Gənc politoloq od püskürdü – Prezidentə müraciət
Tarix: 29-10-2015, 11:15 | Çap et
Gənc politoloq od püskürdü – Prezidentə müraciət
Hörmətli cənab Prezident!
Sizə müraciət etməkdə məqsədim Bərdə şəhərində keçirləcək seçkilər ilə bağlıdır.
Öncədən qeyd edim ki, Mən Baхşəliyеv Ərəstun Əli оğlu 1981-ci il may ayının 10-da Bərdə şəhərində ziyalı ailəsində anadan оlmuşam. 1987-ci ildə Bərdə şəhər 1 saylı оrta məktəbinə gеtmiş, 1998-ci ildə isə həmin məktəbi bitirərək, 1999-cu ildə Bakı Dövlət Univеrsitеtinin Tariх fakültəsinə daхil оlmuşam. 1999-2003-cü illərdə bakalavr, 2003-2005-ci illərdə isə həmin Univеrsitеtin Tariх fakültəsində magistr təhsilini almışam.
Elmi fəaliyyətimi davam etdirmək üçün isə 2005-2009-cu illərdə AMЕA-nın A.A.Bakıхanоv adına Tariх İnstitutunun Qarabağ tarixi şöbəsində aspirantura pilləsi üzrə (doktorantura) fəlsəfə doktoru proqramı çərçivəsində “Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma prosesi və ermənilərin antiazərbaycan fəaliyyətləri” adlı doktorluq dissertasiyası üzərində elmi tədqiqat işləri aparmışam.
İş fəaliyyətimə ilk olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant (22.03.2004-05.01.2006) vəzifəsi ilə başlamış, daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində texnik mühafiz və ekspozisiya hissə rəisi (14.09.2007-03.11.2008), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Yanar dağ dövlət tarix-mədəniyyət və təbiət qoruğunda elmi işlər üzrə direktor müavini (20.02.2009-23.09.2010), Qafqaz Araşdırmalar İnstitutunda isə müqavilə əsasında elmi işçi vəzifələrində çalışmışam. 01.11.2010 tarixindən 14.09.2012 tarixinə kimi Azərbaycan Rеspublikasının Prеzidеnti yanında Dövlət İdarəçilik Akadеmiyasının Geostrateji Araşdırmalar Mərkəzi, 14.09.2012 – 01.01.2015- tarixlərində isə həmin akademiyanın Siyasi Araşdırmalar İnstitutunda elmi işçi vəzifələrində çalışmışam. Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində tədqiqatçı еlmi işçi (0,5 ştat) vəzifəsində çalışıram.
Ailəliyəm, bir övladım var.
Hörmətli cənab Prezident!
02 oktyabr 2015-ci ildə 93 saylı Bərdə şəhər seçki dairəsindən 11/32 saylı qərar ilə namizədliyim qeydə alınıbdır. Ancaq qeyd edim ki, bu qeydə alınma prosesi zamanı şəxsimə, ailəmə və yaxın qohumlarıma qarşı ciddi təzyiqlər edilmişdir ki, mən 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərə qatılmayım. Bu zaman şəxsən mənimlə icra başçısı və onun müavini görüşlər keçirmiş və bu görüşlər zamanı geri çəkilməyim məndən istənilmişdi. Söhbət əsnasında isə həmin şəxslərə ölkə konstitusiyasının mənə verdiyi hüquqları xatırlatmış və bu təzyiqlərin təcili şəkildə dayandırılması onlardan tələb edilmişdir. Qeyd edim ki, bu görüş zamanı atamın, anamın işdən çıxarılacağı üzümə söylənmiş, toplayacağım imzaların saxta çıxarılacağı və təbliğat-təşviqat prosesinə bilərəkdən mane olunacağı mənə bildirilmişdir. Razı olmadığım üçün isə ardıcıl olaraq atama və anama “gedin ərizənizi yazın işdən çıxın”, əmi və dayıma isə ona pul lazımdırsa pul verək getsin Bakıya, onsuz da seçilən seçilibdir deyə ifadələr işlədilmişdir. (Bu ifadələr mənim üzümə qarşı da işlədilmişdir)
Hörmətli cənab Prezident!
Bütün bunlara rəğmən mən yenə də öz yolumdan çəkilməmiş, imza toplama kompaniyamı uğurla davam etdirmiş, qapıları bir- bir döyərək, insanların özləri ilə ünsiyətə girmiş, onları dinləmiş və nə üçün seçkilərə qatılmağım ilə bağlı hər bir şəxsə xüsusi olaraq məlumat verilmişdir. Həmin şəxslərdən imza aldıqdan sonra isə şəxslərin razılıqları əsasında, topladığım imzalar saxta elan edilməsin deyə, o şəxslərin şəxsiyyət vəsiqələrinin özləri ilə bərabər foto şəkillərini çəkərək götürmüş və 93 saylı Bərdə şəhər Seçki Dairəsinə 550 imzanın hər birinin fotoları təqdim edilmişdir.
