Rizvan Vahabov Rəsul Quliyevi niyə Azərbaycana gətirmək istəyirdi?
Tarix: 7-07-2015, 12:39 | Çap et
Rizvan Vahabov Rəsul Quliyevi niyə Azərbaycana gətirmək istəyirdi?
Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü, iş adamı Rizvan Vahabovun törətdiyi özbaşınalıqlar bitib-tükənmək bilmir. Məlum olduğu kimi, keçmiş məmurla bir qrup vətəndaş arasında uzun müddətdir ki, məhkəmə çəkişməsi davam edir. Buna səbəb iş adamının həmin şəxslərin mülkiyyət hüququnu pozmasıdır. Belə ki, Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar.

Rizvan Vahabov isə qayınanası Anna Qoloveşkina vasitəsilə vətəndaşların qanunauyğun şəkildə əldə etdikləri əmlakları onlardan almağa çalışıb. Vətəndaşlar həmin əmlakları qanuni şəkildə əldə etmələrini təsdiqləyən çıxarışları aidiyyəti qurumlara təqdim etsə də, xeyri olmayıb. Adıçəkilən biznesmen müəyyən əlaqələrini işə salmaqla vətəndaşların hüquqlarını tapdalayıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı məlum olub ki. R.Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. 4 il davam edən məhkəmə çəkişmələrindən sonra iş növbəti dəfə Ali Məhkəməyə göndərilib. Məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Şikayətçilər bildirirlər ki, sabiq məmur bu dəfə də məhkəmə orqanlarına təzyiq və təsir göstərərək qərarı öz xeyrinə çevirməyə çalışır. Xatırladaq ki, hüquqları pozulan vətəndaşlar bir neçə gün əvvəl prezident İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Milli Məclisin sədri Oqtay Əsədova, baş prokuror Zakir Qaralova, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, ombudsman Elmira Süleymanovaya müraciət edərək kömək istəyiblər: "Bizi məhkəməyə dəvət etdilər ki, bura mübahisəlidir və qeyri-qanuni olaraq bizim sahələrə həbs qoyaraq əmlakımızdan məhrum etdilər. Ancaq bura aidiyyəti olmayan başqa bir adama fəaliyyət göstərməyə icazə veriblər. Araşdırma vaxtı məlum olub ki, iddianı Qoloveşkina Anna adlı bir qadın qaldırıb və bütün bunların arxasında pullarının sayı bilinməyən keçmiş məmur Rizvan Vahabov durur. Araşdırmalar vaxtı məlum olur ki, həmin sabiq məmurun külli miqdarda pulu, obyektləri, çoxlu evləri var. Daha sonra keçmiş məmurun təsiri ilə müqavilələri araşdırmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərirlər. Qeyd etmək istəyirik ki, bizə məxsus əmlakların hamısının Dövlət Reyestr İdarəsindən çıxarışı var. Ancaq onlara məxsus heç bir sənəd yoxdur. Araşdırma zamanı məlum olmuşdur ki, A.Qoloveşkinanın adına olan müqavilələr, həmçinin kassa mədaxil orderləri saxtadır. Bu qadın tərəfindən "Volbak" MMC-yə bir qəpik belə pul ödənilməyib. Respublikamızın belə inkişaf etdiyi bir vaxtda bizim məhkəmə-hüquq sisteminin fəaliyyətinə utanmazcasına müdaxilə edərək Azərbaycan vətəndaşlarına şər atıb dövlət tərəfindən verilmiş çıxarışlar ola-ola bu çıxarışları ləğv elətdirmək istəyən və hansı ki, bəzi hakimlərin qeyri-ciddi mövqeyindən istifadə edərək bunlara nail olmaq istəyənlərə yardım edilir. Bütün bu işləri keçmiş dövlət məmuru olmuş Rizvan Vahabov məhkəmələrə təsir etməklə hər yerdə deyir ki, "Ali Məhkəmə mənim üçün heç bir şeydir" və bunu da onunla əsaslandırır ki, əvvəlki məhkəməni də onun təsiri ilə bizim əleyhimizə çıxarıblar. Rizvan Vahabov keçmiş əlaqələrinə və külli miqdarda olan pullarına arxalanaraq deyir ki, siz heç bir məhkəməni uda bilməzsiniz. O ailəmizi ac qoyacağını deyərək bizi hədələyir. Amma bizlər konstitusiyanın 29-cu maddəsinə-mülkiyyət hüququmuza əsaslanıb prezidentimizə arxayınıq". Qeyd edək ki, bu məsələ böyüdükcə keçmiş idarə rəisinin barəsində bir-birindən maraqlı faktlar üzə çıxır. Ən maraqlı məqamlardan biri də Rizvan Vahabovun 2010-cu ildə keçirilən parlament seçkilərində iştirakı ilə bağlıdır. Deputatlığa namizədliyi öz təşəbbüsü ilə 110 saylı Zaqatala seçki dairəsindən