Azərbaycanın dərman bazarının yeni azarı: aptek-firma işbirliyi
Tarix: 30-10-2015, 11:09 | Çap et
Azərbaycanın dərman bazarının yeni azarı: aptek-firma işbirliyi
Yaxın gələcəkdə reseptlərin yazılma qaydalarının dəyişdirilməsi planlaşdırılır. Dəyişiklik həkimlər tərəfindən dərmanın ticari adının deyil, beynəlxalq patentləşdirilməmiş adının, yəni təsiredici maddənin adının yazılmasını nəzərdə tutur.

Lakin bu, cəmiyyətdə birmənalı qarşılanmır. Bir vaxtlar dərman firmaları ilə həkim işbirliyindən yaranan narahatlıq indi firma-aptek münasibətlərində özünü göstərə bilər. Belə ki, satışda eyni tərkibə malik dərmanların heç də hamısı eyni qiymətdə olmur. Əczaçının isə bu məqamda kommersiya maraqlarından çıxış edib alıcıya ən bahalı dərmanı verməsi ehtimalı güclüdür. Belədə, dərman bazarından xəbərsiz olan alıcı asanlıqla tora düşə bilər.
Məsələn, həkim epilepsiya, psixi pozuntuları olan xəstəyə “Ezepin” əvəzinə onun təsiredici maddəsi olan “Carbamazepine” yazmalı olacaq. Hansı ki, bu təsiredici maddə ilə ölkəyə 10-dan çox ticari adda dərman idxal olunur. Lakin eyni tərkib və dozada olan bu dərmanların qiymətləri arasında fərq var. Məsələn, bu tərkibdə Rusiya istehsalı olan “Carbamazepine” adlı dərmanın 200 mq-ı 2 manatdırsa, eyni ölçüdə Böyük Britaniya istehsalı olan “Tegretol” 9,95 manatdır. Bu halda xəstənin hansı dərmanı alması aptek işçisinin dərmanı gətirən hansı firma ilə əməkdaşlığından asılı ola bilər. Bu isə o deməkdir ki, alıcı üçün dəyişən heç nə yoxdur: əvvəl həkim aldadırdısa, indi aptek işçisi aldada bilər.
Tibbi ekspert Adil Qeybulla da hesab edir ki, məlum qərar bir sıra xoşagəlməz tendensiyalara səbəb olacaq. Artıq apteklər hansı dərman firmasının məhsullarının daha çox satılmasında maraqlı olacaq. Bir neqativin qarşısını almaq üçün qəbul edilən qərar başqa bir neqativ üçün fon yaratmış olur. Bu gün dərman bazarında sadəcə adı fərqli olan çoxlu preparatlar var. Lakin onların əksəriyyətinin tərkibindəki dərman maddəsi tam dozada deyil, yaxud da içərisindəki dərman əlavələri daha zərərlidir. Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, dərman bazarı ilə bağlı inzibati qərarların hamısı qüsurlu olur. Bu sahədə problemlər azad rəqabət, ümumi qərarlarla tənzimlənməlidir. Belə inzibati qərarlar sonda yaxşı nəticə vermir. Bu qərarın tətbiqindən sonra həkimin yazdığı resept bir tərəfə qalacaq, müalicə aptek işçisinin məsləhət bildiyi dərmanlarla aparılacaq. Dərman bazarının qaydaya salınmasına ehtiyac var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrinə daxil olmayan dərmanlar Azərbaycana idxal edilməməlidir. Dövriyyəsinə icazə verilən dərmanlar barədə əhali tam məlumatlı olmalıdır. Məsələnin həlli yolu bundan ibarətdir”.
Ekspert onu da deyib ki, yeni qərardan sonra həkimlər dərman bazarına hər hansı tərkibdə nə qədər dərmanın gətirilməsindən xəbərsiz olacaqlar: “Bu gün ölkəyə eyni tərkibli 10-15 adda dərmanlar idxal edilir, dünyada bu say daha çoxdur. Həkimlər tərkibi bilməklə yanaşı, dərmanın adından da xəbərdar olmalıdırlar. Çünki dərmanlarla məhz onlar işləyir. Bu, müvəqqəti tədbir olacaqsa, müəyyən qədər anlamaq olar. Lakin bu qərarın yaradacağı problemləri nəzərə alsaq, perspektivli hesab edilə bilməz”.
Uroloq Mahir Şirinov da o fikirdədir ki, reseptlərdə ancaq dərmanların tərkibinin yazılması yalnız apteklər üçün sərfəlidir. Onun sözlərinə görə, dərmanların qiyməti tənzimlənəndən sonra firmaların əksəriyyəti bağlanmışdı. İndi az da olsa, qalan dərman firmaları apteklərlə işləməyə başlayacaqlar. Əlbəttə, firma həmin aptek işçisinə bu “xeyirxahlığın” qarşılığını ödəməlidir: “Hələ qərar qəbul edilməsə də, artıq apteklər firmalarla işbirliyinə başlayıblar. Bəzi apteklərdə işçilər firma əməkdaşlarına xəstəyə məhz onların dərmanlarını vermələri müqabilində müəyyən təkliflər edirlər. Bizdə olan məlumata görə, artıq aptek işçiləri firma əməkdaşlarına “yoldaşımla məni bu il hara istirahətə göndərəcəksiniz, xəstələrə sizin dərmanları verim” kimi təkliflər edirlər. Bir vaxtlar həkimlərin firmalarla iş birliyi problemə çevrilmişdi. Ancaq bu işbirliyi apteklə firmanın işbiriliyindən daha yaxşı idi. Çünki heç bir həkim xəstəsinin zərər görməsini istəməz. Ona görə də keyfiyyətsiz dərman firması ilə iş qurmurdu. Axı xəstənin sağalması həm də həkimin uğurudur. Aptek işçisini isə xəstənin sağalmasından daha çox əldə edəcəyi gəlir maraqlandırır”.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov isə əczaçıların ən baha dərmanı təklif edəcəyini istisna etməsə də, bununla bağlı nazirlik tərəfindən tədbirlərin görüləcəyini bildirib.
Göründüyü kimi, Azərbaycanın dərman bazarında aptek və firmaların yeni işbirliyi üçün əlverişli şərait yaranır. Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi isə həmişəki kimi, “tədbirlər görüləcəyinə” dair vəd verməklə kifayətlənir.
Görəsən, vədlərdən əmələ keçməyin vaxtı gəlib çatmayıbmı?!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net