Müşfiqabad bələdiyyəsinin sədri öz ərazisindən imtina etdi
Tarix: 6-01-2016, 11:28 | Çap et
Müşfiqabad bələdiyyəsinin sədri öz ərazisindən imtina etdi
“Müşfiqabad bələdiyyəsinin fəaliyyətsizliyi problemlərə yol açıb” sərlövhəli tənqidi yazıda, qəsəbənin “28 may” adlanan ərazisində yerli sakinlərin üzləşdikləri çoxsaylı problemlərdən bəhs olunmuşdu. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz digər materiallarda da biz qeyd etmişik ki, mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini həyata keçirmək üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. Eyni zamanda da bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksər bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız pul yığımları və torpaq alqı-satqısı prosesində müşahidə olunur. O cümlədən, bizimdovr.az-a bu yaxınlarda daxil olmuş məlumatda Müşfiqabad qəsəbə sakinlərinin yerli bələdiyyənin yarıtmaz fəaliyyətindən doğan narazılıqları öz əksini tapmışdır. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, artıq bu inzibati ərazi vahidinin sahəsi o qədər böyümüşdür ki, Müşfiqabad qəsəbə bələdiyyəsi daha öz vəzifələrinin öhdəsindən gələ bilmir. Həmçinin qəsəbənin “28 may” adlanan ərazisində yaşayan sakinlərin redaksiyamıza təqdim etdikləri açıqlamalarda bu ərazidə sosial-məişət problemlərinin həddindən artıq çox olduğu bildirilir. Qeyd olunur ki, Müşfiqabad bələdiyyəsinin sədri Vüqar Əliyevi bu ərazidə nə görən, nə də tanıyan olmasa da, burada hər kəs bələdiyyənin Xaliq adlı əməkdaşını kifayət qədər yaxşı tanıyır. Həm də bu bələdiyyə nümayəndəsinin ərazidə yol verdiyi özbaşınalıqlar demək olar ki, sakinlərin ciddi etirazlarına səbəb olan əsas amil kimi təqdim olunur. Bu barədə aldığımız açıqlamada deyilir ki, zibilin daşınması üçün hər ay evlərdən 3 manat pul yığılır. Amma küçədə zibil yeşikləri yoxdur. Əvəzində isə, evlərə politilen paketlər paylayıblar ki, sakinlər zibili onlara yığıb küçəyə qoysunlar və zibil daşıyan maşın da gəlib aparsın. Amma sahibsiz heyvanlar bu paketləri yırtıb məişət tullantılarını ətrafa səpələyirlər. Bu da natəmizlik, anitisanitariya şəraiti yaradır. Digər tərəfdən isə, massivin su və kanalizasiya xətləri burada ilkin olaraq məskunlaşan sakinlərin şəxsi vəsaitləri hesabına çəkilsə də, bu gün Xalid, bələdiyyə adına həmin xətlərdən istifadə hüququnu yeni tikilən evlərin sakinlərinə 200 manata satır. Sözügedən yazının sonluğunda biz belə bir ehtimal irəli sürmüşdük ki, bütün bu deyilənlər Müşfiqabad bələdiyyəsinin sədri Vüqar Əliyevin və Qaradağ Rayon İcra Hakimiyyəti rəhbərliyinin diqqətini problemə cəlb etmək üçün yetərli olacaq. Amma Qaradağ RİH-nin rəhbərliyindən hələlik məsələyə ümumiyyətlə heç bir reaksiya verilməyib. Vüqar Əliyev isə əməkdaşımızla olan telefon danışığı zamanı bildirib ki, “28 may” adlanan ərazi əslində guya ki, Binəqədi rayonuna aiddir. Çox maraqlıdır, əgər bu həqiqətən də belədirsə, o zaman nəyə görə ərazidə pul yığımlarını və torpaq satışını Müşfiqabad bələdiyyəsinin əməkdaşları həyata keçirirlər? Digər tərəfdən isə, bizim apardığımız dəqiqləşdirməyə görə, sözügedən ərazi məhz Qaradağ rayonuna aiddir və Müşfiqabad bələdiyyəsinin tabeliyindədir. Belə çıxır ki, Vüqar Əliyevin işçiləri öz ərazilərinin bir hissəsini bələdiyyə sədrindən “gizlədiblər”...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net