irəli sürmüş R.Vahabovun namizədliyi qeydə alınmayıb. Bundan sonra Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydiyyatından qanunsuz imtina edilməsini bildirib və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş edib. Araşdırma nəticəsində müəyyən edilib ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmaması barədə düzgün nəticəyə gəlib. Belə ki, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş rəy və protokoldan görünür ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 500 seçici imzasından 130-u etibarsız hesab edilmiş, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğundan onun qeydə alınması üçün kifayət etməmişdir. İşçi qrupunun üzə çıxardığı ən maraqlı məqam isə namizədin qeydə alınması üçün imza vərəqələri ilə birlikdə gəlirlərinin miqdarı və mənbəyi haqda, əmlak barəsində məlumatlar və ilkin maliyyə hesabatının təqdim edilməməsi olub. MSK-nın sorğusuna əsasən daşınmaz əmlakın dövlət reyestrinin bazasında sabiq məmurun mülkiyyətində Bakı şəhərində mənzilin və Sahil qəsəbəsində torpaq sahəsinin qeydiyyata alınması müəyyən edilib. O dövrdə bu məqamlara istinad edən MSK iş adamının namizədliyini qeydə almayıb. Göründüyü kimi, keçmiş komitə sədri həm vətəndaşlara qarşı münasibətdə, həm də parlament seçkiləri zamanı mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozub. Yuxarıda adları göstərilən insanları narahat edən məsələ Rizvan Vahabovun Ali Məhkəməyə təsir göstərə biləcəyi ilə bağlıdır. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, iş adamı məhkəmə orqanlarındakı dostlarına arxayındır və bu səbəbdən vətəndaşların Ali Məhkəməyə müraciətinə bir o qədər də əhəmiyyət vermir. O bununla məhkəmə hakimiyyətinin müstəqilliyini şübhə altına almış olur. Ola bilsin ki, hakimlər arasında bəziləri öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir, nəyəsə aldanıb qanunları görməzdən gəlir, amma bunu onların hamısına şamil etmək düzgün olmazdı. Çünki hakimlərin yetərli hissəsi sırf qanunların tələbini yerinə yetirir və haqlı tərəfin haqqını haqsıza qurban vermir. Buna görə də biz inanırıq ki, indiyə kimi məhkəməyə təsir vasitəsilə adları sadalanan şəxslərin mülkiyyət hüququnu pozmuş iş adamı ən yaxın vaxtlarda layiq olduğu cəzanı alacaq və onun qayınanasının adına sənədləşdirdiyi əmlakı müsadirə ediləcək. Bu arada, bir məqama da diqqət yetirmək istəyirik. Nəzərinizə çatdıraq ki, Rizvan Vahabov həm də eks-spiker Rəsul Quliyevə qarşı müsbət münasibəti ilə tanınır. Hətta o bir neçə il öncə Rəsul Quliyevin Azərbaycana qayıtmasından ötrü xüsusi canfəşanlıq nümayiş etdirib və bunun üçün külli miqdarda pul xərcləyib. Lakin biznesmenin bu planı baş tutmayıb. Maraqlıdır, görəsən Rizvan müəllim Rəsul Quliyevi Azərbaycana gətirməklə nəyə nail olmaq istəyirdi? Axı YAP-da təmsil olunan şəxs birdən-birə niyə belə fikrə düşsün ki? Deməli, belə çıxır ki, bu adamın Yeni Azərbaycan Partiyasında yer alması bəlkə də görüntü xətrinədir. Hər halda, iş adamının Rəsul Quliyevə rəğbət bəsləməsi, onu yenidən iqtidarda görmək xəyalları ilə yaşaması bunu deməyə əsas verir. İndi siz deyin, əziz oxucular, bu qədər fəsad törətmiş, insanların haqqını tapdalayan, Ermənistana yanacaq satmaqda ittiham olunan birisinin azadlıqda gəzməsi, ən əsası YAP-da yer alması nə dərəcədə doğrudur? Hesab edirik ki, sabiq məmurun həm yanacaq komitəsindəki, həm də neft kəmərləri idarəsindəki fəaliyyəti dərindən təftiş edilməli, qayınanasının adına rəsmiləşdirdiyi mülkləri hansı pullarla əldə etməsi və müxalifət nümayəndələri ilə əlaqələri araşdırılmalıdır. Gələn saylarımızda "Azərros" MTK-nın mərhum sədri Əflatun Piriyevin ölümü və Rizvan Vahabovun qarşıdan gələn parlament seçkiləri ilə bağlı planlarından bəhs edəcəyik. Bizi izləyin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net