Hörmətli cənab Prezident!
Namizədliyim qeydə alındıqdan sonra isə yenə də ardıcıl olaraq geri çəkilməyim ilə bağlı şəxsimə və ailəmə qarşı təzyiqlər olunmuş, bütün bunlara baxmayaraq isə mən yenə də ölkə konstitusiyasının mənə vermiş olduqları hüquqlar əsasında öz fəaliyyətimi davam etdirmişəm. (Hətta bu zaman atam Baxşəliyev Əli Əbülfət oğlunun ərizəsi alınmış, ancaq atamın mənə kömək edə biləcəyini yəqin etdikdən sonra təkrar onu öz iş yerinə geri qaytarmışdılar. Qeyd edim ki atam pensiya yaşına iki il bundan öncə çatmışdır və atamı şəxsən onların özləri yaxşı işlədiyi üçün həmin iş yerində iki il ardıcıl olaraq işləməsinə razılıq vermişdilər)
Təbliğat təşviqat prosesinə başladığım zaman isə məntəqə ərazisinə düşən lövhələrə yerləşdirdiyim şəkillər bilərəkdən cırılmağa başlanmış, kənd icra nümayəndələrinə və yerli bələdiyyələrə keçirəcəyim görüşlərin bilərəkdən dağıdılması ilə bağlı göstərişlər verilmişdir. (Bütün bu məlumatlar isə yerlərdə apardığım müşahidələr və kənd ərazisində görüşlər keçirdiyim zaman bir çox insanlar tərəfindən mənə bildirilmişdir) Və bu göstərişlərin dayandırılması üçün mən həm 93 saylı Bərdə şəhər Seçki Dairəsinə, həm də MSK –nın qaynar xəttinə müraciət etmişəm. (Qeyd edim ki, görüşlərimin dağıdılması üçün günahı olmayan sahə müvəkkili də məcburən əhalinin razılığı əsasında görüş keçirdiyim əraziyə yaxınlaşaraq mənim keçirdiyim görüşü dağıtmağım üçün məndən xahiş etmişdir.)
Ancaq buna baxmayaraq yenə də mənim plakatlarım məntəqə ərazisində yerləşdirilən lövhələrdən bilərəkdən cırılır, şəhər ərazisinə yerləşən dükanlara seçki qanunvericiliyinin mənə vermiş olduğu hüquqi müqavilə əsasında yerləşdirdiyim plakatlar isə Bərdə şəhər bələdiyyəsinin tapşırığı əsasında yığışdırılmağa çalışılıbdır. Tezliklə bu prosesdən də xəbərdar olan kimi dərhal 93 saylı Bərdə şəhər Seçki Dairəsini xəbərdar etmiş və oranın inspektoru Dilsuz müəllim ilə (Sahibkarlar ilə görüş zamanı Dilsuz müəllim mənim yaxın dostum kimi təqdim olunmuşdu) həmin dükan sahiblərinə yaxınlaşaraq bu qanunsuzluğun da qarşısı mənim ciddi səylərim nəticəsində dayandırıla bilinmişdir.
Hörmətli cənab Prezident!
Bu proseslər azmış kimi bu gün də şəxsim ilə bağlı şəhərdə, xüsusən də kənd ərazilərində yalan şayələr yayılaraq, əhaliyə mənimlə bağlı səhf informasiyalar çatdırılmaqdadır. Guya mən hər hansı bir dini sektaya (vəhabi) məxsus bir şəxsəm. Guya mənim təhsilim, biliyim yoxdur. Guya mən Bərdə ərazisinin harada yerləşdiyini də bilmirəm. Guya mən digər namizədin övladıyam və s. (Qeyd edim ki, bizim digər namizəd ilə soyadlarımız oxşardır) Bütün bunlara cavab olaraq isə məcburən mən yenə də həmin görüş keçirdiyim kəndlərə gedərək, əhaliyə, mənə çalışdığım idarə müəssisələrdən verilmiş xassiyətnamələri təqdim etməklə xəbərdar edirəm.
Hörmətli cənab Prezident
Bu gün şəhər ərazisində, o informasiyalar da dolaşmaqdadır ki, seçkilər artıq çoxdan sonlanıbdır və mən bu prosesdən məğlub ayrılacağam. Bütün bunları isbat etmək üçün əlimdə kifayət qədər materiallar da mövcuddur. Sizdən ricam bu ki, rayonumuzda baş verən bu kimi xoşagəlməz hallara öz münasibətiniz bildirəsiniz.
Hörmətlə Ərəstun Əli oğlu Baxşəliyev
Avrasiya.net





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net