Oqtay Şirəliyev bu tibb ocağından mütləq ki xəbərsizdir...
Tarix: 7-12-2015, 11:48 | Çap et
Oqtay Şirəliyev bu tibb ocağından mütləq ki xəbərsizdir...
Tibb müəssisəsində yaranmış durumun dözülməzliyindən şikayətlənən xəstələr, poliklinikanın rəhbərliyini saxta arayışların verilməsində ittiham edirlər. Bu barədə məlumatlarda deyilir ki, 36 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Artıq ötən materiallarda da qeyd etdiyimiz kimi, bizimdovr.az-a təqdim edilən açıqlamalarda vurğulanır ki, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, istənilən arayışı dərhal almaq olur. Həmçinin iddialara görə, müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına da nail olmaq mümkündür. Digər tərəfdən isə, pasientlər vurğulayırlar ki, pul ödəmədikdə bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüz olur. Aldığımız digər bir məlumatda isə Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə “xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir. Etiraf olunmalıdır ki, bu gün bir çox dövlət tibb müəssisələrində hökm sürən özbaşınalıqlar vətəndaşların haqlı narazılıqlarına əsas verir. Dövlət tərəfindən məhz bu sahənin inkişafına, əhalinin pulsuz səhiyyə xidmətləri ilə təminatına diqqət getdikcə artsa da, bu sahədə olan nöqsanlar hələ də azalmaq bilmir. Bir çox dövlət tibb müəssisələrində yol verilən rüşvətxorluq və digər korrupsiya halları xüsusilə kasıb təbəqənin maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkə rəhbərliyinin bu sahədə yürütdüyü siyasətin də tamamilə ziddinədir. O cümlədən, bizimdovr.az-a saxil olan açıqlamalarda da vurğulanır ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlər pulsuz olunmalı olduğu halda, istisnasız olaraq bütün xəstələr 36 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul ödəməkdən imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. İddialara görə istisnasız olaraq bütün xəstələr poliklinikaya girdikləri andan çıxanadək burada xeyli pul xərcləməli olurlar. Bütün həkim və laborator müayinələri, istənilən tibbi prosedurlar və hətta ən ucuz tibbi ləvazimatlar üçün belə xəstələrdən pul tələb edilir. Həmçinin məlumatlarda bildirilir ki, 36 saylı şəhər poliklinikasının və şəxsən baş həkim Ramidə İbrahimovanın fəaliyyətində müşahidə olunan neqativ hallar barədə müxtəlif instansiyalara dəfələrlə müraciətlər olunsa da, indiyədək bu özbaşınalıqlara son qoyulması istiqamətində heç bir tədbir görülməmişdir. Təbii ki, bu kimi halların üzə çıxarılması və yer almış rüşvətxorluq əməlinin sübuta yetirilməsi elə də asan prosedur deyil. Bununla belə, yerli sakinlərin poliklinikada göstərilən xidmətlərdən narazı qaldıqları halda, bu tibb müəssisəsinin fəaliyyəti müvafiq instansiyalar tərəfindən bütün ciddiliyi ilə araşdırılmalıdır.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net