Müəllimlər İnstitutunun Qazax filialı da bağlanmalıdır
Tarix: 20-05-2015, 14:03 | Çap et
Müəllimlər İnstitutunun Qazax filialı da bağlanmalıdır
Artıq xəbər verildiyi kimi Prezident yanında Təhsil üzrə Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq edilib. Yayımlanan məlumatlara görə özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6,1 faiz artırılaraq 6549 yer planlaşdırılıb. Bu arada isə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına bu il qəbul aparılmayacaq.Bu xüsusda aldığımız məlumatda AMİ-nin Qazax filialının bir qrup tələbəsi iddia edir ki, bu təhsil ocağının maddi texniki bazası yetərli deyil və tədris prosesi olduqca aşağı səviyyədə aparılır. Digər tərəfdən isə çıxılmaz vəziyyətə düşən tələbələr güman edirlər ki, onlar neqativ hallarla bağlı ali məktəbin rəhbərliyinə şikayət etsələr, problemin həll olunması əvəzinə, onları cəzalandıracaqlar. Bu barədə məlumatda deyilir: “Bizim filialda testdən kənar qəbul, saxta köçürmələr və saxta diplomların verilməsi faktları dəfələrlə aşkar olunub. Lakin biz özbaşınalıqlarla bağlı filialın direktoru Afaq Qasımovadan şikayət edə bilmirik. Hesab edirik ki, şikayət etsək, narazılığı yaradan şəxsləri deyil, şikayətçiləri - yəni bizi cəzalandıracaqlar. Şikayətlər və neqativ hallar dəfələrlə aşkar olunub. Lakin mövcud problemlər həll olunmamış qalmaqdadır...” Məlum olduğu kimi Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına rəhbərlik artıq 3 ildən artıq müddətdir ki, Afaq Qasımovaya tapşırılıb. Afaq xanımın bu vəzifəyə təyinatı filialın keçmiş direktoru tərəfindən çoxsaylı korrupsiya hallarına yol verilməsi və məhz bu səbəbdən həbsə düşməsindən sonra baş tutsa da, bu hadisələrin yeni direktor üçün bir ibrət olduğunu söyləmək qətiyyən mümkün deyil. Belə ki, son iki ildə Qazaxdan aldığımız məktublarda filialda yer almış neqativ hallar, direktor Afaq Qasımovanın işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapmaqdadır. Xüsusilə diqqəti cəlb edən qanun pozuntularından biri kimi rəhbərlik tərəfindən bu tədris müəssisəsinə saxta tələbə qəbulunun həyata keçirilməsi göstəilir. Belə ki, ümumi qəbul zamanı ali məktəblərə daxil ola bilməyən tələbələrdən bəziləri Afaq xanımın köməyi ilə guya ki, Rusiya Federasiyasının və yaxud da Gürcüstan Respublikasının müxtəlif universitetlərinə qəbul olunurlar. Lakin, bütün vaxtı Azərbaycandan kənara çıxmayan tələbələr 1-2 ildən sonra birbaşa AMİ-nin Qazax filialına, II-III kurslara keçirilirlər. Məlumatlarda həmçinin Afaq Qasımovanın digər qanunsuz əməllərlə də məşğul olduğu, tələbələrin təqaüdünü mənimsədiyi, institutda işləməyən şəxslərin adlarına əməkhaqqı yazıb əlavə qazanc əldə etdiyi barədə iddialar da yer almışlar. Bir müddət əvvəl isə Qazax filialında təhsil alan tələbələrdən bir tərəfindən direktorun ünvanına kəskin iradlar bildirilmişdi: “Bu institutda anormallıq bas alib gedir. İmtahan vaxtı tələbələrin fəryadı göyə qalxır. İmtahan biletində olan beş sualın beşini də cavablandırmış tələbəni də “kəsirlər” ki, Afaq xanım qiymət yazmağa icazə vermir, yoxsa bizə (müəllimlərə) tohmət veriləcək. Hər imtahana görə 50 manatdan 1 qəpik də yenmirlər, açıq bazardı. Hətta müəllim tələbəyə obyektiv qiymət yazsa da, dekanlıq imkan verməyəcək. Hər sessiya öncəsi pul vermək istəməyən tələbələrə öz dilləri ilə deyirlər ki, imtahanda “sürünəcəksiniz”...” Görünür bütün bu haqlı iradlar nəhayət ki, Təhsil Nazirliyi tərəfindən eşidilib. Belə ki, 2015-2016-cı tədris ili üçün AMİ-nin Qazax filialına tələbə qəbulunun dayandırılması böyük ehtimalla, bu ali təhsil müəssisəsinin bağlanması üçün hazırlıq tədbiri kimi qəbul edilməlidir.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-07-2020 11:56
 
 
 
 
15-07-2020 03:16
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net