ağstafadan hələ bir müddət aldığımız məlumatlar son baş verən faciəvi hadisələrin fonunda da öz təsdiqini tapır. Diqqət edin, təxminən iki ay əvvəl aldığımız açıqlamada deyilir: “Sizin yazdığınız məqalədə icra başçısına Leyla İsayevanın təyinatı ilə bağlı təqdim olunmuş böyük məbləğin məhz hansı rəqəmlərdə ifadə olunmasına RTŞ müdiri özü aydınlıq gətirib. Leyla xanımın deməyinə görə, bu məqsəd üçün Məhərrəm Quliyevə 200 min manat məbləğində “şirinlik” verilib. Amma bu da bütün reallığı tam əks etdirmir. Məsələ bundadır ki, Leyla İsayeva nurçulara qarşı münasibətlərin ketdikcə kəskinləşməsinin fonunda, icra başçısının da riskinin artmasını bəhanə edərək, hər ay ondan külli-miqdarda pul aldığını iddia edir...” İndi isə, Ağstafa RTŞ-nin keçmiş əməkdaşı, Sevinc xanımın ölümü ilə bağlı aldığımız son məlumatın davamına nəzər salaq: “Baş vermiş hadisədən sonra Ağstafa məktəblərinin direktorları bir araya gələrək, təhsil şöbəsinin rəhbərliyi tərəfindən yol verilən özbaşınalıqlara etirazlarını bildirmiş və bununla bağlı Təhsil Nazirliyinə şikayət müraciəti ünvanlamışlar. Vəziyyətin gərginləşdiyini görən Leyla İsayeva isə, ictimaiyyətin qəzəbini Məhərrəm Quliyevə doğru yönəltməyə çalışaraq bildirib ki, o, yığılan pulları başçıya verir...”

Beləliklə, RTŞ müdirinin rayon məktəblərindən yığılan rüşvət pullarının RİH başçısına təqdim olunduğunu bəyan etməsi barədə iddiaya aldığımız açıqlamalarda artıq ikinci dəfədir ki, rast gəlirik. Yoxsa bu da bir təsadüfdür? Hər halda redaksiyamıza daxil olan məlumatlarda bütün bu məsələlərə tezliklə aydınlıq gətiriləcəyinə dair ümid verən məqamlar da yox deyil. Mənbə bildirir ki, məktəb direktorlarının etdikləri şikayət əsasında artıq Ağstafa RTŞ-də Təhsil Nazirliyi və Hesablama Palatası tərəfindən yoxlamalara başlanılıb.

Öz tərəfimizdən bunu əlavə etmək istərdik ki, ən azından gələcəkdə də Ağstafa RTŞ-də müəmmalı ölüm hadisələrinin təkrarlanmaması üçün, baş verən hadisələrin müvafiq hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılması məqsədəuyğun olardı.

Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
14-02-2018 05:52
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net