Rəşad Mahmudov: “Bu layihələr vətəndaşların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlıdır”
Tarix: 17-06-2020, 14:24 | Çap et
Rəşad Mahmudov: “Bu layihələr vətəndaşların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlıdır”
“Bu gün dünyanın belə ağır durumunda, xüsusilə ən qiymətli dəyər olan insan həyatına qəflətən və amansızcasına hücum edən naməlum düşmənin - koronavirus pandemiyasının sürətlə yayıldığı, ölkəmizi qismən bürüdüyü bir zamanda qəhrəman səhiyyə işçilərinin vəzifə borcları ilə yanaşı, vicdanlı və məsuliyyətli əməyi göz qabağındadır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

O bildirib ki, bütün hallarda ölkə ərazisində müşahidə edilən bu vəziyyət reallıqdır və burada təcrübə mühüm rol oynayır:

“Səhiyyə sistemi təkcə həkimlərdən ibarət deyil. Həkimlər bu sistemin çox cüzi faizini təşkil edirlər. Burada minlərlə personal çalışır - tibb işçiləri, yuxarı və orta menecment, texniki personallar, əczaçılar, təchizatçılar... Səmimi deyirəm ki, bu gün əsas yük, güc və enerji də onların üzərinə düşür. Həkim-xəstə, həkim-personal, personal-menecment münasibətləri, xarici və daxili əlaqələr, tənzimləmələr - bütün bunlar nəhəng səhiyyə sisteminin normal işləməsi üçün lazım olan ən mühüm idarəetmə prosesləridir. Belə ağır durumda bu işlərin öhdəsindən bacarıqla gəlmək sözün əsl mənasında qəhrəmanlıqdır. Çöldən hər şey asan görünə bilər, amma mənə inanın ki, bu, görünən kimi deyil”.

R.Mahmudov bütövlükdə tibb və səhiyyə işçilərimizin öz işlərinə vicdanla yanaşmasını, məsuliyyətlərini və öhdəliklərini daha mükəmməl şəkildə icra etdiklərini vurğulayıb:

“Son illər dövlətimizin səhiyyə, bu sahədə çalışan əməkdaşlar üçün gördüyü tədbirlərə nəzər salaq. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən tədbirlərdə bu dəyərləndirmələr dəfələrlə səslənib. Səhiyyəmizdə aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib.

Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi müasir avadanlıqlarla təmin edilib. Bu sahədə inkişaf istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlət başçısı daim nəzarətdə saxlayır. Bu layihələr vətəndaşımızın ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir”.

Yeni növ koronavirusun (COVID-19) yaratdığı kəskin dalğalanmalarla bağlı mövzuya münasibət bildirən millət vəkili onu da əlavə edib ki, pandemiya ölkəmizin iqtisadiyyatına da təsir edib:

“Pandemiyanın bütün sahələrə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncam və göstərişləri, habelə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqət və qayğısı ilə bütün səhiyyə sisteminin səfərbər olması bu bəladan bizim çox az zərərlə çıxacağımıza böyük inam yaradır. Koronavirus pandemiyası başlayandan bu günə qədər dövlətimiz çox böyük tədbirlər həyata keçirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə bu yaxınlarda Bakıda, Sumqayıtda və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirilən qiymətli fikirlər biz həkimləri də səfərbər edərək daha məsuliyyətli olmağa, eyni zamanda pandemiyaya qarşı mübarizədə qayda və qanunlara əməl etməyə çağırır.

Bu gün bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, səhiyyə işçilərimizin fədakarlığı hesabınadır. Bizdə yoluxanların sayı da o biri ölkələrə nisbətən çox azdır, çünki bizdəki yanaşma əvvəldən ən düzgün, humanist yanaşma oldu. Buna görə də vətəndaşlarımıza bir daha müraciət etmək istəyirəm ki, pandemiyaya qarşı mübarizədə qayda və qanunlara əməl etsinlər, sağlamlıqlarını qorusunlar. Hər kəsi məsuliyyətli, nizam-intizamlı olmağa dəvət edirəm”.

Qeyd edək ki, iyunun 17-də Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı qeyd olunur. Ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, həmin gün ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramıdır. Bu sərəncam Azərbaycanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq imzalanıb.

Könül Cəfərli




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net